reklam
Regionxeberlericom.az » Cəmiyyət » KİYEVDƏ QURULUB KİYEVDƏ ÇÖKƏN İMPERİYA – “Pyotrdan başlayan qanlı imperatorluğu Putin eyni qaydada başa vurmaqdadır...”

reklam

KİYEVDƏ QURULUB KİYEVDƏ ÇÖKƏN İMPERİYA – “Pyotrdan başlayan qanlı imperatorluğu Putin eyni qaydada başa vurmaqdadır...”










“Biz heç bir dövlətə və xalqa qarşı deyilik, nə az, nə çox, öz azadlığımızı istəyirik”

Ön söz əvəzi

Tarixin sınağından çıxmış bir həqiqət var: İmperiyalar millətlərin əsarət altına alınması prinsipi üzərində qurulsa da, elə bu prinsip səbəbindən də dağılır. Başqa sözlə, imperiyaları yaşadan da, onları məhvə sürükləyən də əsarət altındakı millətlərdir. Bu, özünü zərurət kimi göstərir.

Qoca tarix çox imperiyalar yaşadıb öz xatirəsində. Bunlardan tarix səhnəsini tərk edənlər də var, bu gün süqut ərəfəsində olanlar da. Əslində, bütün imperiyaların süqut hökmü yarandığı andan verilir. İnsan doğulandan onun ölümünün labüd olduğu kimi.

Yazımızın hədəf nöqtəsi tarixin mövcudluq bölgüsündə ikincilər - süqut ərəfəsində olanlar sırasında duran Rusiya imperiyasıdır. Bəs, niyə məhz Rusiya?

Əvvəla, biz özümüz də bu imperiyanın əsarəti altında olmuşuq (hərçənd ki, bu əsarətdən tam şəkildə çıxa bildiyimizi hələ də yəqinliklə söyləmək olmaz) və imperiya mənafelərinə uyğun gəlmədiyindən bu əsarət dövrü tariximizə yetərincə bələd deyilik.

İkincisi, "şeytan barmağı” kimi dünyanın bütün münaqişə ocaqlarında rus imperiyasının əli görünür. Yenicə istiqlaliyyət elan etmiş dövlətin vətəndaşları kimi qarmaqarışıq dünya olaylarından baş çıxarmağımız üçün xarici siyasətimiz buna uyğun qurulmalıdır. Bu imperiya haqqında ən azı bu səbəbdən bəzi məqamları bilməmiz lazımdır.

Ən nəhayət üçüncüsü, məmləkətimizin vətəndaşları siyasi tariximizin kiminlə bölüşdürüldüyünü və Qarabağda sülh yaratmanın kimlərə həvalə edilməsini bilməlidirlər.

Beləliklə,

Ruslar kimdir və Rusiya haradır?

Bu hissədə və bundan sonra ruslar və Rusiya haqqında söyləyəcəyimiz fikirlərlə rus xalqını təhqir etmək fikrində deyilik. Sadəcə, “Xəzər dənizi sahillərinin zaman-zaman rus quldurlarının talançı hücum və basqınlarına məruz qalması bura əhalisində şübhəsiz qanlı xatirələr şəklində yaşamışdır. Həmçinin bu xatirələrin təsiri ilə təcavüzə məruz qalan və bundan daim səksəkədə olan xalqın təxəyyülündə rus iyrənc və qorxunc bir şəkildə təsəvvür olunmuşdur” (M.Ə.Rəsulzadə).

Təbii ki, bu xalqın nümayəndəsi kimi bizim də fikirlərimiz belə xatirələrin təsirindən kənarda deyil.



İlk istinad nöqtəmiz dahi Nizami Gəncəvidir. Klassik ədəbiyyatımızdan gətirilən sitat oxucuya qeyri-ciddi görünməsin.

Əvvəla, Nizami tarixi istinad üçün kifayət qədər etibarlı mənbədir.

İkincisi, klassik Şərq ədəbiyyatında nəzm pərdəsi altında gizlənən çox fəlsəfi fikirlər var ki, bu gün həmin fikirlər dahi olmaq naminə ciddi cəhdlə yabançı dillərdə oxuduğumuz Avropa müəllifli əsərlərdə öz əksini tapıb.

Beləliklə, N.Gəncəvinin ruslar haqqında fikri ədəbi fəaliyyəti ilə yetərincə tanış olmadığımız M.Ə.Rəsulzadənin dilində: “...Rus obrazı pişik gözlü (bu gözlər kiçikdir və rəng etibarı ilə göydür), sarı saçlı və qırmızı üzlüdür. İctimai baxımdan ibtidai mərhələdədir ”,...Şair qırmızı qəsri rus şahzadəsi üçün ayırmışdır. Qırmızı rəng qan rəmzidir. Rus gözəlinin Bəhram-Gura danışdığı eşq dastanı da kifayət qədər qanlıdır” (M.Ə.Rəsulzadə. “Azərbaycan şairi Nizami” kitabından).

Bundan sonra rus imperiyasının dəyişmiş forması olan SSRİ-nin bayrağındakı qırmızı rəngin inqilab rəmzi olduğuna heç cür inanmaq olmur.

Böyük şairin ruslar haqqındakı fikrini “İskəndərnamə”dən iki misra ilə bitiririk:

“Adamlıq gözləməz bir kimsə rusdan,

Ki bənzər insana yalnız baxışdan”

Lütfən əsəbiləşib üstümüzə hücuma hazırlaşmayın, beyni çürük “velikorus” ideyası ilə doldurulan ...oviçlər, bunu mən yox, böyük türk şairi Nizami söyləyir.

Rusların mənşəyi və Rusiya dövlətinin yaranması haqqında görkəmli tarixçi-filoloq Rəfiq Özdəkin fikirləri də diqqəti cəlb edir: “Skandinav bölgəsindən gələn və dənizçi bir qəbilə olan varyaklar arasında rus deyə adlandırılan bir qrup vardır. Bu qrup ticarət üçün gələn digər skandinaviyalıları idarəsi altına topladı.

“Rus” İsveç köklü bir sözdür, “ros” şəklində söylənilir və mənası gəmiçi deməkdir. Bir qədər sonra türklər tərəfindən qurulmuş olan, amma slav qəbilələri ilə dolmuş Kiyev şəhərini ələ keçirdilər və buranı knyazlıq, yəni, bəylik mərkəzi etdilər. Xəzər dövlətinin süqutu dövründə və onun izni ilə qurulan bu bəylik rus dövlətinin təməli olmuşdur. Rus knyazlıqları təşkil və idarə baxımından türkləri örnək götürmüşlər. Hətta ilk rus dövlət başçıları Xaqan adını daşımışdır. Rus xaqanları xristianlığı rəsmən qəbul etdikdən bir müddət sonra bu adı buraxmışlar”.

Rus adını özündə saxlayan ilk dövlət IX əsrdə Şərqi Avropa və Dnepr boyunda slavyan tayfalarını özündə birləşdirən Kiyev Rus dövləti olub. 



Müəyyən ərazini bildirən Rusiya adı isə 15-16-cı əsrlərin ayrıcında yayılıb. Amma istər Kiyev Rus dövləti, istərsə də imperiya dövründə rusların sahib olduğu ərazilər tarixən türk atlılarının çaparaq meydanı olub. Bu meydanda sonralar türklərin başına gətirilən böyük faciələrin müəllifi olan imperiyanın əsası qoyuldu.

Çar Rusiyası

Rusiyanın imperiya kimi formalaşması 18-ci əsrə təsadüf edir. Rusiyanın imperiya elan edilməsi ilk imperator I Pyotrun adı ilə bağlıdır. Onun hakimiyyətə gəldiyi vaxt Rusiya ümumi inkişaf səviyyəsinə görə Qərbi Avropa ölkələrindən xeyli geridə idi. Rusiyanı bu gerilikdən çıxaran isə məhz Pyotr oldu.



O dövrün tarixçiləri haqlı olaraq yazırdılar: ”Biz yoxluqdan varlığa çevrildik və mədəni xalqlar cərgəsinə qoşulduq”.

Pyotr həmçinin Rusiyanın işğalçı müharibələrinin də əsasını qoydu. K.Marks bu müharibələrə belə qiymət verirdi: “Öz ölkəsinin təbii inkişafı üçün son dərəcə zəruri olan yerləri tutmaqla kifayətləndi”.

Belə “son dərəcə zəruri olan yerlərdən” biri də Xəzəryanı vilayətlər, Azərbaycan idi.

Rusların Azərbaycana ilk gəlişi IX əsrə təsadüf etsə də, o zaman işğalçılar burada tam möhkəmlənə bilmədilər. Pyotrun rəhbərliyi altında keçirilən yürüş də müvəqqəti xarakter daşıdı. Amma bu, sonrakı uzunmüddətli işğalda böyük əhəmiyyət daşıdı. 



Ümumiyyətlə, Pyotrun necə bir imperiyanın əsasını qoyduğunu tam müəyyənləşdirmək üçün onun vəsiyyətlərinə və bu vəsiyyətnamənin yazıldığı vaxtdan bizi ayıran zamana, bu zaman daxilində baş verən olaylara nəzər yetirmək kifayətdir.

Pyotrun vəsiyyətlərinə heyrətamiz sadiqliklə əməl edən rus çarlarının “öz ölkəsinin təbii inkişafı üçün” yürütdüyü işğalçılıq siyasəti nəticəsində XIX əsrin sonunda Rusiyanın ərazisi 22,4 milyon kv.km-ə çatdı.



dövrdə imperiya əhalisinin 57 faizi qeyri-rus idi. İmperiyanın digər mərhələsinin banisi olan Lenin əbəs yerə Rusiyanı “xalqlar həbsxanası” adlandırmırdı. Həbsxananın məhbuslarından biri də Azərbaycan idi.

XIX əsrdən başlanan aramsız və amansız rus hərbi yürüşləri 1828-ci il Türkmənçay müqaviləsi ilə Arazın quzeyinin Rusiyanın əsarəti altına keçməsi ilə nəticələndi. Milli dövlətçilik ideologiyaları müxtəlif və bir-birinə zidd olan imperiyaların mənafeləri Azərbaycanda birləşdi və Azərbaycan bu mənafelər birləşməsində bölündü.



İran-Rusiya əlaqələrini böyük ideoloq Əli bəy Hüseynzadə “Siyasət fürusət” əsərində heyran ediləcək bir dərəcədə incə simvollarla təsvir edib: “İran şahı Qulamxan Mirzə adlı bir zatı Peterburqa ezam etdirir ki, o, məşhur rus dirijoru Nasanovun rəhbərliyi altında İran üçün bir velikorus orkestri təşkil etsin və bu orkestr ilə o zaman Rusiyada modda olan fransız bəstəkarı Sen-Sansın “Ölüm rəqsi” havalarını Təbrizdə çaldırsın”.

İran-Rusiya birləşməsinin Azərbaycana töhfələrindən biri də ermənilər oldu. Qafqazda daimi və etibarlı müttəfiq qazanmaq üçün Rusiya Türkmənçay müqaviləsinə əlavə etdiyi bənd ilə İran ərazisində yaşayan erməniləri Qarabağa, Zəngəzura köçürdü. 

Bu qonaqlarımızın yaxın tariximizdəki rolunu isə söyləmək artıqdır. Ümumiyyətlə, öz müstəmləkə siyasətini həyata keçirmək üçün Rusiya köçürmə siyasətindən geniş istifadə edirdi. Sonrakı dövrlərdə Azərbaycana köçürmə adı ilə göndərilən rus qızları da məhz bu siyasətin tərkib hissəsi idi. Onlar Azərbaycana gəlib əksəriyyəti burada ailə quraraq əhaliyə qarışır, milli psixologiyanın dəyişməsində mühüm rol oynayır,bir müddət sonra isə Rusiyadan öz ardıcıllarını da bu maraqlı və ecazkar cənub ölkəsinə dəvət edirdilər.

Ram edilmiş millətləri lazımi səviyyədə idarə etmək təsadüfi adamlara tapşırılmırdı. Qafqazda hərbi xidmətdə olan çar generalları (Potyomkin, Zubov, Sisianov, sonralar isə mülki şəxslər Şaumyan, Mikoyan, Serebrovski, Polyaniçko...) bir neçə keyfiyyətinə görə seçilirdilər. Onlar həddən artıq sərt, bütün varlıqları ilə imperiyaya sadiq, işğalçılıq siyasətini ardıcıl aparan adamlar idi. Bəlkə də bunlar rus psixologiyasının məhsullarıdır.



Xatırlayın, Sisianovun Cavad xana , Çiçerinin Fətəli Xan Xoyluya hədələyici məktublarını. Xatırlayın, Valter Şonyanın “Rusiyaya qarşı çıxanlar cəzasına çatacaqlar” hədəsini. Amma cənab Sisianov, Çiçerin, Kazimirov, Şonya, Jirinovski... və neçə-neçə beyni velikorus şovinizmi ilə çürümüşlər.

Eşidin, “biz heç bir dövlətə və xalqa qarşı deyilik, Azərbaycan xalqı nə az, nə çox öz azadlığını istəyir. Buna qarşı çıxana qarşı çıxacağıq”(Ə.Elçibəy) və çıxdı da. Özü də tək Azərbaycan xalqı yox, əsarət altına alınmış bütün xalqlar. Eləcə də rus xalqı. Kökü qurumuş qocaman bir şeytan ağacı çökdü. Amma demə, yerində yenisi bitəcəkmiş.

Bugünkü Rusiya

Əvvəlcə yazının bu hissəsini “demokratik Rusiya” adlandırmaq istədik. Amma demokratik dövlət bugünkü Rusiya kimi olursa, onda yazıq bizə ki, belə bir cəmiyyət uğrunda mübarizə aparırıq. Bəli, 1991-ci ildə SSRİ-nin süqutu ilə rus imperiyası yeni bir formada təzahür etdi. Bundan sonra imperiya ərazisində baş verən olaylara yalnız və yalnız təsadüf adı vermək olmaz. Bu təsadüf adlandırılan Pyotrdan üzübəri başlanan estafetin dünən Yeltsin, bu gün isə Putin tərəfindən davam etdirilməsidir. Amma artıq sonuna çıxmaqdayıq.



Rus imperiyası özünün son illərini yaşamaqdadır. Bir neçə il öncə çeçen lideri qarşısında çarəsiz və yazıq görkəmdə duran Yeltsin də, bu gün dünyanı nüvə silahı ilə hədələyən Putin də öz imperialist babalarının sonuncu nümayəndələridir. Qan üstündə dayaqlanmış bir imperiya tarix səhnəsini tərk etməkdədir. Pyotrdan başlayan amansız və qanlı imperatorluğu Putin eyni qaydada başa vurmaqdadır. O, bu gün Ukraynada müqavimət artdıqca, Ukrayna xalqının iradəsini qıra bimədikcə paranoyal rəhbəri, qaniçən Putinin timsalında daha da quduzlaşaraq acizləşir.

Ukrayna xalqının iradəsini qırmaq, gözünün odunu almaq, vahimə yaratmaq və bu yolla onu təslim olmağa məcbur etmək üçün səhiyyə müəssisələrini, təhsil müəssisələrini, uşaq bağçalarını, körpələr evlərini raket zərbələrinə məruz qoyur. Bu, neonasizmin ən qəddar təzahürüdür…

Daha çox nifrət düşmənin daha böyük məğlubiyyətindən xəbər verir!!! Putin erası başa çatmaq üzrədir, Rus imperiyasının tarixin zibilliyinə atılması yaxın gələcəyin görünən gerçəkliyidir.

Nəticə

Bəlkə də bir qədər gecikmiş bu tarixi siyasi təhlil yazımızdan nəticə olaraq iki xətt ayırmaq istəyirik.

Məsələnin birinci tərəfi ondan ibarətdir ki, həqiqətən imperiya haqqında tarixi biliklərimiz kifayət qədər deyil və bu işdə tarixçilərimizin gərgin zəhmətinin nəticəsi olan kompleks tədqiqata ehtiyacımız var.



İkinci siyasi tərəf isə Rusiya ilə münasibətlərimizin necə qurulması ilə bağlıdır. Onu da qeyd edək ki, burada tarixi tərəf mühüm rol oynayır. Belə ki, imperiyanın iç üzünə bələd olan heç bir dövlət və millət yəqin ki, öz gələcək taleyini bu imperiya ilə bağlamaq istəməz.

Ümid edirik ki, məhz belə də olcaq.

Nəsimi Şərəfxanlı

Vətəndaş Həmrəyliyi Partiyası Sədrinin müavini

Reklamın bağlanmasına -156 saniyə qalıb






Paylaş:


Müəllif : Tarix:
17-03-2022, 16:39
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər