reklam
Regionxeberlericom.az » Cəmiyyət » “İstintaqın gedişi daha yüksək rütbəlilərin məsuliyyətə cəlb edilməsinə gətirib çıxara bilər” - GƏLİŞMƏ

reklam

“İstintaqın gedişi daha yüksək rütbəlilərin məsuliyyətə cəlb edilməsinə gətirib çıxara bilər” - GƏLİŞMƏ

















Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi əməliyyat zamanı Müdafiə Nazirliyinin (MN) 4 yüksək vəzifəli zabiti həbs edilib. Onlara qarşı Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham irəli sürülüb. MN-in mənimsəmədə təqsirləndirilən zabitləri - Maliyyə İdarəsinin rəisi Rafael Xəlilov, N saylı hərbi hissənin maliyyə şöbəsinin rəisi Fəzail Əliyev, Quru Qoşunlarının Maliyyə İdarəsinin rəisi Bayram Bayramov və Maliyyə İdarəsinin zabiti Vüsal Əlizadə barəsində istintaq orqanının təqdimatına baxılıb. Bakı Hərbi Məhkəməsində təqdimat təmin edilib. Təqsirləndirilən şəxslərin hər biri barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Rəsmi açıqlamada ordunun zabitlərinin külli miqdarda mənimsəməyə görə tutulduqları qeyd edilsə də, DTX-nın əməliyyatının "Tərtər işi" ilə əlaqəli olduğuna dair qeyri-rəsmi iddialar da səsləndirilir. Lakin keçmiş Milli Təhlükəsizlik Nazirliyinin sabiq əməkdaşı, təhlükəsizlik məsələləri üzrə ekspert, polkovnik İlham İsmayıl AYNA-ya açıqlamasında deyib ki, sözügedən əməliyyatın və həbslərin "Tərtər işi" hər hansı bir əlaqəsini istisna edir.

Ekspertin fikrincə, bunlar tamamilə başqa məsələlərdir: "Belə fikirlər səsləndirilir ki, bu həbslər Müdafiə Nazirliyinin rəhbərliyinin təmizlənməsi üçün başlanğıcdır. Lakin Nazirliyin rəhbərliyi ilə bağlı "Tərtər işi"ndən istifadə etmək olar, niyə həbs dalğası maliyyə maxinasiyası ilə bağlı başladılsın?! Ona görə də hesab edirəm ki, zabitlərin həbsinin "Tərtər işi" ilə əlaqələndirilməsi düzgün deyil. "Tərtər işi" maliyyə yox, işgəncə məsələsidir".

"Müdafiə Nazirliyində maliyyə maxinasiyaları uzun müddətdir ki, baş verirdi. Bu, yeni bir hal deyil. Rəqəmlərə də fikir versək, görərik ki, söhbət kifayət qədər böyük pullardan gedir. Fikirləşmək ki, bu qədər maliyyə maxinasiyasını sadəcə həbs edilənlər həyata keçiriblər, başqalarının burada əli yoxdur - bu, mümkünsüzdür. Yəqin ki, perspektivdə yeni həbslər olacaq, məsələ tutulan 4 nəfərlə bağlanmayacaq. Bu həbslər daha yuxarı səviyyələrdəki vəzifəlilərin cinayətlərinin aşkarlanmasına gətirib çıxara bilər. Bu ehtimal yüksəkdir", - deyə həmsöhbətimiz söyləyib.

Əlavə edib ki, işgəncə faktlarını, "Tərtər işi" məsələsini bir qədər də şişirdib Azərbaycan Ordusunu nüfuzdan salırlar, məhv edirlər: "Orduda qarmaqarışıqlıq yaranıb, yüksək çinli zabitlər arasında qarşıdurmalar, intriqalar var. DTX-nın vəzifəsi təkcə düşmənin kəşfiyyat işinin, casus fəaliyyətinin qarşısını almaq deyil, eyni zamanda, ölkənin müdafiə qabiliyyətini aşağı sala biləcək istənilən neqativ halın qarşısını almaqdır. Düşünürəm ki, DTX düzgün, uğurlu əməliyyat keçirib. Biləsiniz ki, bu, təkcə DTX-nın ixtiyarı ilə verilən qərar deyil, həm də ölkə rəhbərinin siyasi iradəsinin nəticəsidir".

"Açıq deyim ki, Prezident orduda kifayət qədər təmizlənmələrin aparılmasını istəyir. Bu təmizlənmələr ordunun müdafiə qabiliyyətinin yüksəlməsinə xidmət edəcək. Yenə deyirəm, Müdafiə Nazirliyində keçmiş heyətin adamları var - hansı ki, kök salmış korrupsionerlərdir. Maxinasiyalar hansısa bir mühasibin əməlinin nəticəsi deyil. Yüksək məbləğlər sadəcə şöbə rəisinin iradəsi ilə edilmir ki... Daha yüksək instansiyalara rəhbərlik edənlərə baxmaq lazımdır. İndi həbs olunanların istintaqı perspektivdə yuxarı çinlilərlə bağlı qərarların verilməsinə yol aça bilər. "Yuxarılar"ın maxinasiyaları haqqında şübhələri əsaslandırmaq üçün istintaqın gedişi önəmlidir. Qənaətim ondan ibarətdir ki, istintaqın gedişi daha yüksək rütbəlilərin məsuliyyətə cəlb edilməsinə gətirib çıxara bilər", - deyə İsmayıl vurğulayıb.

“Maxinasiyalarla bağlı əməliyyatı niyə Baş Prokurorluğun Korrupsiyaya Qarşı Mübarizə İdarəsi deyil, DTX həyata keçirir” sualına müsahibimizin cavabı belə olub: "Belə əməliyyatı keçirmək üçün Baş Prokurorluğun adını çəkdiyiniz idarəsində texniki imkanlar yoxdur. Əməliyyat və texniki imkanlar xüsusi xidmət orqanına məxsusdur. Ola bilsin ki, Korrupsiyaya Qarşı Mübarizə İdarəsi DTX-ya əməliyyat keçirmək üçün müraciət və ya sifariş edib. Ola da bilər ki, bu əməliyyat DTX-nın Hərbi Əks Kəşfiyyat İdarəsinin (əvvəllər Xüsusi İdarə deyilirdi) əldə etdiyi informasiyalara əsasən həyata keçirilməli olub və özləri əməliyyatı aparıblar. Yenə deyirəm, əməliyyatın uğurlu aparılması üçün Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin texniki imkanları, potensialı DTX-dan xeyli aşağıdır. Bundan əvvəl də korrupsiya ilə, maxinasiyalarla bağlı DTX əməliyyat keçirib. Həbs olunan icra başçıları, nazirlik vəzifəliləri ətrafında əməliyyatları DTX aparıb".

Mütəxəssis həbslərin davamlı olacağını ehtimal edir: "İstənilən qurumda korrupsiya ilə bağlı həbs dalğası lazımi səviyyəyə gedib çıxa bilər. Açığını deyim ki, Azərbaycanda belə bir hal mövcuddur: belə məsələlər hüquqi yox, daha çox siyasi qərarla həll edilir. Materiallar toplanır, ifşaedici material kimi saxlanılır və yeri gələndə ondan istifadə olunur. Mümkündür ki, kimlərəsə qarşı ifşaedici materiallar, hətta cinayət materialları olsun. Yeri gələndə həmin materiallardan şəxsə və ya şəxslərə qarşı istifadə ediləcək. Demirəm ki, sabah istifadə ediləcək. Ola bilər ki, Müdafiə Nazirliyində kök salmış hansısa korrupsionerə, cinayət törətmiş yüksək rütbəliyə qarşı toplanmış və toplanacaq materiallardan bir il, il yarım sonra, ola da bilər elə sabah istifadə edilsin. Bunu dəqiq tarixlə proqnozlaşdırmaq çətindir".




Paylaş:


Müəllif : Tarix:
15-02-2022, 08:29
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər