reklam
Regionxeberlericom.az » Cəmiyyət » SOCAR 2 ay əvvəl yaranan şirkətlə neft sazişi imzalayıb... - TƏFƏRRÜAT

reklam

SOCAR 2 ay əvvəl yaranan şirkətlə neft sazişi imzalayıb... - TƏFƏRRÜAT














Dünən – 29.03.2022-ci il tarixində Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin iclası keçirilib və iclasda  SOCAR ilə “GL İnternational LTD” MMC arasında imzalanan Saziş müzakirə olunub.

SOCAR ilə “GL İnternational LTD” MMC arasında imzalanan saziş Buzovna-Maştağa, Qala və Zirə neft yataqlarının daxil olduğu blokun bərpası və işlənməsi ilə bağlıdır.

İclasda çıxış edən “SOCAR Upstream” MMC-nin qrup rəhbəri Tural Mahmudlu bildirib ki, Saziş 2021-ci il dekabrın 14-də imzalanıb və aralıq dövrü (ilk 24 ay) və hasilat dövrünü (aralıq dövründən sonrakı 25 il) əhatə edəcək. 

Maraqlıdır ki, neft sazişinin imzalanmasından 3 aydan çox vaxt keçsə də SOCAR tərəfindən bugünə kimi ictimaiyyətə heç bir məlumat verilməyib. 

Saziş ilə bağlı diqqət çəkən məqamlardan biri isə odur ki, böyük bir neft yatağının bərpası və işlənməsilə məşğul olacaq şirkət  müqavilənin imzalanmasından cəmi 2 ay əvvəl – 19 oktyabr 2021-ci il tarixində dövlət qeydiyyatına alınıb. 

Nizamnamə kapitalı 1000 manat olan “GL İnternational LTD” MMC-nin (VÖEN-1405714711) qanuni təmsilçisi Zeynalov Asif İbrahim oğludur. Cəmi 2 ay əvvəl yaranan “GL İnternational LTD” MMC-nin neft-qaz sahəsində, ya da hər hansı bir sahədə təcrübəsinin olması ilə bağlı açıq internet resurslarda heç bir məlumat mövcud deyil. 

Yeganə məlumat “GL İnternational LTD” MMC-nin 08.04.2019-cu ildə təsis olunan “GL LTD” MMC adlı şirkətin törəmə müəssisəsi olması ilə bağlıdır. “GL LTD” MMC məxsus olduğu bildirilən veb-saytda qeyd olunub ki, şirkətin törəmə müəssisəsi olan “GL İnvestment” MMC adlı başqa bir şirkət Azərbaycanın quruda ən iri neft yataqlarından biri olan “Kürsəngi” və “Qarabağlı” neft yataqlarının daxil olduğu blokun reabilitasiyası, kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında Sazişdə (“HPBS”) və “Salyan Oyl Limited” əməliyyat şirkətində 50% iştirak payına sahibdir.

Qeyd edək ki, belə bir neft sazişi ilə bağlı da açıq internet resurslarda heç bir məlumat yoxdur. SOCAR-ın rəsmi saytında isə göstərilir ki, “Kürsəngi” və “Qarabağlı” neft yataqlarının daxil olduğu blokda iştirak payı SOCAR (50%), SiEnODiSi (25%) və  Forçünmayt-ə  (25%) məxsusdur. 

Açıqlamada adı keçən “GL İnvestment” MMC (VÖEN-1405527091) də yeni təsis olunub. 16 may 2021-ci ildə dövlət qeydiyyatına alınan MMC-nin qanuni təmsilçisi də Zeynalov Asif İbrahim oğludur. 

Adı keçən şirkətin baş ofisinin Bakıda, Füzuli küçəsi 37 ünvanında yerləşən “Parkview Biznes Mərkəzi”ndə yerlşdiyi qeyd olunub. 

Məsələ ilə bağlı ətraflı məlumat almaq üçün suallarımızı SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinə ünvanladıq. 

SOCAR rəsmisi Yeniavaz.com-a açıqlama verərək bildirdi ki, “Azərbaycan Respublikasında Buzovna-Maştağa, Qala və Zirə neft yataqlarının daxil olduğu blokun bərpası və işlənməsi ilə əlaqədar Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə “GL İnternational LTD” MMC arasında Risk Xidmət Sazişi 14 Dekabr 2021-ci il tarixində imzalanmışdır: “İmzalanan bu tipli sazişlər təsdiq üçün Milli Məclisə təqdim olunmaqla həm də ictimailəşdirilir. Risk Xidmət Sazişləri və Hasilatın Pay Bölgüsü Sazişlərində iştirak edən şirkətlər tərəfindən adətən saziş üzrə müvafiq funksiyaları icra edəcək yeni törəmə şirkət təsis olunur. Bu yayılmış praktikadır və neft-qaz sənayesində digər şirkətlər, o cümlədən tanınmış aparıcı şirkətlər tərəfindən tətbiq olunur. Ana şirkət olaraq, GL şirkəti isə daha uzun müddət fəaliyyət göstərir. Fəaliyyəti haqqında məlumat şirkətin korporativ veb-saytında əks olunub. “Salyan Oil” şirkəti ilə hasilatın pay bölgüsü sazişi hələ 1998-ci ildə imzalanıb və bugünədək qüvvədədir. GL şirkəti ötən il “Salyan Oil” şirkətində pay sahibi olub”.

Məlumat üçün qeyd edək ki, ana şirkət olaraq təqdim olunan “GL LTD” MMC 3 il əvvəl təsis olunub və şirkətin daha əvvəl neft-qaz sahəsində hansı təcrübəsinin olduğu, hansı layihələrdə iştirak etdiyi barədə nə rəsmi veb-saytında, nə də açıq internet resurslarda məlumat yoxdur. 

RegionXəbərləri.com 





Paylaş:


Müəllif : Tarix:
30-03-2022, 15:58
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər