reklam
Regionxeberlericom.az » Cəmiyyət » Qazaxıstan hadisələrindən Azərbaycanın ÇIXARACAĞI DƏRS - İslahat zamanıdır...

reklam

Qazaxıstan hadisələrindən Azərbaycanın ÇIXARACAĞI DƏRS - İslahat zamanıdır...












İnformasiya kommunikasiyalarının sürətli inkişafı dövründə xarici faktorlar ölkələrin gündəmi qısa müddətdə dəyişir. Daxili problemlərin ictimai müzakirəsi arxa plana keçir, onun yerini dünyanın diqqətində olan başqa böhranlar tutur. Qazaxıstanda bir neçə gündür başlayan üsyan da ən azı postsovet məkanında aparıcı mövzudur, hadisənin səbəbləri, perspektivi və olayların regionun digər ölkələrinə təsiri geniş müzakirə olunur. Azərbaycan cəmiyyəti bu cür hadisələrə daha həssasdır. Sosial şəbəkələrdə və mediada başlıca mövzu Qazaxıstanda baş verən hadisələrdir. Dünən keçmiş prezident Nursultan Nazarbayevin heykəlinin yıxılması necə sevinclə qeyd olunurdusa, bu gün Rusiya ordusunun Qazaxıstana gətirilməsi eyni məyusluqla şərh olunur. Hətta Qazaxıstan hökumətinin bu addımı ilə Azərbaycanda 1990-ci il 20 yanvar hadisələri arasında paralellər aparılır.

Şübhəsiz ki, postsovet ölkəsində baş verən bu üsyanın nəticələri regionun bütün ölkələrinin həm daxili, həm də xarici siyasətinə təsir edəcək. Sosial partlayışın zorakılıq, qarşıdurmaya çevrilməsi, kütləvi qətllər, nəhayət, hökumətin xarici orduları Qazaxıstana çağırması həm cəmiyyətlərin, həm də hökumətlərin dərslər çıxarması üçün örnəkdir. Xüsusilə Azərbaycanın bu hadisələrdən çıxarmalı olduğu dərslər var.

Əlbəttə, ilk növbədə ölkəni idarə edən hakimiyyət vəziyyəti yenidən dəyərləndirib problemləri həll etmək, narazılıqları aradan qaldırmaq, dialoq mühitini bərpa etmək haqda düşünməlidir. Bu gün ölkədə ciddi narazılıq olsa da müxtəlif səbəblərdən inqilabi şərait yoxdur. Amma Qazaxıstanda baş verən olaylar göstərdi ki, adi bir olay qığılcıma çevrilir və nəticədə dövləti, cəmiyyəti onilliklərlə geri salan faciəyə sürükləyir. Yəni, klassik inqilabı yetişdirən səbəblər kondisiya həddinə çatmadan belə vəziyyət kökündən dəyişə bilər.

Azərbaycanda təxirə salınmadan həllini gözləyən problemlərin başında siyasi islahatlar dayanır. Qazaxıstan təcrübəsi göstərir ki, onilliklər boyu siyasi müxalifətin sıxışdırılaraq marginallaşdırılması, vətəndaş cəmiyyətinin, azad medianın boğulması ölkədə başlıca destabilzasiya mənbəyidir. Çünki istənilən cəmiyyəti birrəng etmək qeyri-mümkündür, narazlıqlar, ən ideal iqtisadi şərtlər təmin olsa belə, olacaq. Onların leqal ifadəçisi olan qüvvələr, cərəyanlar olmasa, meydana radikal qruplar çıxacaq, onların ifasında baş verən kortəbii etirazlar isə dağıdıcı üsyanlara gətirib çıxarır. Bu şəraitdən istifadə edən xarici qüvvələr dərhal hərəkətə keçir və öz şərtlərini diktə edir. Necə ki, hazırda Rusiyanın Tokayev hakimiyyəti qarşısında ağır şərtlər qoyduğu barədə məlumatlar yayılır.

Beləliklə, avtoritarizm dövlətin milli müstəqilliyi üçün başlıca təhlükəyə çevrilir. Azərbaycan da geopolitik qarşıdurmaların mərkəzlərindən biri olan Cənubi Qafqazda, Rusiya və İranın qonşuluğunda yerləşir. Ölkənin milli təhlükəsizliyi demokratik sistemin bərqərar edilməsini diktə edir. Bu, bütün siyasi qüvvələrə bərabər şərait yaradılması üçün azad, ədalətli seçkilərə təminat verən seçki və məhkəmə sisteminin bərqərar olunmasından keçir. Bütün narazılıqların, etirazların həlli üçün vahid mexanizm dialoq və seçkilər olmalıdır ki, nə zamansa Qazaxıstandakı kimi dövləti iflic edən qarşıdurma ssenariləri işə düşməsin.

Hakimiyyətlə bərabər cəmiyyətin aparıcı qüvvələrinin də kifayət qədər böyük məsuliyyəti var. Doğrudur, onların siyasi meydandan sıxışdırlması kifayət qədər problemlər yaradır. Uzun illər aparılan qara piar kampaniyaları, yaradılmasına cəhdlər edilən daxili düşmən obrazı müxalifətin cəmiyyətə təsir etmək imkanlarını aşağı salır. Amma təcrübə göstərir ki, fors-major hallarında belə qüvvələr qısa müddətdə aparıcı qüvvəyə çevrilməyə nail ola bilirlər. Çünki siyasi meydanda başqa alternativlərin qalmaması onlara öz rollarını oynamağa imkan verir. Hazırki şəraitdə bu qüvvələrin Qazaxıstanda baş verən üsyanı təbliğ etməsi yanlışdır.

Əvvəla, belə cəhdlər hakimiyyəti qıcıqlandırır və daha sərt tədbirlərə əl atmasına rəvac verir.

İkincisi, inqilabi cağırışlar narazı cəmiyyəti daha da radikallaşdırır, Qazaxıstan təcrübəsi göstərir ki, qəzəbli kütlə nəinki hakimiyyəti, dövləti də vurub dağıdır və sonu görünməyən faciələrə yol açır.

Üçüncüsü, son 20 ildə baş verən inqilabların təcrübəsi göstərir ki, nadir hallarda cəmiyyət, dövlət bu prosesdən az itki ilə çıxır və inkişaf yoluna qədəm qoyur. Belə ölkələrdə güclü vətəndaş cəmiyyəti, partiyalar və müstəqil media olur və onların təşkilatçılığı ilə üsyan deyil, məxməri inqilab baş tutur. Postsovet məkanında az-çox Gürcüstan bu nümunəyə uyğun gəlir. Ukrayna, Qırğızıstan, Ermənistanda inqilabi yolla hakimiyyət dəyişiklikləri baş versə də onların siyasi böhrandan çıxıb normal inkişaf yoluna qədəm qoyduqlarını demək çətindir.

Sərt diktaturaların siyasi inkişafı buxovladığı ərəb ölkələrində baş vermiş inqilabi proseslərin nəticələrini isə geniş şərh etməyə ehtiyac yoxdur. On minlərlə insanı məhvinə səbəb olan, ölkəni tar-mar edən daxili müharibələr on ildir dünyanın əsas probleminə çevrilib.

Beləliklə, Azərbaycan hakimiyyəti və ona müxalif olan qüvvələr hələ itirilməmiş bu imkanı yaxşıca dəyərləndirməlidirlər. Heç bir siyasi, iqtisadi, şəxsi maraqlar dövlətin, cəmiyyətin varlığından üstün deyil. Onları təhlükəyə atacaq şərtlər qeybdən gəlmir, hazırkı düşmənçilik münasibətləri nəticəsində ortaya çıxır.

Bu gün siyasi maraqlar davası aparmadan belə ölkənin çoxsaylı problemlərin həlli ilə bağlı müzakirələr açmaq olar. Başlıca olaraq əhalinin düşdüyü ağır sosial-iqtisadi vəziyyət, ondan çıxış yollarının tapılması cəmiyyətin ən ümdə məsələsidir. Çünki hökumətin il boyu rəvac verdiyi bahalıq gəlirlərin azalması fondunda vətəndaşların həyatını kəskin pisləşdirib, yoxsulluq səviyyəsini artırıb. Dövlətin milyardlıq maliyyə ehtiyatları ilə öyünməsi fonunda sosial xərcləri kəsməsi, məmurların irimiqyaslı korrupsiya qalmaqalları insanları hədsiz qəzəbləndirir. Hökumət bu sahədə islahatlar aparmaqla ölkəni gözləyən təhlükələri neytrallaşdırmağa başlaya bilər… //PRESSKLUB.AZ//




Paylaş:


Müəllif : Tarix:
7-01-2022, 08:46
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər