reklam
Regionxeberlericom.az » Cəmiyyət » Ana şəhid oğlunun tabutu önündə qurban kəsdirib: "Şəhadətin mübarək!" - VİDEO

reklam

Ana şəhid oğlunun tabutu önündə qurban kəsdirib: "Şəhadətin mübarək!" - VİDEO


Vətən müharibəsində qəhrəmanlıq göstərərək şanlı zəfər səlnaməmizdə qanları ilə tarix yazan, şəhadətləri ilə bayrağımızı ucalara yüksəldən igidlərdən biri də şəhid müddətdən artıq hərbi qulluqçu Mirzəhəsən Şahin oğlu Ağayevdir.

“Report”un Cənub mərkəzi əməkdaşları şəhidin Astaranın Səncərədi kəndindəki evinə baş çəkib, ailəsi ilə həmsöhbət olublar.

29 yaşlı şəhid Mirzəhəsən Ağayev doğulduğu kənddə orta məktəbi bitirəndən sonra ali təhsil alaraq müəllimlik ixtisasına yiyələnib. Hərbi xidmətini Ağdamın cəbhə xəttindəki mövqelərindən birində keçib. O, qumbaraatan bölüyünün baş atıçısı olub. Hərbi xidmətdən sonra bir müddət mülki işlərdə çalışan Mirzəhəsən Ağayev 2017-ci ildə müddətdən artıq hərbi xidmətə yazılıb.

Vətən müharibəsinin ilk günündən, Fizuli – Qubadlı istiqamətində, Suqovuşan, Hadrut və Ağbənd uğrunda gedən qanlı döyüşlərdə iştirak edib. Sonuncu dəfə ailəsi ilə oktyabrın 24-də danışıb.

Şəhidin atası Şahin Ağayev oğlunun döyüşlər zamanı göstərdiyi qəhrəmanlıqları Mirzəhəsənin hərbçi yoldaşlarından eşidib: "Bütün döyüş yoldaşları, birlikdə xidmət etdiyi hərbçilər gəlib bizə baş çəkdilər. Onun döyüşlər zamanı göstərdiyi igidliyi, qəhrəmanlıqları eşidəndə övladımla bir daha fəxr elədim. Mirzəhəsən çox mərd, qorxmaz və vətənpərvər oğul idi. Oktyabrın 24-də zəng elədi, danışdıq. İrəli gedəcylərini dedi. Həmin gecə gedənlərdən əksəriyyəti şəhid olublar. Mirzəhəsən də həmin gecə döyüşə gedəndən sonra qayıtmayıb. Sonradan öyrəndik ki, onlar pusquya düşüblər. Əsir düşməmək üçün son damla qanlarına qədər döyüşüblər.

Kəsirə ana danışmağa çətinlik çəkir. Deyir ki, əsgər yoldaşları onun necə bir döyüşçü olduğunu yaxşı bilir: "Necə ki, ailədə qayğıkeş idi cəbhədə də əsgər yoldaşlarının qayğısına elə qalıb. Hərbi bilikləri yaxşı mənimsədiyindən dəfələrlə yoldaşlarını çətin vəziyyətlərdən çıxarıb. Düşmənin bir neçə hərbi maşınlarını qənimət kimi götürüb. Sonuncu döyüşdən geri qayıtmayıb. Bir neçə müddət oğlumun sağ və ya şəhid olması ilə bağlı heç bir məlumat almadıq. Sonradan bildik ki, pusquya düşən zaman döyüş yoldaşları ilə birgə düşmənə qarşı son damla qanlarına qədər döyüşüblər. Həmin vaxt oğlumla birlikdə döyüşənlərin hamsı şəhid olub".

Kəsirə ana Vətən müharibəsinin tezliklə bitəcəyi və oğlunun sağ- salamat qayıdacağı günü səbrsizliklə gözləyib. Oğlunun gəlişinə boyun aldığı qurbanlığı isə şəhidin tabutu həyətlərinə girən zaman nəşinin önündə kəsdirib. Daha sonra ucada "Şəhədətin mübarək" ifadəsini bir neçə dəfə səsləndirib.

İgid oğullarımızın qürur hissi yaşadan qısa, lakin zəfər sonlu həyatlarını bu gün də, sabah da hər birimiz fəxarətlə yad edəcəyik. Əziz ruhları qarşısında baş əyəcəyik.

Allah rəhmət eləsin!



Paylaş:


Müəllif : Tarix:
10-02-2021, 14:19
Sikayət   


loading...
Загрузка...