reklam
Regionxeberlericom.az » Cəmiyyət » Tanınmış ilahiyyatçıdan qalmaqallı Aşura açıqlaması: - “İmamın adı ilə biznes qurub...“

reklam

Tanınmış ilahiyyatçıdan qalmaqallı Aşura açıqlaması: - “İmamın adı ilə biznes qurub...“



Bu gün Aşura günüdür. Əvvəllər olduğu kimi bu gün də bir çox iş yerləri 12-ə qədər işləmir. Hətta işləməyin haram olduğuna dair mülahizələr var.

Maraqlıdır, Aşura günü işləmək haramdırmı?

İlahiyyatçı Elşad Miri Yenisabah.az-a bu kimi fikirlərin hamısının nağıl olduğunu söyləyib:

“Guya belə bir nağıl ortaya çıxarıblar ki, 12-ə qədər qətl sınır. Qətlin sınmasını da İmam Hüseynin guya həmin vaxtda qətlə yetirilməsi ilə bağlayıblar.

Sanki kənardan kimlərsə saat güdürmüş ki, o hansı saatda vəfat etdisə, həmin saata qədər bu işi görmək olar, ya olmaz. Bunlar heç bir əsası olmayan bir məsələdir. İslam deyəndə ağıla ilk Qurani-Kərim gəlir. Quranda Aşura, Məhərrəmliklə ilə bağlı mülahizələr və ya işləməməklə bağlı məsələ varmı?”

İlahiyyatçının sözlərinə görə, İslamla bağlı olmayan bir məsələni islamlaşdıra bilmərik:

“Məhəmməd Peyğəmbər özündən əvvəl vəfat edən peyğəmbərlərin hansısa birinin qətlə yetirildiyi yerlə, günlə bağlı belə bir şey edibmi? Öz sağlığında vəfat edən 6 övladının öldüyü gün və saatla bağlı belə hüzn saxlayıbmı? Heç bir zaman etməyib.

İnsanlara elə təqdim edirlər ki, sanki bu İslamdır. Lakin deyil. İslamın yeganə mənbəyi Qurandır. Quranda isə bu kimi məsələlər yodur. Quranda yoxdursa, biz bunu özümdən çıxarıb, islamlaşdıra bilmərik. Onda bunu ediriksə peyğəmbərlərin xanımlarının öldüyü günü də qətl sınan kimi qeyd edək”.

Elşad Miri deyib ki, İmamın adı ilə biznes qurub, sadəcə göstərməli riyakarlıq ediriksə, bu islam deyil:

“Bütün peyğəmbərlərin nəvələrini də nəzərə alsaq, onda bizim nə saatımız qalır, nə də təqvimimizdə qırmızı bir günümüz.. Ancaq qara, yas, mərasim...

İnsan əgər İmam Hüseyni həqiqətən sevirsə, sevdiyi insan kimi haqqın qarşısında zülmə qarşı etiraz etməlidir, haqqın yanında dayanmalıdır. Adam kimi adam olmalıdır. Onun kimi ibadətlərini yerinə yetirməlidir.

Amma biz onun adı ilə əgər biznes qururuqsa, sadəcə göstərməli riyakarlıq ediriksə, bu islam deyil. Allah belə öz peyğəmbərinə halal, haram qoymaq səlahiyyəti verməyib. Sizcə kiminsə işləməyin haramdır deməsi nə dərəcədə mümkündür?”


Paylaş:


Müəllif : Tarix:
19-08-2021, 11:49
Sikayət   


loading...
Загрузка...