reklam
Regionxeberlericom.az » Cəmiyyət » Paşazadə KÜNCƏ SIXIŞDIRILIR... - ŞƏRH

reklam

Paşazadə KÜNCƏ SIXIŞDIRILIR... - ŞƏRH

















“Dini etiqad azadlığı haqqında” qanunun 8-ci maddəsinə təklif olunan dəyişikliyə görə, Azərbaycanda məscidlərə dini rəhbərlərin təyinatı səlahiyyəti Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə verilir.

Qeyd olunur ki, İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara rəhbərlik edən din xadimlərinin təyinatı səlahiyyəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana həvalə olunacaq.

Qanunun 8-ci maddəsinin hazırkı variantı belədir: “İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara rəhbərlik edən din xadimləri müvafiq icra hakimiyyəti orqanına məlumat verilməklə, Qafqaz Müsəlmanları İdarəsi tərəfindən təyin olunur və hər beş ildən bir attestasiyadan keçir”.

Dəyişiklik təklifini Pressklub.az-a şərh edən təhlükəsizlik sahəsi üzrə ekspert İlham İsmayıl bildirib ki, dini rəhbərlərin təyinatı səlahiyyətlərinin Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə verilməsi gecikmiş olsa da, doğru addım olardı. Ekspert qeyd edib ki, məscidlər, ziyarətgahlar insanların kütləvi şəkildə üz tutduğu məkanlardır. O, təəssüflə vurğulayır ki, bu yerlərə rəhbərlik edənlərin əksəriyyətinin dini bilikləri, dünyagörüşləri məhdud çərçivədə olduğundan bu yerləri ziyarət edənlər həqiqi dini inancdan çox təriqət və mövhumatçılıq istiqamətinə yönəldiliblər:

“Din bayrağı altında xarici ölkələrin dövlətçiliyimizin təməl prinsiplərinin, dünyəvi quruluşunun əleyhinə yönəlmiş fəaliyyətləri bu cür məhdud təfəkkürlü dindarların günahı ucbatından özünü müxtəlif kateqoriyalı insanlara, xüsusilə gənclərə mənfi təsiri ilə göstərmiş və zaman-zaman ağır nəticələrə gətirib çıxarmışdır. Yeri gəlmişkən, qardaş Türkiyədə əvvəldən belə sistem yaradılıb. Bu qanunun Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri, hörmətli şeyx Allahşükür Paşazadənin səlahiyyətlərinin azaldılmasına yönəldiyi və ya bu təyinatlardan “ öz maraqları üçün istifadə etməsi” fikri yanlışdır. Şeyx dövlətçilik maraqlarını hər zaman üstün tutub və bu istiqamətdə xidmətləri danılmazdır. Əksinə, bu məsuliyyətin dövlət qurumunun ixtiyarına verilməsi Qafqaz Müsəlmanları İdarəsinin də maraqlarına uyğundur və ziddiyyət yaratmayacaq. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yeni səlahiyyəti həm də yeni məsuliyyət deməkdir. Təyinatlar zamanı müvafiq dövlət orqanlarının rəyinin nəzərə alınması zəruridir və perspektivdə xarici təsirlərin, eləcə də radikal dindar kəsimin inanclı insanları yanlış istiqamətə yönəldilməsinin qarşısının alınmasına xidmət edəcək”.

İlahiyyatçı Elşad Miri isə Pressklub.az-a deyib ki, bu qaydalar əksər ölkələrdə var. “Məsələn, Qazaxıstanda məscidlərdə ATM kimi aparatlar quraşdırılıb və üstünə yazılıb ki, “Sədəqə”, “Zəkatmatik” və s. O aparatlar vasitəsi ilə nəzirlər online formada ödənilir. Online olduğu zaman bunu nəzarətdə də saxlamaq, hara yönləndirildiyinin hesabatını vermək olur. Digər formada isə bu, insanların öz vicdanlarına qalır”, – o qeyd edib.

E.Mirinin sözlərinə görə, Türkiyədə də məscidlərin dərnəkləri olur və orada nəzir, sədəqə verənlərə rəsmi şəkildə mədaxil qəbzi verirlər: “Sabah onlar həmin mədaxil qəbzlərinə uyğun olaraq, yığılan pullarla bağlı Vakflar Genel Başkanlığına hesabat verirlər”.

E.Miri xatırladır ki, dünyada müxtəlif qurumlar var ki, onlara sayt vasitəsi ilə yardım olunur: “Hətta bu gün “Youtube”da da “qatıl” düyməsi olur və siz ora basan zaman həmin insanlara dəstək ola bilirsiniz. Yəni, bu, dünyanın hər yerində olan sistemdir, bizimkilər indi etmək istəyirlər”.

İlahiyyatçının sözlərinə görə, bunu etməkdə indiyə qədər mövcud olan, ianə adı ilə vergidən azad olan, hesabatı olmayan bir məsələyə rahatlıqla nəzarət olunacaq: “Eyni zamanda, bu sistemin şəffaf olacağına ümid edirəm. Çünki əsas məqsəd bu olmalıdır. Həmin o pulların qəpiyinə qədər hesabatı verilməlidir ki, hara, necə və nə məqsədlə xərclənir. Çünki kimsə götürüb, öz istədiyi kimi xərcləyə bilməz”.




Paylaş:


Müəllif : Tarix:
29-01-2022, 09:37
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər