reklam
Regionxeberlericom.az » Cəmiyyət » Bakıda evsizlərin probleminin həlli yolu göstərildi: - “Sovetdən qalan zavodların…”

reklam

Bakıda evsizlərin probleminin həlli yolu göstərildi: - “Sovetdən qalan zavodların…”



Azərbaycanda əmlak bazarında qiymətlərin çox yüksək olması hər zaman alıcıları narahat edib.

Ev və torpaq sahələrinin qiymətinə görə Bakı dünyanın ən bahalı şəhərləri ilə yarışa bilər. Ancaq bu qiymətlərin süni olaraq şişirdildiyi, bunun üçün real bazar tələbinin olmadığı da bildirilir. Məhz bu səbəbdən əlində müəyyən qədər vəsaiti olanlar daha çox qonşu ölkələrdə, xüsusilə Türkiyə və Gürcüstanda daşınmaz əmlak almağa üstünlük verirlər.

Əmlak eksperti Elnur Fərzəliyev Cebhe.info-ya açıqlamasında deyib ki, Azərbaycanda əhalinin aldığı minimal və orta aylıq əməkhaqqını nəzərə alsaq, xüsusilə paytaxt Bakı və digər böyük şəhərlərdə qiymətlər insanların gəlirləri ilə üst-üstə düşmür:

“Minimal ev qiyməti ilə orta aylıq maaşı hesablasaq görərik ki, qiymətlər çox bahadır. Bir ildən artıqdır ki, tikinti materiallarının da qiymətində artım müşahidə olunur. Bəzi materiallar 20 faizdən, hətta 100 faizədək yüksəlib. Müxtəlif tikinti materiallarında müxtəlif faiz dərəcəsində artım var”.

Ekspert digər ölkələrlə müqayisədə Azərbaycanda qiymətlərin fantastik dərəcədə baha olmasının da səbəblərini izah edib:

“Burada səbəblər müxtəlifdir. Biz Türkiyənin İstanbul şəhəri ilə qiymətləri müqayisə edəndə, başqa ölkələr də Bakı ilə edir. Bakıda kənar yerlərlə mərkəzin qiyməti eyni deyil. Məsələn, bir tikinti şirkəti eyni binanın modelini Xırdalanda tikib, bir kvadtratını 800 manata, eyni layihəni şəhərin mərkəzində tikəndə isə kvadratını 2800-3000 manata satır. Yəni qiymətlər 3-4 dəfə artır. Tikinti materiallarının qiymətləri isə hər yerdə standartdır. Qiymətə təsir edən əsas amil torpaqdır. Bakı şəhərində tikintiyə yararlı torpaq sahələrinin qiymətləri fantastik dərəcədə bahadır. Eyni məhəllədəki həyət evlərində bir qonşuda bələdiyyə sənədi, digər qonşuda çıxarışdır. Çıxarışla sərəncam arasında çox böyük fərq var.

Çıxarışlı torpağın sotu 2000 manatdırsa, sərəncamla olanda 4000 manat olur. Türkiyədə qiymətlər ona görə tənzimlənə bilir ki, orada tikinti şirkətləri bu torpaqları daha çox dövlətdən və ya bələdiyyədən alır. Onlar sadəcə dövlət rüsumu ödədiyi üçün qiymətlər ucuz olur. Belə olan halda isə tikintinin maya dəyəri aşağı düşür. Amma bizdə təəssüflər olsun ki, hansısa bir şirkət hansısa binanı tikmək üçün ya çox baha alır, ya da hansısa əraziyə insanları köçürərək, onlara ödəniş edir. Bir adama minimum 1500 manat ödənilirsə, bir sotun qiyməti 150 min manata gəlib çıxır. Bina tikmək üçün 50 sot torpaq sahəsi lazım olursa, qiymət milyonlarla ölçülür, çünki torpağın qiyməti milyondan başlayır”.

E.Fərzəliyev qiymətlərin tənzimlənmə məsələsinə də toxunub:

“Bizdə qiymətlər tənzimlənə bilmir, çünki bu sahə bir nöqtədən idarə olunmur. Maaşla yaşayan azərbaycanlı üçün Bakıda ev almaq əlçatan olmur. İpoteka ilə alsa belə, krediti bitirənə kimi banka evin qiymətinin iki mislin ödəyir. Bakıda boş torpaq sahələri olmadığı üçün hanısa mexanizm qurmaq mümkün deyil. Bir həll yolu var, sovet dövründən qalmış zavodların çox böyük əraziləri var. Dövlət "Ağ şəhər" layihəsi kimi bir proyekt edə bilər. Mənzil İnşaatı Dövlət Agentliyinin tikib satdığı binalar var, onlar üçün torpağı dövlət verir. Bu halda onlar torpağa pul vermədiyi üçün qiymətlər aşağı olur”.

İqtisadçı Akif Nəsirli isə əmlak bazarında qiymətlərin kəskin şəkildə yüksək olmasının səbəbini “çirkli pul”ların yuyulmasında görür:

“Tikinti sektorunda olan insanların kimliyini araşdırsanız, onların məmurlar olduğunu görəcəksiniz. Azərbaycan məmurlarının əmək haqqı isə o boyda biznesin qurulmasına heç cür yetə bilməz. Bu isə o deməkdir ki, onlar vəzifələrindən sui-istifadə edərək, dövlət büdcəsindən korrupsiyaya yolu ilə pul mənimsəyirlər. Əlində pul olan başqa insan tikinti biznesinə girmək istədiyi zaman dərhal onun qarşısı kəsilir. Bu da o deməkdir ki, Azərbaycanda tikinti işi ilə sadəcə oliqarxlar məşğul ola bilər. Onların isə kapitalı büdcədən oğurladıqları vəsait hesabınadır. Hələ mənimsədikləri pulların bir hissəsini də ölkə xaricinə çıxarıblar”.

Ekspert yaxın tarixdə baş verən Beynəlxalq Bank olayını nümunə gətirib:

“Beynəlxalq Bankın sabiq rəhbəri Cahangir Hacıyevin məhkəməsi getdi. O, bu vəsaitləri necə əldə edib? Onun Beynəlxalq Bankın rəhbəri olana qədər nələri var idi? Açıq-aydın görünür ki, “çirkli pul”ları yumaq hesabına oliqarxa çevrilirlər”.


Paylaş:


Müəllif : Tarix:
9-08-2021, 16:30
Sikayət   


loading...
Загрузка...