reklam
Regionxeberlericom.az » Cəmiyyət » “Azərbaycanda “icazə kağızı” əlavə puldur, rüşvətdir, korrupsiya mənbəyidir“ - İqtisadçı

reklam

“Azərbaycanda “icazə kağızı” əlavə puldur, rüşvətdir, korrupsiya mənbəyidir“ - İqtisadçı


“Dünyanın hər yerində, daha doğrusu, seçkili, hesabatlı, məsuliyyətli hökumətlər olan ölkələrdə pandemiyaya görə biznesə, kiçik və orta sahibkarlara müxtəlif növ dəstək proqramları qəbul edilir, biznesi ayaqda tutmaq üçün təşviqedici addımlar atır. Azərbaycan hökuməti biznesə dəstək bir qırağa, hətta mane olmaq üçün gecə-gündüz çalışır, “kreativ” addımlar düşünür, məntiqi “öldürüb” qərarlar verir”.

Bu sözləri iqtisadçı-ekspert Natiq Cəfərli deyib. O bildirib ki, Nazirlər Kabineti qeyri-ərzaq mallarının üzərinə Azərbaycan uyğunluq nişanı (AZC) vurulması ilə bağlı qərar verməyə hazırlaşır:

“Sahibkarlar istehsal və ya idxal etdikləri aşağı və orta riskli qeyri-ərzaq mallarının təhlükəsizliyinə dair uyğunluq bəyannamələrini özləri tərtib edəcəklər. Yüksək risk qrupuna aid olan qeyri-ərzaq malları isə akkreditasiya olunmuş uyğunluğu qiymətləndirən qurumlar tərəfindən yoxlanıldıqdan sonra onlara müvafiq sertifikatlar təqdim olunacaq. Yəni tərcüməsi budur ki, sahibkar özü uyğunluq bəyannəməsi tərtib edə biləcək, amma doğru tərtib edib-etmədiyini yoxlayacaqlar, yüksək risk qrupuna aid olan malların bəyannaməsini isə müvafiq icra qurumu təsdiqləyəcək. Daha betəri odur ki, bu yüksək risk qrupu siyahısını da Nazirlər Kabineti özü müəyyən edəcək”.

Ekspert hesab edir ki, Azərbaycanda istənilən “icazə kağızı” əlavə puldur, rüşvətdir, korrupsiya mənbəyidir:

“İş adamlarını nədən yükləyirsiniz ki? Bilmirsinizmi ki, iş adamları istənilən əlavə xərci mal və xidmətlərin üzərinə gəlir, nəticədə qiymətlər daha da bahalaşır, yəni hökumətin bütün absurd qərarlarının son ödəyicisi vətəndaşdır, alıcıdır.

Daha bir önəmli məsələ bu qərarın tam məntiqsizliyi, insanın ağlı ilə məzələnməsidir. Daxili istehsalın keyfiyyətini, uyğunluğunu yoxlayan bir neçə qurum var, yenisini əlavə etməyə nə ehtiyac var ki?! Guya ölkə nə qeyri-ərzaq malları istehsal edir ki, hələ bir bunun uyğunluğunu yoxlamağa ehtiyac da olsun?! Əynimizə corab-tuman istehsal edə bilmirik, hökumət bu haqda düşünməkdənsə, yeni absurd qərarlar alır. Bundan əlavə, ölkəyə idxal olunun istənilən mallar isə məhz sərhəddə yoxlanılır, onların uyğunluğu, sertifikatları, tərkibi, təhlükəsizliyi məhz sərhəddə yoxlanıldıqdan sonra ölkəyə buraxılır, buraxılmalıdır. Zatən sərhəddə gömrük iş adamlarının başına min oyun açır, lazım olan-olmayan bütün sənədləri tələb edir, sonra malı-məhsulu ölkəyə buraxır. Yaxşı, mal ölkəyə gəldisə, deməli, satışa uyğundur, bundan sonra iş adamı pərakəndə satış üçün niyə kağız almalıdır ki?!

Nə isə, bu hökumət biznesin qənimidir, bu işin nə fəlsəfəsini bilir, nə sistemini öyrənir. Bizim millət nadir toplumlardandır ki, hökumətdən yeganə gözləntisi, istəyi kömək deyil, onların mane olmamağıdır”.




Paylaş:


Müəllif : Tarix:
30-07-2021, 13:54
Sikayət   


loading...
Загрузка...