reklam
Regionxeberlericom.az » Cəmiyyət » Qarabağ qazisi: “19 yaşımda mərminin insanı necə parçaladığını gördüm” – MÜSAHİBƏ

reklam

Qarabağ qazisi: “19 yaşımda mərminin insanı necə parçaladığını gördüm” – MÜSAHİBƏ











Hər gün onlarla, yüzlərlə insanla rastlaşırıq, amma onların həyat hekayəsini təsəvvür belə edə bilmirik... Onlar kimlərdir, nələr yaşayıblar?!

Müsahibənin qəhrəmanı 21 yaşlı Nəzər Cəfərovdur. Yaşının az olmasına baxmayaraq, o, artıq 44 günlük Vətən Müharibəsindən keçib. Bundan əlavə, o, Azərbaycanın reqbi klubu “Qarabağ”ın oyunçusudur.

Media.Az Qarabağ müharibəsinin qazi idmançısı ilə həmsöhbət olub.

- Qafqazda reqbi bir o qədər də populyar deyil. Bu idman növünü seçməyə sizi nə vadar etdi?

- Deyə bilərəm ki, idmana həvəsim məhz reqbi sayəsində olub. Reqbi bir idman növü olaraq yüksək təşkilatçılıq ilə xarakterizə olunur, bütün fiziki keyfiyyətlərə sahib olmaq lazımdır. O, əsl kişi idman növü adlanır, çünki oyunçulardan diqqətəlayiq fiziki hazırlıq tələb edilir, əlavə olaraq, komanda həmrəy olmalıdır.











- Nə vaxtdan reqbi oynayırsınız?

- 2013-cü ildən “Qarabağ” komandasında oynayıram, bir çox yarışlarda iştirak etmişəm, indiyə qədər də oynamağa davam edirəm.

- Reqbini təhlükəli idman növü adlandırmaq olar? Ciddi xəsarətlər almısınız?

- Xeyr. Bu oyun kənardan kifayət qədər aqressiv görünsə də, orada ciddi zədələr almaq demək olar ki, mümkün deyil. Oyunçular adətən rəqibi saxlayarkən zədələnirlər. Futbol daha təhlükəlidir, çünki oyunçuların ayaqları toqquşur, zərbənin sürəti və gücü çox vaxt ciddi zədələrə səbəb olur.

- Qeyd etdiniz ki, reqbi əsl kişi idman növüdür. Bəs qadınlar üçün bu idman növü nə dərəcədə uyğundur?

- Başlanğıcda demək olar ki, istənilən növ fiziki fəaliyyət kişi xarakterli hesab edilsə də, zaman keçdikcə idman hər kəs üçün əlçatan oldu. Qadınlar çoxdan ağır atletika, boks kimi idman növlərində təmsil olunurlar, onlara reqbi oynamağa nə mane ola bilər? Reqbi zəka və həmrəylik tələb edir, qadınlarda bu keyfiyyətlər var, ona görə də heç bir maneə görmürəm.















məşqçi ilə

- Həmrəylik bütün sahələrdə vacibdir... 2020-ci il bütün Azərbaycan xalqı üçün əlamətdar bir il oldu və məhz həmrəylik  Azərbaycanın 44 günlük Vətən Müharibəsindən qalib çıxmasına kömək etdi…

- Haqlısınız, cəbhədə keçirdiyim o 44 günü heç vaxt unutmayacağam.

- Ailəniz müharibəyə getdiyinizi biləndə necə reaksiya verdi?

- Mən vətənpərvərlik ruhunda tərbiyə aldığım üçün ailəm bununla fəxr etdi. Uşaqlıqdan xalqımızın nələrə dözdüyünü eşidib, görüb həmişə fikirləşirdim ki, niyə biz torpaqlarımızı hərbi yolla qaytarmırıq?! Mən orada olmağı xəyal edirdim. Bu məsələyə çoxdan son qoymaq lazım idi. Allaha şükür, Prezidentimizin sayəsində buna nail olduq.














                                                         

- Harada xidmət etmisiniz?

- Mənim yolum Füzuli rayonunun Alxanlı kəndindən başlayıb. Həmkarlarımla lazım olan yerə əvvəlcə KAMAZ maşınlarında, sonra piyada getdik. Lakin yüzlərlə metr belə getməmişdik ki, mərmi birbaşa maşınlara dəydiyindən onlar alovlandı. Feldşer kimi yaralılara kömək etdim. Minaatanlardan atəş kəndi tərk etməyimizə imkan vermədi. Bizim üçün tanklar göndərildi, onlardan biri raketlə vuruldu. Yanan maşından yaralıları çıxarmalı olduq, ölənlər və ağır yanıq xəsarətləri alanlar var idi.

Həmin gün erməni snayperləri bizim batalyonu fasiləsiz atəşə tutdular. Bütün yaralı əsgərləri geri göndərdik və özümüz də meşədə gecələmək qərarına gəldik. Ertəsi gün Azərbaycan dilində yüksək danışıq səsləri eşitdik. Ağ bayraqlı əsgərlər bizə yaxınlaşır, atəş açmamağımızı xahiş edirdilər. Komandirimiz şübhələndi, arxayınlaşmamağımızı istədi, çünki bu, tələ ola bilərdi. Və onun haqlı olduğu ortaya çıxdı. Düşmən əsgərləri ilə əhatə olunmuşduq...

...Ən çətini ölümlə barışmaqdır. Ən çətin günlərdə artıq aramızda olmayan həmkarları xatırladıq, doğmalarımız yadımıza düşdü. Müharibə öz təbiətinə görə çox qəddardır. 19 yaşımda mərminin insanı necə parçaladığını gördüm. Cəbhədə ölüm həmişə yaxındır... Dünən dostlaşdığınız insanlar isə bu gün əlinizdə ölə bilər. Amma biz ağlamadıq, torpaqlarımızı qaytarmaq istədik, ədalət istədik. Bizi irəliyə aparan məhz bu hiss idi...











-..və düşmənin necə qaçmasını izləmək...

- Cəbrayıl rayonu yaxınlığında dayanıb ermənilərin təxliyəsini izləməyimiz yadımdadır. Onların hər biri bütün əşyalarını toplayıb maşınla şəhəri tərk etmək imkanı var idi. 90-cı illərdə düşmənlər qadınlarımıza, uşaqlarımıza aman vermədi, amma biz humanist davrandıq. Biz silahsız insanlara atəş açmadıq, onların səviyyəsinə enmədik, çünki aramızda çox böyük fərq var. Biz terrorçu deyilik, əsgərik.

- Bildiyimə görə Şuşa şəhərinə çatanlardan biri də siz olmusunuz...

- Bəli, amma əvvəlcə şəhərə girmək çox təhlükəli olduğundan heyətimiz iki qrupa bölündü. Bir hissə Daşaltının dağlıq hissəsindən, digəri isə aşağı tərəflə getdi. Şəhər kənarında minaatanlardan atəşə tutmağa başladılar. Minalardan biri məndən beş metr aralıda partladı, huşumu itirdim. İki saatdan sonra məni özümə gətirdilər, heç nə xatırlamadım. Zərbə dalğasının dəhşətli təsirini heç nə ilə müqayisə etmək olmaz.

Amma Şuşa qalasını öz gözlərimlə görəndə özümü dünyanın ən xoşbəxt insanı kimi hiss etdim. Vaxtilə atalarımızdan alınmış Şuşanı qaytardıq. Bizim nəsil Azərbaycan tarixinə bu qalibiyyətli səhifəni yazdı və onun bir parçası olmaq mənim üçün böyük şərəfdir. Sizə danışdığım o 44 günün kiçik bir hissəsidir...









- Sizinlə fəxr edirik! Gələcək nəsillərə nə arzu edərdiniz?

- İnanmaq istəyirəm ki, onlar bizim qəhrəmanlarımızın şücaətlərini unutmayacaqlar. Bu qələbə və başımızın üstündəki aydın səma ordumuzun və Prezidentimizin xidmətidir. Bunu unutmaq olmaz, şəhidlərin xatirəsi əbədi yaşamalıdır.




Paylaş:


Müəllif : Tarix:
2-02-2022, 15:39
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər