reklam
Regionxeberlericom.az » Cəmiyyət » Əbülfəs Qarayev ölkədən niyə çıxmaq istəyib?

reklam

Əbülfəs Qarayev ölkədən niyə çıxmaq istəyib?



Rəhbərlik etdiyi nazirlikdə irimiqyaslı korrupsiya və digər qanunazidd əməllər aşkarlandığı üçün vəzifəsini itirən mədəniyyət naziri Əbülfəs Qarayev istintaq altındadır. Müavini həbs edilən sabiq nazir ötən müddət ərzində bir neçə dəfə istintaqın suallarını cavablandırıb.

Gununsesi.info-nun məlumatına görə, Əbülfəs Qarayev bugünlərdə Azərbaycanı tərk etmək istəyərkən sərhəddən qaytarılıb. Belə ki, Türkiyəyə getmək istəyən sabiq nazirə ölkədən çıxışına məhdudiyyət qoyulduğu deyilib. Məlumatda o da deyilir ki, Əbülfəs Qarayev ona qoyulmuş “stop”un götürülməsi üçün istintaq orqanına müraciət edib. O, Türkiyəyə həkim müayinəsinə getmək istədiyini və geri qayıtmaq niyyətinin olduğunu yazıb.

Tanınmış vəkil, Bakı İnsan Haqları Klubunun həmtəsisçisi Cavad Cavadov “Yeni Müsavat”a deyib ki, Azərbaycan Respublikasının Konstitusiyasına görə, Azərbaycan Respublikası vətəndaşının ölkədən sərbəst şəkildə getmək, ölkədən qayıtmaq hüququ var: “Şəxsin ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırıla bilər. Bunun da əsasları var. Şəxs təqsirləndirilən qismində cəlb olunmalıdır, barəsində qanuni qüvvəyə minmiş məhkəmə hökmü olmalıdır. Və ya məcburi tibbi tədbirlər olmalıdır. Bundan başqa, şəxsin barəsində hər hansı bir öhdəliklə bağlı məhkəmə qərarı varsa, icrası ilə bağlı icra orqanının təqdimatı ilə bağlı məhkəmə qərar verib ölkədən getmək hüququnu məhdudlaşdıra bilər”.

Tanınmış vəkil deyib ki, sabiq nazirin statusu bəlli deyil, buna görə də konkret fikir bildirmək də çətindir: “Əbülfəs Qarayev istintaqa şübhəli, təqsirləndirilən şəxs qismində cəlb olunmayıbsa, onun ölkədən getmək hüququ məhdudlaşdırıla bilməz. Bununla bağlı Avropa İnsan Haqları Məhkəməsinin (AHİM) qərarları var. 2018-ci ilin dekabrında Mürsəliyev və digərləri ilə bağlı AHİM qərarında qeyd edir ki, şahid statusunda olan şəxsin ölkədən getmək hüququ məhdudlaşdırıla bilməz. Belə bir hal varsa, Əbülfəs Qarayev müraciət edəcəyi təqdirdə, mübahisələndirə bilərik”.

Xatırladaq ki, 2020-ci il mayın 8-də Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Mədəniyyət Nazirliyində xüsusi əməliyyat keçirib.

Nəticədə nazir müavini Rafiq Bayramovla idarə rəisi Zakir Sultanov saxlanılıblar. Onların xidməti kabinetlərdə və yaşadıqları ünvanlara keçirilmiş baxış zamanı Mədəniyyət Nazirliyinin vəzifəli şəxslərinin qəbul etdikləri pul vəsaitlərinin məbləğlərinə dair müxtəlif qeydlər, ayrı-ayrı valyutalarda saxlanılan pul vəsaitləri, iş üzrə əhəmiyyət kəsb edən digər sənədlər və maddi sübutlar aşkar edilərək götürülüb. Rafiq Bayramov uzun illər Əbülfəs Qarayevin digər nazirlikdə köməkçisi olub. Sabiq nazirin Cinayət Məcəlləsinin 314-cü - səhlənkarlıq maddəsi ilə istintaqa cəlb oluna biləcəyi xəbəri həmin günlərdə vardı. Bu maddədə səhlənkarlıq - işə vicdansız yanaşma, laqeyd münasibət nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməsi fiziki və hüquq şəxslərin qanuni mənafelərinə və ya dövlətin və cəmiyyətin qanunla qorunan mənafelərinə xüsusilə ağır nəticələrə səbəb olduqda 5 ilə qədər həbs gözləyir.

Əməliyyatdan sonra Mədəniyyət Nazirliyində yoxlama aparılıb, Hesablama Palatası sabiq nazir Əbülfəs Qarayevin işlədiyi dövrü təftiş edir. Qeyd edək ki, bir il bundan öncə Hesablama Palatası nazirlikdə yoxlama aparıb. Əslində DTX-nın Mədəniyyət Nazirliyində aşkarladığı bəzi korrupsiya faktları Əbülfəs Qarayevin mədəniyyət sahəsinə ayrılan pulları necə taladağı haqda müəyyən təəssürat yaradırdı. Əməliyyatdan sonra Əbülfəs Qarayev açıq-aşkar müqavimət göstərir, kabinetini əldən vermək istəmirdi. Halbuki Mədəniyyət Nazirliyindəki böyük korrupsiya faktlarının videosübutları ortalıqda idi. Beləcə, Əbülfəs Qarayev “nəhsliyi” 13 gün davam etdi. Mayın 21-də Prezidentin sərəncamı ilə mədəniyyət naziri postundan uzaqlaşıdırıldı. Həmin gündən sonra Əbülfəs Qarayev 1 dəfə açıqlama verib, evində olduğunu bildirmişdi. Onun istintaqa təqsirləndirilən şəxs, şübhəli şəxs və ya şahid qismində cəlb olunduğu mediaya bəlli deyil. Əbülfəs Qarayev 26 il nazir postunu tutub, bu müddətdə Mədəniyyət Nazirliyinə ayrılan milyonlarla manat büdcə vəsaitinin mənimsənilməsi haqda iddialar var.


Paylaş:


Müəllif : Tarix:
18-02-2021, 09:52
Sikayət   


loading...
Загрузка...