reklam
Regionxeberlericom.az » Cəmiyyət » "Şahidlər qəzaya AA seriyalı “Lexus”un səbəb olduğunu deyir, polis görüntüləri vermir"

reklam

"Şahidlər qəzaya AA seriyalı “Lexus”un səbəb olduğunu deyir, polis görüntüləri vermir"


















Binəqədi rayon sakini Nicat Quliyev atası Nazim Quliyevin yol qəzasında ölməsi ilə bağlı aparılan araşdırmanın gedişatından narazıdır.

regionxeberlericom.az “qafqazinfo”ya istinadla xəbər verir ki, vətəndaş hadisədən 1 aya yaxın vaxt keçməsinə baxmayaraq, hələ də qəzanın görüntülərini əldə edə bilmədiklərini deyir. O iddia edir ki, iş üzrə araşdırma aparan Binəqədi Rayon Polis Şöbəsinin müstəntiqi Ramil Qabulov görüntüləri verməkdən yayınır: “Atam dekabrın 30-da Bakı-Sumqayıt yolunda qəzaya düşüb. Maşın Biləcəri qəsəbəsinə dönən yolda beton maneəyə çırpılıb və hadisə yerində də keçinib. Ətrafda hadisəni görənlər deyir ki, qəzaya başqa bir maşın səbəb olub. Biz də hadisənin necə baş verdiyini bilmək üçün kamera görüntülərini istəyirik. Amma işə baxan müstəntiq gah deyir görüntülər verilmir, gah deyir Baş Dövlət Yol Polisi İdarəsinə sorğu göndərmişəm. Bir neçə saniyəlik görüntünü almaq 1 aydır mümkün olmur. Bu işdə qərəz olduğunu düşünürəm”.

N.Quliyevin iddiasına görə, hadisəni görən adamlar qəzaya AA seriyalı “Lexus” markalı avtomobilin səbəb olduğunu bildiriblər: “Hadisədən sonrakı anın görüntüləri sosial şəbəkələrdə yayılıb. Maşın parça-parça olmuşdu, atam da qəzadan sonra maşından aşağı düşmüşdü. 40 ildir sürücü işləyirdi, bu cür təcrübəli adamın maşını heç nədən düz yolda beton maneəyə çırpması şübhə doğurur. Üstəlik, onun maşını da köhnə bir yük maşını olub. Saatda 60 km-dən artıq sürmək mümkün deyildi. Məndə şübhə yaranıb ki, AA markalı həmin maşın kimdirsə, vəzifəli şəxsdir. Fikrimcə, araşdırmanı aparanlar onu qorumaq üçün belə edə bilərlər. Həm də ekspertiza rəy verib ki, qəza zamanı atam içkili olub. Atam iş başında heç vaxt içki içməyib”.

Mərhumun oğlu araşdırmadan narazı olduqları ilə bağlı Binəqədi Rayon Prokurorluğuna müraciət etdiklərini bildirib: “İstəyimiz odur ki, bu qəzada kiminsə günahı olubsa, qanun qarşısında cavab versin”.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin inspektoru Anar Qafarov bildirdi ki, hadisə ilə bağlı Binəqədi Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) maddəsi ilə cinayət işi başlanıb, istintaq tədbirləri aparılır: “30 dekabr 2021-ci ildə Nazim Quliyevin idarə etdiyi “Qaz 33 021” markalı avtomobil Bakı-Sumqayıt avtomagistralının kənarında quraşdırılmış beton maneəyə dəyib. Hadisə nəticəsində sürücü aldığı xəsarətdən hadisə yerində dünyasını dəyişib.

Vəfat edən şəxsin hüquqi varisi Asim Quliyevin ifadəsi alınıb. Qəzanı görən şəxslərin müəyyən edilməsi istiqamətində iş aparılır. İşlə bağlı Binəqədi Rayon 6-cı Polis bölməsinə müvafiq tapşırıq göndərilib və ekspertiya təyin edilib. Habelə qəza baş verən ərazidə qeydə alınmış videogörüntülərlə bağlı DİN-in “Təhlükəsiz Şəhər” idarəetmə sisteminə sorğu göndərilib. Hazırda cinayət işi üzrə istintaq davam edir”.

DİN rəsmisi əlavə edib ki, vətəndaş hadisənin kamera görüntülərini əldə etmək üçün istintaq orqanına müraciət etməlidir.





Paylaş:


Müəllif : Tarix:
26-01-2022, 10:27
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər