reklam
Regionxeberlericom.az » Cəmiyyət » Xəzər bizdən uzaqlaşır - narahat olmağa dəyərmi?

reklam

Xəzər bizdən uzaqlaşır - narahat olmağa dəyərmi?















Xəzər dənizində suyun səviyyəsi aşağı düşüb. Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb. Bildirilib ki, Xəzər dənizin Bakı və Sumqayıt sahillərində suyun geri çəkilməsi aydın müşahidə edilir. Bu, sosial şəbəkə istifadəçiləri arasında müzakirələrə səbəb olub.

Sputnik Azərbaycan Xəzər dənizində suyun səviyyəsinin enməsinin səbəblərini araşdırıb.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun Xəzər dənizi sahilləri və dibinin geomorfologiyası şöbəsinin müdiri, coğrafiya üzrə elmlər doktoru, professor Əmir Əliyev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Xəzər dənizi qapalı su hövzəsi olduğuna görə onun səviyyəsi həmişə dəyişir. Ə.Əliyevin sözlərinə görə, dənizin səviyyəsinin aşağı düşməsinin səbəbi su balansının dəyişməsidir. Su balansını isə Xəzər dənizinə daxil olan sularla Xəzər dənizindən çıxan suların miqdarı müəyyənləşdirir:

"Xəzər dənizinə daxil olan sular əsasən çay sularıdır. Onların içərisində 85 faizi Volqa çayının suyudur. Volqa və Uralın gətirdiyi sular Xəzərə tökülən suların ümumilikdə 90 faizini təşkil edir. Xəzərdən gedən sular isə su buxarlanmasına sərf olunan sulardır. Son illər Xəzər dənizinə daxil olan çay suları azalıb".

Professor bildirib ki, Xəzərin su toplanma ərazisi olan hövzəsi var ki, dənizin öz sahəsindən təxminən 10 dəfə böyük olub 3,5 milyon kvadrat kilometr sahəni əhatə edir. Baş verən atmosfer prosesləri - siklon və antisiklonlar, böyük miqyaslı proseslər isə bu əraziyə yağıntılar gətirir: "Son beş ildə bu yağıntıların miqyası xeyli azalıb. Volqanın gətirdiyi suda 30 faiz azalma var. Xəzərin Azərbaycan ərazisində tökülən Kür çayı isə gətirilən suların 5-6 faizini təşkil edir ki, bu da o qədərr böyük rol oynamır".

Ə.Əliyev bildirib ki, Xəzərin səviyyəsi 2005-ci ildən bu günə qədər 1,5 metr enib. Bu isə Xəzərin sahil sahəsinin genişlənməsinə səbəb olub. Alimin sözlərinə görə, Xəzər dənizinin Azərbaycan ərazisində dənizin sahildən uzaqlaşdığı yerlərin məsafəsi fərqlidir:

"Elə yerlər var ki, Xəzər sahildən bir kilometr, elə yerlər də var ki, iki yüz metr uzaqlaşıb. Abşeron ərazisində, xüsusən də Abşeronun şimal hissəsi hesab olunan Sumqayıtda Xəzər sahildən 100, elə yer də var ki, 150 metr uzaqlaşıb. Bu da Xəzərin səviyyəsinin aşağı düşməsi ilə bağlıdır. Bundan başqa, Xəzərin səviyyəsi mövsümi amillərlə əlaqədar olaraq da enir. Ən çox enmə iyul ayında müşahidə olunur".

Mütəxəssis bildirib ki, proqnozlara görə, Xəzərin səviyyəsi enməkdə davam edəcək:

"Xəzər iki yüz il ərzində qalxır, o qədər müddət ərzində də aşağı enir. İndi Xəzərin aşağı düşmə dövrüdür. Bu prosesin təxminən 2050-ci ilədək davam etməsi gözlənilir. Proqnozlara görə, Xəzərin səviyyəsinin indiki səviyyədən daha iki-üç metrədək aşağı düşməsi gözlənilir. 1977-ci ildə Xəzərin səviyyəsi indikindən 1 metr də aşağı idi. Bu faciəvi proses deyil".

Alim bildirib ki, aşağı düşmələr əsasən neft sənayesinə, balıqçılıq təsərrüfatına təsir edəcək.

Onun sözlərinə görə, Xəzərin səviyyəsinin qalxması da fəsadlara səbəb olur. O bildirb ki, 1977-ci ildən 1995-ci ilədək Xəzərin səviyyəsi 2,5 metr qalxıb. Bunun nəticəsində Azərbaycan ərazisində 50 min hektar sahə subasmaya məruz qalıb, büdcəyə 2 milyard ABŞ dolları ziyan dəyib. Mütəxəssis onu da bildirib ki, Xəzəryanı dövlətlər dənizin səviyyəsinin qalxması zamanı subasmaya görə 5 il ərzində 10 milyard ABŞ dolları ziyan çəkib.

Qeyd edək ki, Xəzər dənizinin səviyyəsi üzərində ilk instrumental müşahidələr 1837-ci ildən Bakıda aparılmağa başlanılıb. Çoxillik müşahidələr göstərir ki, dənizin səviyyəsi 3 dəfə kəskin surətdə dəyişib. 1929-1977-ci illərdə 3 metr aşağı düşüb, 1978-1995-ci illərdə isə 2,5 metr qalxıb. 1996-cı ildən başlayaraq bu günə qədər dənizin səviyyəsində yenidən enmə müşahidə edilir və enmə 1,5 metr təşkil edir. Hazırda dənizin səviyyəsi dünya okeanı səviyyəsindən -28,05 metr mütləq hündürlükdədir. İnstrumental müşahidə müddətində ən böyük dəyişkənlik səviyyəsi 1862-ci ildə (-24 m) qeydə alınıb və dəyişmə amplitudu 4 m təşkil edib. Son 500 ildə dənizin ən aşağı səviyyəsi 1977-ci ildə müşahidə olunub.




Paylaş:


Müəllif : Tarix:
24-11-2021, 10:16
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər