reklam
Regionxeberlericom.az » Cəmiyyət » COVİD pasportu olmayan valideynlərə qadağa - Onlar məktəblərin ərazisinə buraxılmır

reklam

COVİD pasportu olmayan valideynlərə qadağa - Onlar məktəblərin ərazisinə buraxılmır



Bakı şəhəri və ətraf qəsəblərdə yerləşən məktəblərdə valideynlərin COVİD-19 pasportu olmadığı təqdirdə, məktəbə, o cümlədən valideyn iclaslarına buraxılmamaları tapşırığı verilib.

Bu cür hallarla üzləşən valideynlərdən biri – Akif Məmmədov “Press Klub”a bildirdi ki, bir neçə gün əvvəl bütün valideynləri məktəbə dəvət etdilər. Bildirdilər ki, sentyabrın 1-dən valideynlərin COVİD-19 pasportu olmalıdır, əks təqdirdə həmin şəxslər nə valideyn iclaslarına, nə də məktəbə daxil ola biləcəklər:

“12 avqust tarixində Saray qəsəbəsində yerləşən 1 və 2 saylı məktəblərdə təhsil alan şagirdlərin valideynlərini 1 saylı məktəbin həyətinə toplayıblar. Abşeron rayon İcra Hakimiyyətinin təşkil etdiyi xüsusi komissiya pandemiya ilə mübarizə çərçivəsində təlimatlar verdikdən sonra COVİD pasportu olmayan valideynlərin məktəbə buraxılmayacağını elan edib”.

Məsələyə Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Cəsarət Valehovdan münasibət öyrəndik. C. Valehov bunun yeni qayda olmadığını söylədi:

“ COVİD-19 pandemiyası başlanandan valideynlərin məktəb ərazisinə daxil olması mümkün olmayıb. Valideynlər şagirdləri əsas qapıdan təhvil verərək geri qayıdıblar. Valideynlərin məktəb daxilində bir-biri ilə təması mümkün deyil. Yəni bu, indinin qaydası deyil, pandemiya başlayandan formalaşıb”.

C. Valehovun sözlərinə görə, bu məsələ məktəblərdə göstəriş kimi deyil, qayda kimi tətbiq olunur:

“Çünki valideynlərin məktəb ərazisinə toplaşması, onların məktəbdə əlaqə yaratması bu dönəmlərdə mümkün olmayan bir hal hesab edilir. Səbəb odur ki, onlar bir-biriləri ilə təmasda ola bilər və təmas da yoluxma hallarının artmasına səbəb olar. Bununla bağlı müvafiq qayda ötən ilin elə bu vaxtları müəyyən olunmuşdu. Burada xüsusi bir təşvişə ehtiyac yoxdur. Bu, pandemiya dövründə mövcud olan qaydadır, həmin qayda indi də qüvvədədir”.

Təhsil eksperti Elçin Əfəndi “Press Klub”a şərhində bütün şagird və tələbələrin vaksinasiya olunmalarının zərurətə çevrildiyini qeyd etdi:



“Ona görə də, istər valideyn, istərsə də şagird və tələbələrdən COVİD-19 pasportunun tələb olunması vacib şərtə çevrilib. Vaksinasiyada iştirak etməmiş valideynlər şagirdləri məktəbə gətirdikləri zaman yalnız əsas qapıdan təhvil verib, geri qayıtmalıdırlar. Onların məktəbə daxil olmalarına icazə verilməyəcək. Düşünürəm ki, bu da yoluxmanın qarşısını almaq məqsədilə irəli sürülmüş bir tələbdir. Başlıca məqsəd vətəndaşların vaksinasiya prosesində iştirakını təşviq etməkdir”.

Ekspert onu da əlavə etdi ki, artıq müvafiq qurumlarda məktəbli yaş qrupuna aid uşaqların da peyvənd olunmaları ilə bağlı fikirlər səsləndirilir:

“Çox güman ki, bir müddət sonra məktəblilərin də peyvənd olunmaları tələb ediləcək. Valideynlərin isə peyvənd olunmadan məktəbə buraxılmamaları zərurətə çevrilib və bunun düzgün qərar olduğunu düşünürəm. Əlbəttə, burada söhbət koronavirusun yayılmasının qarşısının alınmasından gedir”. //pressklub.az//




Paylaş:


Müəllif : Tarix:
16-08-2021, 09:26
Sikayət   


loading...
Загрузка...