reklam
Regionxeberlericom.az » Cəmiyyət » Bakıda dələduz işədüzəltmə şirkəti peyda olub - Milliön-də 40 AZN ödə, vakansiya sənindir

reklam

Bakıda dələduz işədüzəltmə şirkəti peyda olub - Milliön-də 40 AZN ödə, vakansiya sənindir



Bakı şəhəri , Xətai rayonu, Neapol küçəsi bina 46-48, mənzil 44-də yaşayan Əsgərova Vüsalə Babayar qızı redaksiyamıza müraciət edərək, işə düzəltmə adı ilə mütəşəkkil bir dəstə tərəfindən aldadıldığını bildirib. Şikayətçi qeyd edir ki, əvvəl sosial şəbəkələrdə iş vakansiyası ilə bağlı elana rast gəlib. Elanın məzmununa toxunmadan, olduğu kimi təqdim edirik:

“Qida məhsulları qablaşdırılması və paketlənməsi və etgetləşdirilməsi, mühafizə, sürücü, aşbaz -aşbazköməkcisi, eksbertzel, ambardar, fəhlə. Xanımlar və bəylər üçün iş saatı: 08:00 dan, 18:00 dək. Maaş: 800 azn. Həftənin 6 gün iş günü, bazar günü istirahət. Nahar verilir. Servis maşını var.

Ünvan: Bakı şəhəri.M.ELMLƏR, BİNƏ, XIRDALAN, SABUNÇU, SUMQAYIT.

Sizlərə asan olsun whatsapp 20:00 dək xəttimiz açıqdır .6 Aprel işimiz başlayır şirkət özüdür. ABİTOĞLU ŞİRKƏTİ”

Şikayətçi bildirir ki, bu elanı oxuduqdan sonra göstərilən telefonla əlaqə saxlayıb. Ona belə bir məzmunda sorğu göndərilib və xahiş olunub ki, həmin sorğudakı sualları cavablandırsın:

“Ad – ?
Soyad – ?
Ata adı – ?
Təhsil – ?
Təvəllüd – ?
Ailə vəziyyəti – ?
Ünvan ərazi olaraq – ?
Mobil əlaqə nömrəsi – ?
Ev telefonu – ?
E-poçt – ?
İş bacarıqları – ?
İş təcrübəsi müddəti -?
Səbr təmkin – ?
İdarəçilik qabiliyyəti -?
Şəxsiyyət vəsiqəsinin hər iki üzü və sürücülük vəsiqəsinin hər iki üzünü göndərin zəhmət olmasa.
Haralarda işləmisiniz və işdən çıxma səbəbi?
Bizdə olan vakansiyalardan hansında işləmək isdiyərdiz ? qeyd edin”.

Bir gündən sonra isə vətəndaşa belə bir cavab gəlib:

“Siz iş üçün müraciət etmisiniz. Müraciətinizə baxılıb, Seçilmisiniz təbrik edirik. Vəzifəniz, işinizin mahiyyəti və ərazi yaxınlığı qeydiyyat olunanda müzakirə olunacaq. Şirkət daxili tibbi müayinədən keçəcəksiniz və sizə “PORTAL” aktiv ediləcək və maska, əlcək sabunla bir aylıq təmin olacaqsınız. Müayinənin rüsumu 40 azn. Rüsumu MİLLİ ÖN odəmə terminalı vasitəsi ilə ödəyəcəksiniz. MİLLİ ÖN terminalının qarşısından zəng edin izahlı kömək olunacaq. Əmək kitabçası və sosial suğorta kartı varsa üzərinizdə götürün, yoxdursa adınıza yenisi açılacaq. Şəxsiyyət vəsiqənizi üzərinizdə götürün. Adınıza açılan “Kapitalbank” əməkhaqqı kartından, Tibbi suğortadan, Vergilər nazirliyindən, pensionnu fonddan və əməyin müqaviləsindən qeydiyyatınız tamamlanacaq. Hər hansısa bir səbəbdən işləmək istəmədiyiniz halda, ödədiyiniz 40 azn rüsum özünüzə geri qaytarılacaq.

Maaşınız bəylər 800, xanımlar üçün 700 azn, ayda bir dəfə, adınıza açılacaq “KapitalBank” kartı ilə. İş üçün forma və nahar veriləcək. Həftə içi 6 gün iş günü, bazar günləri istirahət. Bu gün saat 18:00-a dək bizimlə əlaqə saxlamadığınız halda qeydiniz silinəcək və Sizin yerinizə başqa bir nəfər çağrılacaq. Əlaqə: 0509902642 Elxan müəllim. WhatsApp-da suallar yazmayın. Nə sualınız olsa göstərilən nömrəyə zəng edin. Rüsumun qəbzinin şəklinin üstünə seçdiyiniz vakansyanın adını qələm vaisdəsi ilə yazın və şəklini çəkib qeydiyatdan seçdiyiniz whatsappa göndərin”.

Şikayətçi bildirir ki, 40 manat pulu ödəyəndən sonra göstərilən nömrələrlə əlaqə saxlaması mümkün olmayıb, çünki həmin nömrələrə zəng çatmır. “Artıq mən aldadıldığımı bilirəm. Bu səbəbdən də istəyirəm “Abitoğlu” adı ilə fəaliyyət göstərən bu şirkətin fəaliyyəti ifşa edilsin ki, başqa vətəndaşlarımız ziyan çəkməsin”.

Mehman Muradlı: “Faktla bağlı zərərçəkənlər mütləq polisə müraciət etməlidir”
Yaranmış vəziyyətlə bağlı hüquqşunas rəyini aldıq. Vəkil Mehman Muradlı “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, hadisə sizin dediyiniz kimi baş veribsə, bu, cinayət əməlidir: “Söhbət dələduzluqdan gedir. Ehtimal etmək olar ki, bu sxemlə kütləvi şəkildə insanlar aldadılıb. Faktla bağlı zərərçəkənlər mütləq polisə müraciət etməlidir. Zərərçəkənlər bir-birini tanıyırlarsa, kütləvi şəkildə şikayət etsinlər. Sizin də məsələni ictimailəşdirməniz yaxşıdır ki, digər vətəndaşlar həmin şəbəkənin toruna düşməsinlər. Bu əməldə dələduzluğun tərkib elementləri var. Şikayətlər olunsa 178-ci maddə ilə cinayət işi açıla bilər”.

Şikayətçinin göstərdiyi nömrələrlə biz də əlaqə saxlamağa cəhd etdik, göstərilən nömrə bağlı idi. Ümidvarıq ki, əlaqədar qurumlar faktı nəzarətə götürüb, həmin şəbəkənin fəaliyyətinə son qoyacaq.

Məhəmmədəli QƏRİBLİ //azinforum.az//




Paylaş:


Müəllif : Tarix:
14-04-2021, 09:16
Sikayət   


loading...
Загрузка...