reklam
Regionxeberlericom.az » Cəmiyyət » Jurnalistləri izləyən casus proqramı haqda maraqlı faktlar

reklam

Jurnalistləri izləyən casus proqramı haqda maraqlı faktlar


Bütün dünya boyu xüsusi xidmət orqanları siyasətçilərin, jurnalistlərin və vətəndaş cəmiyyəti fəallarının telefonlarını izləmək üçün İsrailin NSO Group şirkətinin hazırladığı “Pegasus” adlı casus proqramından istifadə edib. Bu haqda OCCRP beynəlxalq araşdırmaçı jurnalistlər konsorsiumu bildirir.

RegionXəbərləri.com
Virtualaz.org-a istinadən xəbər verir ki, jurnalistlər konsorsiumunun araşdırması üzə çıxarıb ki, “Pegasus” proqramı 2016-cı ildən etibarən hüquq-mühafizə orqanlarına, xüsusi xidmət orqanlarına və hərbi nazirliklərə satılıb. İnsan haqları müdafiəçiləri bu casus proqramı vasitəsilə dünyanın 50-ə yaxın ölkəsində 50 minə qədər adamın izlənildiyini müəyyən ediblər. İzlənilən nömrələrin əksəriyyəti Azərbaycanda, Qazaxıstanda, Meksikada, Macarıstanda, Hindistanda və Birləşmiş Ərəb Əmirliklərində cəmləşib.

“NSO Group “Pegasus” proqramını onlarla ölkəyə satıb. Əvvəllər “ayfon” istifadəçisi dinləmə altına düşmək üçün telefonuna atılmış linkə basmalı idi, indi isə bu tələb olunmur. Siz ümumiyyətlə heç nə etmirsiniz, telefonunuz masanın üstündə olur, amma istənilən vaxt onu “sındıra” və casus proqramını yükləyə bilərlər”,-dinlənilən telefonlardan birinin sahibi, Toronto Universiteti nəzdində Citizen Lab təşkilatının elmi əməkdaşı Bill Marşak bildirib.

“Pegasus” Android və iOS əməliyyat sistemlərini yoluxduran proqramdır, xüsusi xidmət orqanlarına imkan verir ki, istifadəçinin bütün telefon danışıqlarını, elektron poçtunu, telefonundakı faylları izləsin, qurğusu mikrofonu və kameranı işə salsın, habelə qurğu sahibinin hərəkətlərini nəzarətdə saxlasın.

Casus proqramı “The Washington Post”un yazdığına görə, 85 fəal, 189 jurnalist, 600-dan çox siyasətçi, bir sıra hökumət üzvləri, dövlət başçıları və nazirlərin telefonlarında quraşdırılıb.

Azərbaycanda isə kimlərin telefonlarının izlənildiyini OCCRP bir gün əvvəl açıqlayıb. Jurnalist təşkilatı bildirir ki, Azərbaycandakı qurbanların siyahısı beynəlxalq insan haqları təşkilatlarından, o cümlədən “Amnesty İnternational”dan alınıb. Təşkilatın saytında telefonları dinlənilən 70-dən çox azərbaycanlı fəalın və jurnalistlərin siyahısı yerləşdirilib.

İyulun 19-da haqqin.az və virtualaz.org saytlarının redaksiyası adından bu məsələ ilə bağlı Dövlət Təhlükəsizlik Xidmətinə müraciət edilib. DTX-nin yüksək rütbəli şəxsləri bu məlumatı qəti şəkildə təkzib ediblər və onu “təxribat” adlandırıblar. “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğluna isə DTX-da belə deyiblər: “Əgər Azərbaycan xüsusi xidmət orqanları bu casus proqramının köməyi ilə telefonları izləyə bilirdisə nəyə görə izlənilənlər arasında Azərbaycanın həmin dövrdə müharibə apardığı Ermənistanın dövlət orqanlarının və hökumət üzvlərinin telefonları yoxdur?”.

Doğrudan da, 2020-ci ilin iyulundan Azərbaycan Ermənistanla fəal döyüş əməliyyatları aparırdı. O zaman nədən Azərbaycan xüsusi xidmət orqanlarının izlədiyi şəxslər arasında erməni siyasətçiləri də yoxdur?

OCCRP tərəfindən açıqlanan siyahıda erməni siyasətçilərinin və hərbi xadimlərinin adları yer almır. Hərçənd həmin siyahıda Fransada yaşayan müxalif jurnalist Qənimət Zahidin və Almaniyada yaşayan hərbi ekspert Cəsur Sümərinlinin adları yer alır. Belə çıxır ki, “Pegasus”un köməyi ilə hətta Azərbaycanda oturub Fransada və Almaniyada “qacetləri” izləmək olar, amma Yerevanda yox? Bu baxımdan siyahıda Ermənistandan heç kimin olmaması Azərbaycana dair siyahının etibarlılığını azalda bilər.


Paylaş:


Müəllif : Tarix:
20-07-2021, 13:12
Sikayət   


loading...
Загрузка...