reklam
Regionxeberlericom.az » Cəmiyyət » Həyəcan təbili: onları itiririk! - GƏLİŞMƏ

reklam

Həyəcan təbili: onları itiririk! - GƏLİŞMƏ


Qeyri-neft sektorunda ən gəlirli sahələrdən biri istixana biznesidir. Elə bu səbəbdən də iqtisadçılar post-neft dövrünə hazırlığın aqrar sektorundan başlamalı olduğunu deyirlər. Statistik göstəricilərə nəzər salsaq, görərik ki, pomidor Azərbaycanın ixracında uzun müddət dövrdüncü yeri tutub. Rusiyada kifayət qədər məşhur olan Azərbaycan pomidoru Bakının kəndlərində, Şəmkir, Səlyan və digər rayonlarda yetişdirilib ərsəyə gətirilir. Məhsul ixracı o qədər çoxdur ki, bəzən Rusiyada bu amildən ölkəmizə qarşı təzyiq vasitəsi kimi istifadə edirlər.AYNA-ya daxil olan məlumata görə, Bakının kəndlərində fəaliyyət göstərən bəzi istixana sahibləri öz bizneslərini bağlayaraq, Rusiyanın Azərbaycanla cənub sərhədlərinə daşıyırlar. Bu sırada Dağıstanın, Həştərxanın, Ryazanın, Tulanın və s. adları çəkilir. İddialara görə, sahibkarların belə bir addım atmasına səbəb gömrük, nəqliyyat, elektrik və qaz tariflərinin baha olmasıdır

Qeyd edək ki, son illərdə “Made in Azerbaijan” brendinin təşviqi, daxili istehsalın artırılması istiqamətində çoxsaylı çağırışlar edilir, hökumət müəyyən addımlar atır. Bütün bunların fonunda, ən gəlirli biznes sahələrindən birinin iştirakçılarını ölkədən köçməyə vadar etmək, yerli sahibkarları Azərbaycandan uzaqlaşdırmaq hansı məntiqə sığır? Bunun qarşısını almaq üçün hansı addımlar atılmalıdır?

Sahibkar, aqrar sahə üzrə ekspert Əfruz Niftilinin AYNA-ya dediyinə görə, iki il öncəyə qədər pomidor istehsalı ölkəmizin iqtisadiyyatında mühüm yer tuturdu: “Faktiki olaraq Rusiyanın pomidor bazarı Azərbaycanın təbii inhisarındaydı. Türkiyə, İspaniya, Serbiya pomidorları Azərbaycan məhsulları ilə rəqabətdə ciddi fərqlə uduzurdu. Yanaşma bundan ibarət idi ki, Azərbaycan pomidoru bazara daxil olurdusa, digər ölkələrin məhsulları satılmırdı. Çünki olduqca dadlı və keyfiyyətli məhsullar idi. Rusiyanın demək olar ki, bütün şəhərlərində Azərbaycanın pomidor brendi formalaşmışdı. Hətta Vladimir Jirinovski də bunu öz çıxşında qeyd edirdi. Bakının kəndləri, Şəmkir, Səlyan, qismən də Tovuz və Qazax rayonlarının əhalisi Rusiyaya pomidor ixracı sayəsində dolanırdı. Sonradan böyük pomidor istixanaları fəaliyyətə başladı və bundan sonra ixracatda ciddi geriləmələr başladı”.

Ekspertin sözlərinə görə, əksəriyyəti faktiki olaraq məmur oliqarxiyasına aid olan bu istixanalar kakos ununda pomidor yetişdirməyə başladı: “Bundan sonra Azərbaycan pomidorunun keyfiyyəti itdi. Bu məhsullar türk məhsullarına bənzəməyə başladı. Bu gün Rusiya bazarlarında Azərbaycan pomidoruna maraq ciddi şəkildə azalıb və hətta Türkiyə pomidorundan belə, aşağı qiymətə təklif olunur. Özbəkistan pomidoru dadına və keyfiyyətinə görə bizim pomidoru qabaqladı. Brend nüfuzdan düşdüyü üçün artıq yerli sahibkarlar da bu biznesdən əl çəkməyə başladılar”.

“Nəzərə alaq ki, bir yük maşını pomidorun daşınması 3 min manat məsrəf deməkdir və onun da üzərinə bahalı işıq, qaz tariflərini əlavə etdikdə, məhsulun maya dəyəri artır. Bu xüsuda sahibkarlar Rusiyanın özündə bu biznesi təşkil etməyə başladılar”, - deyə Niftili vurğulayıb.

Əlavə edib ki, Rusiyanın müxtəlif şəhərlərində yerləşən pomidorun əsas istehsalçıları azərbaycanlılardır: “Təəssüf ki, onların köç etməsindən sonra Dağıstan, Həştərxan, Ryazan, Tula pomidorlarına maraq artdı. Sahibkarların bir hissəsi öz istixanalarını söküb Rusiyaya daşıdı. Bu, çox ciddi problemdir. Təsəvvür edin, Azərbaycan texnologiyası ilə Rusiyada azərbaycanlılar pomidor yetişdirir və bazarı təmin edirlər. Bununla da Azərbaycan brendi deyilən pomidor anlayışı tarixə qovuşdu. Rusiyada, Türkiyədə və İranda aqrar sektora yaradılan şərait daha münbitdir. Bundan çıxış yolu isə artıq kifayət qədər çətin məsələdir. Böyük istixanalar yalnız Türkiyə pomidoru ilə rəqabət apara bilir. Kiçik istixanaları isə sağlam məhsul yetişdirməyə təşviq etmək, subsidiya ayırmaqla, yenidən Azərbaycan pomidorunun əvvəlki nüfuzunu qaytarmaq olar”.

İqtisadçı alim Xalid Kərimli də AYNA-ya açıqlamasında söyləyib ki, Azərbaycandakı istixanaların Rusiyanın cənub sərhədlərinə köçürülməsi ciddi problemdir: “Səbəb ondan ibarətdir ki, istixana sahibləri sərhədi keçərkən müxtəlif maneələrlə üzləşirlər. Həm yolda çox ləngiyirlər, həm də əlavə xərcə düşürlər. Rusiya da öz növbəsində obyektiv və subyektiv səbəblərdən bu məhsulların gəlişini gecikdirir. Bütün bunlar istixanaların ərsəyə gətirdiyi məhsulların maya dəyərinin artmasına gətirib çıxarır. Bəzən onlar istehsal etdikləri məhsulları maya dəyərindən də aşağı qiymətə təklif edirlər. Moskvanın postsovet ölkələrinə bu yolla təzyiqləri ciddi problemdir. Bütün bunlar uzun illərdir əhalinin əsas gəlir mənbələrindən birinə çevrilmiş istixanaların rentabelliyini azaldır”.

Ekspertin sözlərinə görə, sahibkarlar çıxış yolu olaraq Rusiyanın özündə istehsala üz tuturlar: “Məlumdur ki, Rusiya daxili istehsala xüsusi önəm verir və sahibkarlar heç bir maneə olmadan məhsullarını rahat şəkildə satışa çıxara bilirlər. Burada Azərbaycan gömrük orqanlarının da üzərinə böyük məsuliyyət düşür. Məhz onların yaratdığı süni əngəllər üzündən sahibkarlar Rusiyada fəaliyəti xilas yolu kimi görürlər”.

“Bu isə öz növbəsində “Made in Azerbaijan” brendinin təşviqi ilə daban-dabana ziddir. Rusiyada əmək və vergi xərcləri bizdən bahalı olsa da, digər xərclərə və Rusiyanın təzyiqlərinə görə sahibkarlar riskləri minimuma endirmək üçün Azərbaycandan gedirlər”, - deyə Kərimli fikrini yekunlaşdırıb.

Rusiyada tərəvəz məhsullarının istehsalı və satışı ilə məşğul olan sahibkar Nizami Aslanovun AYNA-ya dediyinə görə, Rusiyada aqrar sektora dövlət dəstəyi daha çoxdur: “Təsəvvür edin ki, Tver vilayətinin kənd təsərrüfatı ilə məşğul olan əhalisi heç Azərbaycanın bir rayonu qədər deyil. Çünki bu vilayətdə kəndlər boşalıb və əhali demək olar ki, kənd təsərrüfatı ilə məşğul olmur. Lakin buna baxmayaraq, Rusiya hökuməti bu məqsədlə təkcə Tver vilayətinin sakinlərinə 1,5 milyon rubl qrant ayırıb. Subsidiya, kredit yox a, qrant. Yəni, əvəzsiz dövlət dəstəyi”.

“Azərbaycanda isə gübrəni güzəşt adı ilə bazar qiymətinə sahibkarlara verirlər. Hökumət sahibkarı ümidsiz vəziyyətdə qoyub və üstəlik müxtəlif təzyiqlər göstərirsə, təbii ki, sahibkarlar xaricə axın edəcək. Sonra da deyəcəyik ki, niyə daxili istehsal artmır. Bu cür şəraitdə yerli istehsal artar? Əlbəttə ki, yox!”, - deyə müsahibimiz vurğulayıb.

Aslanov Rusiyada aqrar məhsullara böyük maraq olduğunu qeyd edib: “Ruslar tarixən meyvə-tərəvəz, bostan məhsullarına xüsusi önəm veriblər. Hesab edirlər ki, bu, sağlamlıq üçün başlıca şərtdir və istehlak xərclərində bu məhsullar xüsusi yer tutur. Azərbaycan pomidoru bir aralar burada çox məşhur idi. Dadına və keyfiyyətinə görə onu çox alırdılar. Sonradan keyfiyyət aşağı düşdü və bizim pomidorun bazarı öldü. İndi daha çox Özbəkistandan ixrac olunan pomidorlara xüsusi maraq var. Başqa dövlətlər aqrar sektoru dirçətmək üçün milyardlar xərcləyir, biz isə əlimizdə olanları ititirik. Bəli, bu gün Rusiyadakı soydaşlarımız burada Azərbaycan pomidoru istehsal edir və yaxşı da gəlir əldə edirlər”.




Paylaş:


Müəllif : Tarix:
17-02-2022, 16:18
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər