reklam
Regionxeberlericom.az » Cəmiyyət » Aİ-95 benzininin bahalaşması Azərbaycana bu ZƏRBƏLƏRİ VURACAQ

reklam

Aİ-95 benzininin bahalaşması Azərbaycana bu ZƏRBƏLƏRİ VURACAQ



“Aİ-95 benzininin qiymətinin artması təkcə bu növ benzini işlədən avtomobil sahiblərinin yanacaq xərclərinin artmasına səbəb olmayacaq. Bu, bir sıra başqa problemlərə də yol açacaq”.
Modern.az-ın məlumatına görə, bunu nəqliyyat sahəsi üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov bildirib.

“Təcrübə göstərir ki, belə qiymət artımları bütövlükdə istehlak bazarına təsir edə bilir. Bu növ yanacaqla işləyən kommersiya təyinatlı avtomobillər az sayda olsa da, qiymət qalxmasının ən azı psixoloji təsiri başqa xidmət və malların da qiymətlərində artım meyillərinə rəvac verə bilər”,- Ə.Hüseynov deyib

Onun sözlərinə görə, Aİ-95 benzininin qiymətinin artmasının ən ciddi mənfi təsiri Azərbaycanın avtomobil parkının yenilənməsi işini ləngitməsi olacaq.

“Məlumdur ki, benzin mühərrikli yeni avtomobillər ən azından Aİ-95 benzini ilə işləyir. Bu benzinin qiymətinin qalxması, ümumiyyətlə, tez-tez dəyişməsi avtomobil həvəskarlarını bu yanacağı işlədən avtomobillərdən uzaq durmağa sövq edir. Nəticədə hər kəs öz köhnə avtomobilindən daha bərk yapışır və ya xaricdən daha ucuz Aİ-92 benzini işlədən köhnə avtomobil gətirməyə çalışır”.
Ekspert deyib ki, köhnə avtomobillərin Azərbaycanda uzun müddətə qalması və istismar edilməsi isə sözün birbaşa mənasında yol hərəkəti təhlükəsizliyinə ciddi ziyan vurur.

“Heç kimə sirr deyil ki, köhnə avtomobil yenisinə nisbətən daha təhlükəlidir, mümkün qəzalarda sürücü, sərnişin və piyadaların daha ağır travmalar almasına və ölümünə gətirib çıxarır”.

Ərşad Hüseynov bildirib ki, Aİ-95 benzinin qiymətinin artması həm də avtomobillər vasitəsilə ətraf mühitin daha çox çirklənməsi deməkdir.

“Yuxarıda qeyd etdiyim kimi, insanlar çalışacaqlar ki, köhnə avtomobil işlətsinlər, bu isə atmosferə daha çox zərərli tullantı atılması deməkdir. Digər tərəfdən, bəzilərimiz çalışacağıq ki, Aİ-95 işlədən avtomobilimizə Aİ-92 benzini töküb sürək. Bu da həm avtomobilimizi bərbad günə qoya bilər, həm də yenə də tullantı qazlarının çox zərərli tərkibi deməkdir. Ən pisi odur ki, hibrid avtomobillərin əksəriyyətində də daxili yanma mühərriki məhz Aİ-95 benzini istəyir. Ona görə də bu benzinin qiymətinin qalxması hibridlərə də marağı zəyiflədə bilər. Hibridlərin dizel mühərrikli avtomobillərlə əvəzlənməsini stimullaşdıra bilər. Bu da ekoloji baxımdan daha pis olardı.
Başqa sözlə, Aİ-95 benzinin qiymətinin qalxması Azərbaycanda həm sözün birbaşa mənasında yol hərəkəti təhlükəsizliyinə, həm də avtomobillərin ekoloji təhlükəsizliyinə ciddi zərər yetirən amildir”.

Ətrşad Hüseynov hesab edir ki, ölkəmizdə tez bir zamanda Aİ-95 benzinin də istehsalı təmin edilməli, Aİ-92 kimi bu benzinin də qiyməti dövlət tərəfindən müəyyən edilməklə stabil saxlanmalıdır:
“Özü də Aİ-95 benzinin qiyməti dünya bazarına uyğun yox, məhz Azərbaycanda neftin istehsalı və emalının maya dəyərinə, eləcə də Azərbaycan istehlakçılarının maddi durumuna uyğun tənzimlənməlidir”.


Paylaş:


Müəllif : Tarix:
2-06-2021, 18:06
Sikayət   


loading...
Загрузка...