reklam
Regionxeberlericom.az » Cəmiyyət » Vətən müharibəsində ayaqlarını itirmiş 21 yaşlı tankçının hekayəsi

reklam

Vətən müharibəsində ayaqlarını itirmiş 21 yaşlı tankçının hekayəsi


Tarixi Qələbəmizlə başa çatmış Vətən müharibəsinin qəhrəmanlarından biri də 21 yaşlı tankçı Taleh Musa oğlu Camalovdur.

Taleh Camalov 28 sentyabr 1999-cu ildə Salyan rayonunun Xalac kəndində sadə bir ailədə anadan olub. Atası Musa kişi ailənin 3 övladını çətinliklə boya-başa çatdırıb. Anası Lalə xanım evdar qadındır.Taleh evin ortancıl övladıdır. O, uşaq vaxtından idmanın cüdo və karate növlərinə böyük həvəs göstərib. Məşqlərə gedib. Hətta bir neçə dəfə rayonlararası yarışlarda fəxri yer də tutub.

Taleh 2017-ci ildə orta məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanıb. Hərbi xidmətini Ermənistanla həmsərhəd olan Tovuz rayonunda keçirib. AQS silahının atıcısı kimi ixtisaslaşıb. O, 2019-cu ildə hərbi xidmətini baş vurub evə qayıtsa da, Vətənin müdafiəsinə qayıtmaq həvəsi onu bir an belə tərk etməyib. Ona görə də öz arzusu ilə müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi Silahlı Qüvvələrin sıralarına qayıdıb. Taleh Camalov tank tuşlayıcısı kimi öz xidmətinin mahir qulluqçularından olub. Vətən müharibəsinə Fizulidən başlayan igid tankçı Horadiz , Qubadlı, Zəngilan, Hadrut və Xocavənd istiqamətində ən ağır döyüşlərdə iştirak edib.

3 nəfərlik heyətlə T-72 tankında tuşlayıcı olan Taleh deyir ki, onlar düşmənin bir neçə tankını və BMP-sini, postlarını, yük və UAZ markalı maşınlarını vuraraq məhv ediblər. Döyüşlərin birində tank komandiri yaralandığı üçün onun əvəzinə də 2 nəfərlik heyətlə tankı idarə edib, döyüş meydanından çıxmasına imkan verməyiblər. Onların tankı həmişə hücuma keçən quru qoşunlarımızın önündə irəliləyib. Hətta döyüşlərdə qənimət kimi düşmən tankları da götürüblər. Oktyabr ayının 27-də isə Xocavənd rayonu istiqamətində döyüş səngidiyi üçün heyətlə birlikdə tankdan enərək qısa müddətə süfrə açmaq, bir tikə nəsə yemək qərarına gəliblər. Bu zaman ətrafda tamam sakitlik hökm sürsə də marığa yatmış düşmən yemək yeyən əsgərlərə tərəf minamyotdan atəş açıb. Nəticədə qəlpələr süfrə arxasında olan 10-12 döyüşçünü ağır yaralayıb.

“Özümə gələndə sanki ağ paltarlı bir naməlum adamın başım üzərində hərlənib getdiyini duydum. Amma gözlərim görmürdü. Bir az da keçdi, gözlərim açıldı. Sinəmi dəlib keçən qəlpə kürəyimdən çıxdığı üçün sinəm od tutub yanırdı. Ayağa qalxmağa cəhd edəndə ayaqlarımın da od tutub yandığını, sümüklərimin ətdən çıxdığını gördüm. Tank komandiri, baş leytenant Azad Hümmətov sürünərək mənə tərəf gəldi. Dedim “Azad, ölürük deyəsən”. Azad mənə baxıb gülümsədi, “qorxma, ölməyəcəyik” dedi və üzünü yana çevirdi. Onun tərpənmədiyini görüb yanına keçdim, üzünə baxanda gözlərindən yaş gəldiyini gördüm. O, mənim vəziyyətimə ağlasa da, bir neçə dəqiqə hərəkətsiz qaldıqdan sonra nəfəsi kəsildi, şəhid oldu. Bu dəfə yanımıza ikinci bir mina düşdü. Qəlpə yarası almasam da, partlayış zərbəsinin gücündən bir neçə metr qalxıb kənara düşdüm. Nəticədə böyrəklərim də ağır zədə aldı. Artıq döyüşçü yoldaşlarımızın bir neçəsi şəhid olsa da, sanitar maşın yanımıza gəlib çıxa bilmirdi. Hətta düşmən buna cəhd edən maşınlardan birini vurdu. Bundan sonra düşmənin olduğu mövqe qoşunlarımız tərəfindən artilleriya atəşinə tutulduğu üçün bizi, yəni 4 şəhidi və məni əraziyə gəlib çata bilmiş sanitar maşınına mindirmək mümkün oldu… Məni əvvəlcə Hadrutdakı xəstəxanaya aparsalar da, ölüm ayağında olduğumu görüb təcili Fizuli hospitalına gətirdilər. Burada əməliyyat olunanda həkimlərdən xahiş etmişdim ki, evimizə, valideynlərimə yaralandığımı deməsinlər. Xəstə və ahıl adamlardılar. Onsuz da şəhid olanda biləcəklər… Həmin vaxt vəziyyətim kritik olduğu üçün məni gecə saat 4-də Bakıya hərbi hospitala gətiridilər. Mən bunu Bakıda əməliyyatdan sonra gözümü açanda bilmişəm. Aldığım qəlpə yaralarına görə bir ayağım amputasiya olunub, o biri ayağımın isə topuğu dağıldığı üçün çıxarılıb. Yerinə protez qoyulacaq. Bu gün həyatda ən böyük arzum isə odur ki, kaş həmkəndlim müddətdən artıq hərbi qulluqçu Səfa Qaraxanovun əvəzinə mən şəhid olaydım. Çünki onun 2 aylıq oğlu atasız qaldı. Mənsə subay idim… Səfa şəhid olduqdan sonra həmin 2 aylıq uşağn adını da dəyişib Səfa qoyublar. Bir də arzum odur ki, əgər müharibə bir də başlasa, mənim ayaqlarım döyüşə getmək üçün yerində olaydı. Bu Vətən bizimdir…”-deyir igid tankçı Taleh Camalov.

Talehin atası Musa kişi isə oğlu ilə fəxr etdiyini bildirir: “Balam Vətən yolunda, namus yolunda əziz canından olsa da mən onunla fəxr edirəm”.

Talehin özü sonda bildirdi ki, həkimlər ona müalicəsinin uzun, illərlə çəkəcəyini deyiblər: “Ona görə də valideynlərim Bakıda kirayə ev tutub qalırlar ki, yerləşdirildiyim Bakı Sağlamlıq Mərkəzinə gəlib mənə qulluq etsinlər. Ən böyük istəyim Bakı şəhərində valideynlərimə yaşayış yeri verilməsidir ki, kirayələrdə əziyyət çəkməsinlər”.

21 yaşlı igid tankçı Taleh Musa oğlu Camalov döyüşdə göstərdiyi şücaətə görə “Döyüşdə fərqlənməyə görə”, “Fizulinin azad olunmasına görə” və “Cəbrayılın alınmasına görə” medalları ilə təltif edilib. (virtualaz.org)








Paylaş:


Müəllif : Tarix:
9-01-2021, 20:15
Sikayət   


loading...
Загрузка...