Ədəbiyyatşünas, "525-ci qəzet"in redaktoru Seyfəddin Hüseynli özünün feysbuk səhifəsində maraqlı məlumat paylaşıb. Onu təqim edirik:
Ukrayna... Ukraynalılar... Səməd Vurğun...
Öz dövrünün Azərbaycan ədəbi mühitində Ukrayna mövzusunda ən çox yazanlardan biri rəhmətlik Səməd Vurğun olub. İki şeiri daha çox bilinir, amma başqa poetik əsərlərində də Ukraynadan, ukraynalılardan söz salıb. Taras Şevçenko haqqında məqaləsi var, ukraynalıların ulu Kobzarına poema həsr etmək niyyətindəymiş (özünün qeydi qalıb bu barədə), ancaq yazıb-yazmadığı bilinmir. Lesya Ukrainkadan rəğbətlə söz açıb. Çağdaşları olan Pavlo Tıçina, Maksim Rılski ilə xoş münasibət qurub, Ukrayna yazıçılarının 1954-cü il qurultayında çıxış edib... (Ruhu şad olsun Tofiq Abdinin, ona görə tanıdığım ədəbiyyatşünas Adilxan Bayramov ətraflı işləyib bu mövzunu).
Bəllidir ki, zamanında Ukraynada da məşhurmuş bizim Vurğun: mərhum Əziz Şərif “Keçmiş günlər...”də yazır ki, 1953-cü ildə 10 gün Ukraynada qaldıq, Səmədi tanımayan, yaxud da, ən azı, adını eşitməmiş olan bircə nəfərə də rast gəlmədik...
Şeirlərə gələndə, “Ukrayna partizanları” estetik baxımdan xeyli zəif olsa da, mövzusu, məzmunu (heyif ki!) bütünlüklə aktualdır!
Deyilənə görə, II Dünya Müharibəsi illərində bu şeiri tərcümə edib, nüsxələrini çoxaldıb təyyarələrdən Ukrayna meşələrinə səpələyirmişlər – oralardakı partizanları ruhlandırmaq üçün...
Bəs indi? Görəsən, indi olsaydı, Səməd Vurğun bu müharibə söhbətinə qarışardımı? Qarışardısa, Ukraynada savaşan yerli qüvvələrdən hansına “bizim qəhrəmanlar” deyə xitab edər, bu şeirinin cəbhənin hansı tərəfinə səpələnməsini istərdi?
De, kimdir gecənin bağrını dələn,
Düşmənin üstünə ley kimi gələn?
Kimin qüdrətinə güvənir vətən,
Kimdə sədaqət də, mərdlik də vardır? -
O bizim qəhrəman partizanlardır!
De, kimin səsindən titrəyir dağlar,
Barmaqla göstərir onu uşaqlar?
Kimin yuvasıdır meşələr, bağlar?
Kimin hər zəfəri bir yadigardır? -
O bizim qəhrəman partizanlardır!
De, kimin yurdudur sünbüllü çöllər?
Kimindir banduru söylədən əllər?
Kimindir yanağı lalə gözəllər?
De, kimin sevdası bir ilk bahardır? -
O bizim qəhrəman partizanlardır!
De, kimdir düşmənə min tələ quran?
Tarasın qəbrində keşikçi duran?
De, kimdir Karmelyuk əlilə vuran? -
Bizim ukraynalı qəhrəmanlardır,
O bizim qəhrəman partizanlardır!
De, kimdir adına qardaş dediyim,
Qəmimə, nəşəmə sirdaş dediyim?
De, kimdir vətəndaş, yoldaş dediyim?-
Bizim Koroğlu tək pəhləvanlardır,
Bizim ukraynalı partizanlardır!
Vurğunun Ukrayna motivli, oradakı müharibə haqqında digər şeiri – “Göyərçin” daha irihəcmli, həm də maraqlı, canlı əsərdir. Hər cəhətcə “...Partizanlar”dan üstündür. Ukraynanın bugünüylə (yenə də çox heyif!) tam mənada səsləşən bu şeirdə o bəlalı ölkənin sabahına da aid qəribə eyhamlar var:
Ukraynanın son baharı,
Yağış yağır narın-narın.
Sapsarıdır ağacların
Xəzan vurmuş yarpaqları.
Yerin bağrı zolaq-zolaq,
Qılınc kimi kəsir külək,
Pərişandır qara torpaq...
Kənd biçimli bir şəhərin
Lövhəsini çəkirəm mən.
Uzun-uzun küçələrin
Səs gəlməyir heç yerindən...
Diksindirir məni bəzən
Yaxındakı topun səsi,
Başımın üstündən keçən
Mərmilərin kişnəməsi...
Danışmayır, susur şəhər,
Nələr deyir xərabələr?
Talan olmuş gözəl vətən,
Nə bir dövlət, nə var qalmış,
Oda yanmış hər bir evdən
Quruca dörd divar qalmış...
Tarix adlı carçıya bax,
Gör nə deyir onun səsi:
Bu gün-sabah qurulacaq
Bir ədalət məhkəməsi!
Dəyişəcək o gün dövran,
Bu zillətlər, bu möhnətlər,
Vaxtsız solmuş məhəbbətlər
Baş qaldırıb torpaq altdan,
Hayqıracaq qisas deyə,
Hökm edəcək yerə-göyə.
O gün məlun cinayətkar
Asılacaq boğazından...
Əynindən yas paltarını
Soyunacaq qara torpaq.
O qurtuluş baharını
Kommunistlər yaradacaq!
Şairin “məluN” dediyi “boğazından asılası cinayətkar” həmin dövr üçün də, indiyə görə də faili-məchul sayıla bilər, əslində. O vaxt başqa, amma günümüzdə bundan ötrü sənətkarı sosial şəbəkədə sıxışdırardılar ki, şair, ad çək! Doğrudan, bir möcüzə sayəsində müasirimizə çevrilsəydi, bunu müəllifin özünün açıqlaması maraqlı olardı. Açıqlayardımı - qəliz məsələdir...
Sonuncu iki misrada isə ürküdücü bir hökm var... Züqanovun КПРФ-inə işarə deyil, inşallah!
Paylaş: