reklam
Regionxeberlericom.az » Cəmiyyət » "Binəva valideyin sizin keyfiyyətsiz geyimlərinizi necə alsın?.." - ETİRAZ

reklam

"Binəva valideyin sizin keyfiyyətsiz geyimlərinizi necə alsın?.." - ETİRAZ

Yeni dərs ilinin açılmasına sayılı günlər qalıb. Ölkədə pandemik vəziyyət isə gündən-günə pisləşməkdədir. Yoluxma və ölüm sayı durmadan artır. Belə bir vəziyyətdə hamını maraqlandıran əsas sual məktəblərin açılıb açılmamasıdır. Operativ Qərargahın son brifinqində məktəblərin açılacağı ilə bağlı verilən məlumat hər gün səsləndirilən yoluxma sayı ilə tərs mütənasibdir.
Pandemiyanın ən ağır zərbə vurduğu sahə təhsil sistemi oldu. Artıq il yarımdır ki, şagirdlər kiçik istisnalar olmaqla məktəbdən uzaq düşüblər. Bu isə tədrisin keyfiyyətinə, övladlarımızın bilik səviyyəsinə mənfi təsir göstərir. Bütün bunların fövqündə Təhsil nazirliyi hansı addımları atdı və yaxud atır? Heç bir effekti olmayan yay məktəbi təşkil etməklə görüntü yaradıldı. Bəllidir ki, yeni dərs ili üçün də aydın strategiya yoxdur. Uzaq başı “köhnə hamam köhnə tas” prinsipi işə düşəcək.
Hə, bax bu köhnə məsələsində bir az vaxtınızı alacağam. Öz prinsiplərinin köhnəliyindən bezməyən Təhsil nazirliyi sadəcə bir işdə yeniliyin tərəfdarıdır. Məktəblər köhnə,uçuq-sökük olsa da olar, şagirdlərin dərsliklərlə, digər ləvazimatlarla təchizatında da nöqsanlar ola bilər, məktəblərdə dərslərin distant olması da şərt deyil. Əsas odur ki, hər il şagirdlər məktəblərə yeni formada getməlidirlər. Qiymətləri 40-50 manat olan,əksər hallarda da keyfiyyətsiz parçadan tikilən formalar mütləq satılmalıdır. Artıq nazirliyin təbirincə kitab bilik mənbəyi deyil, geyim bilik mənbəyidir!
Amma nazirliyin sərin kabinetlərində oturub pürrəngi çay içə-içə millət dərdi çəkən islahatçı cənablar fikirləşmirlər ki, iki ilə yaxındır ki, günü göy əskiyə bükülən, qoz qabığına salınan binəva millət bu paltarları necə alacaq. Axşam evinə bir parça çörək aparmaq üçün min bir əziyyətə qatlaşanları hər il eyni çətinliyə salmaq nəyə lazımdır. Bir evdən 2-3,bəzən daha çox uşağın məktəbə getdiyini nəzərə alsaq bunun ailə büdcəsinə neçəyə başa gəldiyini düşünürmü bu moda həvəskarları? Pandemiya dövründə Azərbaycandan dəfələrlə kasıb olan bir çox ölkələrdə şagirdlərə tabletlər paylanıldı, yüksək sürətli internetlə təmin olundu. Bizdə isə məktəb olmaya olmaya məktəbli forması satıldı. İndi də beş-on günlük açılacağı hələ dəqiq məlum olmayan məktəblər üçün yenidən forma satışına başlanılıb.
Valideynləri övladları qarşısında niyə çətin vəziyyətə salırsınız, utandırırsınız? Dükan-bazarın od tutub yandığı, qiymətlərin əl yandırdığı indiki zamanda binəva valideyin sizin keyfiyyətsiz geyimlərinizi necə alsın? Atanı övladı qarşısında, uşağı uşaq yanında niyə utandırırsınız? Özünüz utanmalı olduğunuz halda xalqı niyə qızardırsınız?!
Məncə təhsil sisteminə cavabdeh olanlar bu paltar sevdasından əl çəkib tədrisin keyfiyyəti haqqında fikirləşsələr yaxşı olar. Paltar biznesi gəlirli sahə olsa da millətin gələcəyi daha vacibdir. Siz dərsinizi düzgün keçin, camaat özü paltarını geyinib gələcək !
Sonda böyük Sabiri bir daha rəhmətlə anırıq...

Zahida, gəl soyunaq bir kərə paltarımızı,
Çıxaraq zahirə batindəki əfkarımızı,
Pişgahi-nəzəri-xəlqə dutaq varımızı,
Görüb onlar dəxi təhqiq eləsin karımızı,
Hər kimin ağı qara isə utansın, a balam!
Bəlkə illərcə yatanlar bir oyansın, a balam!

Nicat Mahmudov
Rubrika.Az


Paylaş:


Müəllif : Tarix:
27-08-2021, 09:41
Sikayət   


loading...
Загрузка...