reklam
Regionxeberlericom.az » Cəmiyyət » Açıq havada toy məclislərinə İCAZƏ VERİLƏCƏK?

reklam

Açıq havada toy məclislərinə İCAZƏ VERİLƏCƏK?

Son günlər koronavirusa yoluxma sayı azalır, yoluxanların da əksəriyyəti xəstəliyi yüngül keçirir. Yazını hazırladığımız zamana qədərki statistikada qeyd olunur ki, COVİD-19-dan daha 1024 nəfər müalicə olunaraq sağalıb, 432 yeni yoluxma faktı qeydə alınıb. COVİD-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 10 nəfər vəfat edib. Həm vaksinasiyanın uğurlu şəkildə aparılması, həm də yoluxma sayının aşağı düşməsi bir çox sualları ortaya çıxarıb. Metro, şadlıq sarayları və idman zalları açılacaqmı? Yeri gəlmişkən, yaxın günlərdə açıq havada toyların keçirilməsi ilə bağlı qərarın veriləcəyi barədə xəbərlər də yayılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahın üzvü, Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov açıqlamasında bildirib ki, açıq havada toy mərasimlərinin keçirilməsi ilə bağlı qərar verilə bilər: “Yay mövsümünə girdiyimiz zaman açıq havada bəlli insan sayı məhdudiyyəti qoyulmaqla, eləcə də daha əvvəlki illərdə əslində mənfi olaraq qiymətləndirdiyimiz böyük şadlıq evlərinin olmasının bu dönəmdə gətirə biləcəyi avantajlardan faydalana bilərik . Bunlar da 500-600 nəfər tutumu olan şadlıq evlərində onun ortalama 4\1 həcmində, 100-150 nəfərlik insanla epidemioloji vəziyyətə uyğun məsafənin saxlanılması və bir çox amili nəzərə alaraq, toy mərasimlərinin keçirilməsi ilə əlaqədar qərarlar da verilə bilər”.

Şadlıq saraylarının artıq hazırlıq işlərinə başladığı haqda məlumatlar da yayılmaqdadır. Bir neçə şadlıq sarayı ilə əlaqə saxlayaraq mövcud vəziyyəti öyrənməyə çalışdıq.

“Oazis” restoranından “Yeni Müsavat”a bildirildi ki, hər hansı hazırlıq işləri aparılmır: "İcazə vermirlər, hazırlaşmağın da mənası yoxdur. Bəli, həyətimiz, şəraitimiz var. Əvvəllər də biz açıq havada toy etmişik. Amma indi heç nəyi quraşdırmamışıq. Qərarı gözləyirik".

“Muğam ocağı” restoranından da buna oxşar cavab aldıq: “Hamı deyir toy olacaq, hətta zəng vurub soruşurlar. Amma rəsmi bir xəbər yoxdur. Yalnız rəsmi qərardan sonra biz hazırlıq işlərinə başlaya bilərik. O ki qaldı neçə nəfər üçün mümkün olmasına, açıq havada 200 nəfərlik deyil, 70-80 nəfər üçün toy təşkil etmək olar”.

“Aura” şadlıq sarayından da bildirildi ki, hazırda hökumətin qərarına uyğun olaraq fəaliyyət göstərirlər: “Hələ ki bizə məlumat verilməyib, ona görə hazırlaşmırıq. Bizə xəbər veriləndən dərhal sonra işə başlayacağıq”.

Toylar kimi, bir ildən çox müddətdir ki, metro da fəaliyyətini dayandırıb. Görəsən, metronun açılması ilə bağlı yenilik varmı?

“Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov da “Yeni Müsavat”a metronun açılacağı ilə bağlı qərarın olmadığını deyib: “Son qərarı verəcək səlahiyyətli qurum Operativ Qərargahdır. Bizə hər hansı bir şifahi, yazılı tapşırıq və ya qərar gəlməyib. Ona görə də yaxın müddətdə metronun açılıb-açılmaması ilə bağlı bir fikir deyə bilmərəm. Operativ Qərargah nə vaxt qərar verəcək, ona uyğun olaraq işimizi tənzimləyəcəyik. Metro gündəlik iş rejimi şəraitində bütün infrastrukturunu hazır vəziyyətdə saxlayıb”.

Qeyd edək ki, suallarımızla bağlı Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədovdan da münasibət öyrəndik. O isə cavabında bununla bağlı hər hansı məlumatın olmadığını dedi.
 




Paylaş:


Müəllif : Tarix:
20-05-2021, 08:58
Sikayət   


loading...
Загрузка...