reklam
Regionxeberlericom.az » Cəmiyyət » Deputatlar təhsil müddətinin qısaldılmasından danışdı: “4-5 il oxumağın nə mənası var?”

reklam

Deputatlar təhsil müddətinin qısaldılmasından danışdı: “4-5 il oxumağın nə mənası var?”

Son günlər ali məktəblərdə təhsil müddətinin qısaldılacağına dair məlumatlar yayılıb. Yayılan xəbərlərə görə, tədrisin müddəti dəyişdirilərək bakalavr pilləsində 4 ildən 3 ilə, magistratura pilləsində isə 2 ildən 1 ilə endiriləcək. Sözügedən məsələ sosial şəbəkə istifadəçiləri arasında geniş müzakirələrə səbəb olub.

Bəs təhsil müddətinin qısaldılması tələbələr üçün faydalıdırmı?

Mövzu ilə bağlı Bakupost.az-a danışan Milli Məclisin deputatı Aqiyə Naxçıvanlı qeyd edib ki, belə bir dəyişiklik təhsil planından asılıdır:

“Əgər kredit sistemində təhsil alan bir tələbə öhdəsinə düşən krediti verə bilirsə və əlavə kredit götürüb onu da ödəməyi bacarırsa, nə üçün təhsilin müddəti qısaldılmasın? Tələbə gücü çatdığı müddətədək hər fənn üzrə kreditləri ödəsin və universiteti bitirmiş hesab olunsun. Bu, ödənişli əsaslarla təhsil alan tələbələr üçün də xüsusi imkan yaradır. 4-5 il təhsil haqqı ödəməkdənsə, 3 il üçün ödəniş edib universiteti bitirə bilər.

Elə ixtisaslar var ki, orada 4-5 il dərs keçməyin, təhsil almağın heç bir mənası yoxdur. Onlara daha çox təcrübə lazımdır. Məsələn, mühəndislik ixtisası üzrə təhsil alanlar çox vaxt istehsalatda, təcrübədə olmalıdırlar. Vaxt verilməlidir ki, o, hansısa müddət istehsalatda çalışsın, öyrənsin. Ola bilsin ki, az bir miqdarda maaş da alsın. Əldə etdiyi nəzəri biliyi təcrübədə göstərməli və onu daha da möhkəmləndirməlidir. Yaxud turizm təhsili alanların 5 il oxumağının nə əhəmiyyəti var? Digər tərəfdən, bəzi ixtisaslar üzrə elə mütəxəssislər var ki, işsizdir və ya elə ixtisaslar da var, o sahədə mütəxəssis çatışmır. Məsələn, kənd təsərrüfatı üzrə oxuyub aqronom olacaq şəxslərin 4-5 il oxumasına ehtiyac varmı? Onlar daha çox təcrübə qazanmalı, aqronomun yanında təcrübə toplamalıdırlar. Ola bilsin ki, hətta bəzi universitetlərdə öz peşəsindən əlavə biliklər də verilsin. Biz 70-ci illərdə universitetdə oxuyan zaman 3 il tibbi biliklərin əsalarını keçirdik. Bitirdikdən sonra hamımıza ehtiyatda olan tibb bacıları diplomu da verilirdi.

Qısacası, burada əsas tədris planı və kreditlərin sayıdır. Çünki elə tələbə var ki, normaya düşən kreditləri ödəyə bilmir, onun bilik və bacarığı buna imkan vermir. Hesab edirəm ki, tələbələrə universiteti vaxtından əvvəl bitirmək üçün imkan vermək lazımdır. Oxuyub bitirməlidir ki, tez müddətdə işləyə bilsin.

Magistraturaya gəlincə, magistr pilləsində 2 il təhsil almaq demək olar ki, heç nə vermir. Çünki 2-ci ildə tələbə yalnız magistr işini yazır. Əgər magistratura ixtisaslaşma pilləsi hesab olunursa, ixtisaslaşa-ixtisaslaşa 1 ilə də magistraturanı başa çatdıra bilər. Təcrübə göstərir ki, çox vaxt bakalavr səviyyəsindəki bir çox materiallar müxtəlif adlarla yenidən magistraturaya da daxil olur. Bu, tələbələr üçün təkrarçılıq deməkdir. Düşünürəm ki, magistr pilləsinin 1 il olması tam labüd məsələdir və bu mümkündür.

Millət vəkili Kamilə Əliyeva isə bildirib ki, nəzərdə tutulan dəyişikliklər bütün universitetlərə və ixtisaslara şamil edilməyəcək:

“Milli Məclisin Elm və təhsil komitəsində “Ali təhsil haqqında” qanun layihəsi işçi qrup tərəfindən hazırlanıb. Yeni qanun layihəsində təhsilin inkişafına xidmət edən bir sıra yeniliklər var. Bunlar çox mütərəqqi dəyişikliklərdir. Son zamanlar ən çox verilən suallardan biri də təhsilin müddəti ilə bağlıdır. Ali təhsilin istər bakalavr, istərsə də magistratura səviyyəsində təhsilin məzmunu və təşkili qaydası dövlət standartları ilə müəyyən olunur. Bakalavrda əyani təhsil alma forması üzrə təhsilin normativ müddəti 3-4 il, əsas baza tibb təhsili səviyyəsində 5-6 il, magistratura təhsil səviyyəsində isə 1-2 il nəzərdə tutulur. Bu dəyişikliklər bütün ixtisaslara və universitetlərə şamil edilməyəcək. Məsələn, idman, incəsənət, musiqi və digər ixtisaslar var ki, burada 4 illik təhsilə o qədər də ehtiyac duyulmur. Ona görə də güman edirəm ki, bu dəyişikliklər müsbət dəyişikliklərdir. Bunun heç bir mənfi təzahürü olmayacaq.

Hələ ki, bu, Milli Məclisdə işçi qrup tərəfindən hazırlanıb. Gələcəkdə qanun layihəsi üzərində işlər görüləcək, müzakirələr aparılacaq. Ondan sonra isə plenar iclasa çıxarılacaq. Ümumilikdə qanun layihəsi qəbul olunduqdan sonra Azərbaycan təhsilinin inkişafına öz töhvəsini verəcək”.


Paylaş:


Müəllif : Tarix:
7-07-2021, 13:45
Sikayət   


loading...
Загрузка...