reklam
Regionxeberlericom.az » Cəmiyyət » Dərman çatışmazlığına görə iki deputatın sözü çəpləşdi: “Qanuna dəyişiklik edilsin”

reklam

Dərman çatışmazlığına görə iki deputatın sözü çəpləşdi: “Qanuna dəyişiklik edilsin”


Milli Məclisin komitə sədri Musa Quliyev parlamentin bu gün keçirilən iclasında xanım Sədr Sahibə Qafarovanın Qazaxıstana səfərindən danışdı və bu səfəri yüksək qiymətləndirdiyini qeyd etdi.
Deputat həmçinin İşlər planı ilə tanış olduğunu və çox vacib məsələləri gördüyünü bildirdi:
“Xeyriyyəçilik fəaliyyəti haqqında” qanun layihəsinə də bu sessiyada baxılacaq. Hesab edirəm ki, bu da çox vacib məsələdir”.
Deputat YAŞAT Fondunun gördüyü işləri də yüksək qiymətləndirdi.
M.Quliyev ölkədəki dərman problemlərinə də toxundu:
“Dərman vasitələri haqqında” qanuna dəyişikliklər edilməsini təklif edirəm. Pandemiya da göstərir ki, bizim qanunvericilikdə dərmanların qeydiyyatı qəlizdir və sərtdir. Bu, yeni dərmanların ölkəyə gətirilməsinə əngəl yaradır”.
Komitə sədri qeyd etdi ki, buna görə də dünyanın aparıcı dərman şirkətləri Azərbaycana dərman satışını bağladılar: “Ona görə də biz bu dərmanları ala bilmirik. Bundan əlavə, biz dərmanların qeydiyyat sistemində dəyişiklik etməliyik. İstehsalçı şirkətlər əhalisi az olan ölkələrdə buna maraqlı deyillər. Qeydiyyatda tanınma rejiminə keçsək, bu yaxşı olar. Türkiyədə qeydiyyatda keçən dərmanları niyə avtomatik qeydə almayaq və eyni qiymətə satmayaq? Müharibə dövründə gördük ki, elə dərman vasitələri var ki ona hər gün ehtiyac var”.
Komitə sədri Əhliman Əmiraslanov isə Musa Quliyevin bu təklifinə qarşı çıxdı.
Ə. Əmiraslanov dedi:
“Musa müəllimin fikri ilə mən tamamilə razı deyiləm ki, hər hansı ölkədə qeydiyyatdan keçən dərman preparatı avtomatik olaraq ölkəmizdə qeydiyyata alınmalıdır. Ölkəyə gətirilən dərman preparatları çox ciddi şəkildə ölkəyə gətirilməli və qeydiyyatdan keçirilməlidir. Keyfiyyətli dərmanların ölkəyə gətirilməsi böyük problemdir”.
Deputat dedi ki, hər hansı ölkədə qeydiyyatdan keçmiş dərman preparatlarının qeyd-şərtsiz ölkəyə gətirilməsi və satışa çıxarılması təhlükəli məsələdir:
“Hər bir ölkənin özünün dərman siyasəti var. İcra hakimiyyətinin icazə vermədiyi dərman preparatlarının ölkəyə gətirilməsi çox təhlükəli vəziyyət yaradar. Bu işdə çox ehtiyatlı, təmkinli olmalıyıq. Götür-qoy edib bu məsələnin həllini tapmalıyıq”.
Parlamentin sədri Sahibə Qafarova təklif etdi ki, Ə.Əmiraslanov və M.Quliyev bu məsələ ilə bağlı müzakirələr aparsınlar. Əgər ehtiyac yaranarsa, bunununla əlaqədar dinləmələr də keçirilə bilər. S.Qafarova dedi ki, hər iki deputatın ciddi arqumentləri var./Musavat.com


Paylaş:


Müəllif : Tarix:
30-09-2021, 13:58
Sikayət   


loading...
Загрузка...