reklam
Regionxeberlericom.az » Cəmiyyət » Məktəblər açılsın, ya yox: Odla su arasında - AKTUAL

reklam

Məktəblər açılsın, ya yox: Odla su arasında - AKTUAL


2020-ci ilin mart ayından təhsil müəssisələrimiz dərsləri onlayn formada davam etdirir. Sentyabr ayının 15-dən orta məktəblərdə qısamüddətlik hibrid formada - ənənəvi və onlayn olmaqla dərslər davam etdirilsə də, yoluxma sayında artım müşahidə edildiyindən, yenidən dərslərin yalnız onlayn mühitdə davam etdirilməsi məcburiyyəti yarandı.

Onlayn dərslərin isə keyfiyyətindən əksəriyyət narazıdır. Ələlxüsus da ibtidai sinif şagirdləri və onların valideynləri bu gedişatdan çox əziyyət çəkirlər. Elə müəllimlərin özləri də bir çox hallarda əziyyətlərinin çox, nəticənin isə ürəkaçan olmadığını etiraf edirlər. 18 dekabrdan sonra sərt karantin rejiminin yumşaldılması və bir çox ictimai-iaşə obyektlərinin açılması təhsil müəssisələrinin də açılacağına ümid yaradıb.

Təhsil Nazirliyindən verilən məlumata görə, 22 yanvarda nazir Emin Əmrullayevin iştirakı ilə brifinq keçiriləcək və yalnız ondan sonra biləcəyik ki, növbəti yarımildə təhsilin tədrisi hansı formada davam etdirləcək. Nəzərə alsaq ki, sərt karantin rejimindən sonra yoluxma və ölüm sayında azalma müşahidə olunur, eyni zamanda da 18 yanvardan vaksinasiya prosesi başlayıb, bu, ümid yaradır ki, müəyyən qaydalar və qorunma tədbirləri çərçivəsində təhsil müəssisələrində təhsilin tədrisi bərpa olunsun.

Bəs, görəsən, mütəxəssislər necə düşünür, təhsil müəssisələri açılmalıdır, yoxsa hələ tezdir? AYNA suala aydınlıq gətirməyə çalışıb.

Təhsil eksperti Elvin Bədirov düşünür ki, ən qısa zamanda məktəblərdə tədris bərpa edilməlidir: “Post-karantin dövrünə hazırlaşmaq və dəymiş zərərləri aradan qaldırmaq üçün ciddi əlavə tədbirlər planı hazırlanmalı və indiyə qədər elan edilməli idi. Təəssüf ki, buna da gecikmişik. Ən qısa zamanda məktəblərdə təhsil bərpa edilməlidir, təhsil ənənəvi və virtual olmaqla, paralel şəkildə aparılmalı və maksimum sürətli şəkildə təsir imkanları yaradılmalıdır”.

“Bu dönəm üçün, ehtiyac olarsa, müəllimlərin əməkhaqlarının fərqləndirilməsi şərtilə, iş yükünün çoxalması, hətta, könüllü təhsilli insanların əvəzi ödənilməsi şərtilə, təhsilə cəlb edilməsi layihəsini gerçəkləşdirmək olar. Yox, əgər məktəblərin bağlanması davam edərsə, yaxşı halda, sadəcə məktəblərin qapısını şagirdlərin üzünə açmaqla həll varinatını düşünürüksə, yanılırıq”, - həmsöhbətimiz deyib.

Ekspert əlavə edib ki, hazırkı mərhələdə məktəblərlə bağlı yanaşma xeyli qüsurlarla yadda qalıb və ölkə üzrə təhsilin məhdud imkanlarla effektiv işləkliyi təmin edilməyib: “Məktəbləri bəlli bir qısa müddət bağlı saxlamaq, paralel olaraq alternativ üsulları tətbiq etmək işə yaraya bilərdi, amma hazırda ölkə təhsilimiz 11 aydır ki məktəbsizdir və bu, iki fərqli tədris ilini əhatə edir. Təhsildə plansızlıq, fors-major hallara hazırlıqsızlıq özünü tam büruzə verdi, sözün həqiqi mənasında, təhsilimizdən məsul qurumlar sinifdə qaldı”.

“Düşünmürəm ki, məktəblər qısa müddət ərzində bərpa ediləcək. Ən yaxşı halda, yaxın 14 gün ərzində hazırlıq mərkəzləri və repetitor fəaliyyəti bərpa ediləcək, məktəblərlə bağlı qərar isə vaksinləmə və yoluxma göstəricilərinin dinamikasından asılı olaraq müəyyən ediləcək. Ciddi bir gözlənti içində deyiləm”, - Bədirov vurğulayıb.

“Təsəvvür edin, 2019-cu ildə birinci sinfə qədəm qoyan şagirdlərimiz məktəbsiz 3-cü sinfə daxil olacaq. Bəs, bunun fəsadlarını aradan qaldırmaq üçün hansı plan qəbul edilib? Hər zaman təhsilin boşluqlarını aradan qaldıran tədris mərkəzlərinin qadağan edilməsi isə ən yumşaq dillə desək, təhsilimizin nəfəsini kəsdi”, - deyə ekspert əlavə edib.

İnfeksionist Vüqar Cavadzadə isə o fikirdədir ki, məktəblərin açılmasından danışmaq hələ tezdir: “Vaksinasiya hələ təzə başlayıb. Bu prosesdə insanların əksəriyyəti peyvənd olunmağa cəlb edilməlidir. Yalnız bu halda, bir müddət sonra epidemioloji vəziyyətdən asılı olaraq məktəblərin açılıb-açılmaması barədə söz demək mümkündür”.

“İndiki halda vaksinasiya təzə başlayıb, məktəblərin açılması yoluxma sayının artmasına səbəb ola bilər. Yoluxma sayı da kəskin artacağı halda həmin şəxslər vaksindən kənarda qalacaq, bu da ümumi işin ziyanına təsir göstərmiş olacaq. Buna görə də indiki halda çalışmalıyıq ki, vaksinasiya olanların sayı çox olsun. Fikrimcə, indiki halda məktəblər açılsa, vaksinasiya olan insanların sayında azalma olacaq”, - mütəxəssis vurğulayıb.


Paylaş:


Müəllif : Tarix:
21-01-2021, 09:28
Sikayət   


loading...
Загрузка...