reklam
Regionxeberlericom.az » Cəmiyyət » Məktəbdə övladıma döşəmə sildirirlər, psixoloji təzyiq göstərirlər - Valideyn fəryad edir

reklam

Məktəbdə övladıma döşəmə sildirirlər, psixoloji təzyiq göstərirlər - Valideyn fəryad edir




















"Ceyranbatan 1 nömrəli tam orta məktəbdə təhsil alan oğlum və qızım ciddi psixoloji təzyiqlərə məruz qalır".

Bu barədə  şikayət edən Ceyranbatan qəsəbə sakini Günay Yusubuva bildirib.

Valideyn iddia edib ki, psixoloji təyiqlərlə yanaşı, oğluna məcburən təmizlik işləri gördürülür:

“Bir ay bundan əvvəl oğlum Elgün Abbasov məktəbdən evə qayıdanda baxdım ki, uşağın bədənində səpgilər əmələ gəlib. Qorxduğum üçün uşağı Sumqayıt xəstəxanasına apardım və orada bütün analizlərini verdik. Analizlərin cavabında allergiya, qan azlığının və bir az da soyuqlaması olduğu məlum oldu. O vaxt sinifdə koronavirusa yoluxma olmuşdu və şagirdlərdən kimsə müəlliməni də yoluxdurmuşdu. Hətta sinif rəhbəri olan Ulduzə müəllimənin oğlu da ondan dünyasını dəyişmişdi. Ona görə də ehtiyat baxımından bir müddət uşağı qorudum, evdə allergiyaya görə müalicə aldı, vitaminlər də verdim. Sən demə, allergiyanın səbəbi başqa imiş... Elgünə dərsdən sonra xlorlu əski ilə divar, döşəmə sildiriblər. Uşaq mənə deyir ki, “ana, bu nə deməkdir, məktəbin təmizlik işinə baxanlar olduğu halda mən niyə divarları silirəm?”. Həmin gün uşağım dərsdə qalmışdı və evə də gec gəlmişdi. Həmçinin məktəbdən haçan evə qayıdırsa, müxtəlif əsəb, gərginlik, stress içində gəlir. Deyir ki, “bezmişəm artıq, məktəbə getmək istəmirəm”. Bunu kimin elətdirdiyini uşaq demir, yəqin, qorxur. Kimlərinsə məktəbdə həm oğluma, həm də qızıma ciddi psixoloji təzyiqləri var. Kimsə jurnalın arxasında Elgünün qiymətini ağardıcı ilə pozaraq yerinə sıfır yazıb. Ona görə bir valideyn kimi bilirəm ki, məktəbdə uşağıma təzyiqlər olur. Uşağım məktəbdə summativdə (qiymətləndirmə testində) iştirak edərək qiymət alıb, amma kimsə onu ağardıcı ilə silərək yerinə sıfır yazıb. Axı kim edir bunu? Niyə uşağım hər gün psixoloji sarsıntı yaşamalıdır? Bilmirəm o məktəb türmədir, nədir?!. Kim nə istəyir öz bildiyi kimi hərəkət edir”.

Günay Yusubuva aidiyyəti şəxslərdən bu məsələni araşdırmasını xahiş edib: “Aidiyyəti qurumlardan xahiş edirəm ki, bu, məsələni araşdırsınlar. Ötən gün uşağımın telefonunda yaddaş yerinə baxıram, ancaq ölümlə bağlı videolar yükləyib. Səbəbini soruşanda, deyir, “ana ən gözəl həyat, o həyatdır”. Oğlum indidən ölmək haqqında düşünür. Bəs mənim illərdir onlar üçün çəkdiyim əziyyət necə olacaq? Mən zülmlə onları böyütmüşəm”.



Məsələ ilə bağlı Ceyranbatan 1 nömrəli tam orta məktəbi ilə əlaqə saxladıq.

Məktəbdən bildirdilər ki, Abşeron rayon Təhsil Şöbəsinin razılığı olmadan mediaya açıqlama verməyə icazələri yoxdur:

“Sizi ilk növbədə Təhsil Şöbəsinə müraciət etməlisiz. Bizim onların icazəsi olmadan açıqlama verməyə ixtiyarımız yoxdur”.



Abşeron Rayon Təhsil Şöbəsi ilə də əlaqə saxladıq.

Təhsil şöbəsinin ictimaiyyətlə əlaqələr şöbəsindən Aysel Tahirova qeyd etdi ki, bununla bağlı valideynin rəsmi müraciəti yoxdur: “Biz istənilən müraciəti valideynin və məktəb rəhbərliyinin iştirakı ilə araşdırırıq. Bu, məsələ ilə bağlı heç bir müraciət daxil olmayıb. Amma yaxın müddətdə mediada valideynin adından uşağa məktəbdə şiddət göstərilməsi ilə bağlı yazı yayılmışdı. Mən valideynlə danışdım, o dedi ki, heç bir şikayətim yoxdur, məktəbdən də, rəhbərlikdən də razıyam. Səhv etmirəmsə, bu valideyn idi. Lakin biz yenə də məsələni araşdırarıq, baxaq, həqiqət nədir”.(Bakupost)





Paylaş:


Müəllif : Tarix:
4-02-2022, 13:40
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər