reklam
Regionxeberlericom.az » Cəmiyyət » İkinci Qarabağ döyüşçüsü kömək istəyir - “Müalicə olunmasam, ayaqlarım tutulacaq”

reklam

İkinci Qarabağ döyüşçüsü kömək istəyir - “Müalicə olunmasam, ayaqlarım tutulacaq”

Füzulinin Arayatlı kənd sakini, MAXE Şöhlət Möhübbət oğlu Musazadə İkinci Qarabağ müharibəsi zamanı yaralanıb. DİA.AZ-ın məlumatına görə, o, danışır ki, sentyabrın 27-də Füzuli istiqamətində gedən hərbi əməliyyatlarda iştirak edib. Oktyabrın 3-də həmin istiqamətdə gedən döyüşlər zamanı snayperlə vurulub:

“Güllə sağ döş qəfəsimdən girib arxa hissədən, onurğamdan çıxmışdı. Yaralanandan sonra uşaqlar güllə keçirməyən jileti əynimdən çıxardılar, çünki az qalırdı ki, nəfəsim kəsilsin. Ağciyərim deşilmişdi. Döyüş getdiyi üçün məni oradan çətinliklə çıxara bildilər. Gec də olsa, Füzuli Diaqnostika Mərkəzinə çatdırdılar. Orada ilk tibbi yardım göstərib, Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına apardılar. Bir gün orada qalandan sonra Bakıya gətirdilər”.

Şöhlət Musazadə oktyabrın 7-də 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Ayyarım xəstəxananın reanimasiya şöbəsində yatıb. Noyabrın sonlarına doğru Silahlı Qüvvələrin Baş Klinik Hospitalına köçürülüb.

Həkimlərin rəyinə görə, hazırda hospitalın ikinci korpusunda müalicə olunan yaralı hərbçinin vəziyyəti kafidir. Özü deyir ki, yataq xəstəsi olduğundan beldən aşağı nahiyəsində dərin yaralar açılıb: “Belimin yan hissəsi deşilmişdi, qabırğam çatlamışdı deyə, sağa-sola çevrilə bilmirdim. Ağır vəziyyətdə idim, ona görə də yara əmələ gəlmişdi. Bura köçürüləndən sonra yaranın çirkini aparatla təmizlədilər. Daha sonra yaranın yan hissələrini çalın-çarpaz kəsdilər, dərimi dartıb, yapışdırıb, tikdilər. Hazırda gözləyirik ki, həmin nahiyə sağalsın”.

Güllə Şöhlət Musazadənin onurğasını zədələdiyi üçün 26 yaşlı gənc yeriyə bilmir, ayaqları tutulub. Deyir ki, “MedEra Hospıtal”dan fizioterapevt Ramazan Nəsirli onu müayinə edib, bildirib ki, yerimək ehtimalı var. Belindəki yara sağalmadığı üçün müalicənin növbəti mərhələsinə keçmək olmur: “Ayaqlarımın açılmasına görə indiyə kimi heç bir müalicə aparılmayıb. Dedilər ki, belindəki yara sağalandan sonra ayaqlarına baxacağıq. Yaram sağalmasa, ayaqlarımı hərəkət etdirsələr, həmin yara yenidən açılacaq. Ramazan doktor ayaqlarıma baxdı, yoxladı, tərpəniş oldu. Dedi ki, sənə güclü fizioterapiya lazımdır ki, ayaqların açılsın. Əlavə etdi ki, gözləyək, yara sağalsın, sonra səni bizim xəstəxanaya aparaq”.

Keçmiş döyüşçünün yenidən yerimək şansı var. Lakin ailəsinin maddi imkanı yoxdur. Silahlı Qüvvələrin Baş Klinik Hospitalında yatan hərbçi yardım üçün Birinci vitse-prezident Mehriban Əliyevaya müraciət edib: “Hələ ki, cavab gəlməyib, gözləyirəm. “YAŞAT” Fonduna müraciət etmişdim. Dedilər ki, siyahıda adınız var, amma qeydiyyatdan keçmək lazımdır. Qeydiyyatdan keçmək üçün yatdığım xəstəxanadan kağız istədilər. Epikrizi də xəstəxanadan çıxandan sonra verirlər. Ümid edirəm ki, aidiyyəti şəxslər səhhətimlə maraqlanıb, yardım edəcəklər”.




Paylaş:


Müəllif : Tarix:
9-02-2021, 09:53
Sikayət   


loading...
Загрузка...