reklam
Regionxeberlericom.az » Cəmiyyət » “Olmayan maliyyənin nə hesabatı?” - ETİRAZ

reklam

“Olmayan maliyyənin nə hesabatı?” - ETİRAZ














Azərbaycanda dövlət qeydiyyatına alınmış 58 siyasi partiyadan 41-i MSK-ya maliyyə hesabatını təqdim edib. 17 siyasi partiya isə 2021-ci il üzrə maliyyə hesabatlarını Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim etməyib. Maliyyə hesabatını təqdim etməyən partiyalar aşağıdakılardır:

Azərbaycan Dirçəliş və Tərəqqi Partiyası

Vahid Azərbaycan Milli Birlik Partiyası

AĞ Partiya (AĞP)

Müstəqil Azərbaycan Partiyası

Azərbaycan Milli Dövlətçilik Partiyası

Azərbaycan Vətənpərvərlər Partiyası

Azərbaycan Sosial Rifah Partiyası

Azərbaycan Xalq Cəbhəsi Partiyası

Azərbaycan Vahid Kommunist Partiyası

Sosial Ədalət Partiyası

Azadlıq Partiyası

Vəhdət Partiyası

“Azərbaycan Mübarizləri” Partiyası

Azərbaycan Milli Demokrat Partiyası

Azad Demokratlar Partiyası (AzDP)

Haqq Ədalət Partiyası (HƏP)

Azərbaycan Yüksəliş Partiyası (AY Partiya).

Qeyd edək ki, MSK aprelin 1-də illik maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə təqdim etməyən siyasi partiyalar barədə Ədliyyə Nazirliyinə məlumat verməli idi. Dia.az-ın məlumatına görə, AĞ Partiyanın sədri Tural Abbaslı “Yeni Müsavat”a bildirdi ki, hər il partiyanın hesabatı MSK-ya təqdim edildiyi kimi, bu il də maliyyə hesabatını aprelin 1-dək MSK-ya göndəriblər. Sadəcə olaraq, hesabatda bəzi düzəlişlərə ehtiyac yaranıb: “Həmin düzəlişləri edib, maliyyə hesabatımızı yenidən MSK-ya göndərəcəyik. Maliyyə hesabatı verməyən partiyaların dövlət qeydiyyatının ləğvi məsələsi, məncə, qanunvericilikdə əksini tapmır. Qanunda maliyyə yoxlaması keçirib xəbərdarlıq edilməsi məsələsi qeyd edilir. AĞ Partiya qanunların icra olunmasının tərəfdarıdır. Amma qanunlara da əsaslananda gərək siyasi şəraiti, real vəziyyəti nəzərə alaraq addımlar atılsın. Partiyaların, xüsusən müxalifət partiyalarının maliyyə vəziyyətinin necə olduğunu hər kəs bilir. Dövlət büdcəsindən maliyyələşməyəm partiyalardan maliyyə hesabatları tələb etmək qəribə görünür. Amma qanun var və gizlətməli bir şeyimiz olmadığı üçün hesabat vermək problemimiz yoxdur”.

Vəhdət Partiyasının sədri Tahir Kərimli isə bildirdi ki, üç dəfə maliyyə hesabatını MSK-ya təqdim ediblər, lakin hər üçündə MSK hesabatı düzəliş üçün geri qaytarıb. Sonuncu dəfə partiya hesabatı martın 29-da təqdim edib, MSK isə qəbul etməyib:

“Komissiya yeni qaydalar qoyub. Bəzi xanaların yeri dəyişdirilib, formatda bir sıra yeniliklər ediblər. Ona görə biz tələb edilən düzəlişləri yerinə yetirib, hesabatı yenidən göndərdik. Yəqin ki, düzəlişlər edildiyi üçün qəbul olunacaq”.

T.Kərimli də hesab edir ki, partiyaların MSK-ya maliyyə hesabatı verməsi əslində doğru deyil. Xüsusən də seçkiyə qatılmayan partiyaların maliyyə hesabatı verməsinin anlamı yoxdur.

Bəs maliyyə hesabatı verməyən partiyalara qarşı hansı cəza tədbirləri qanunda nəzərdə tutulub? Tahir Kərimli dedi ki, hesabat təqdim etməyən partiyalarla bağlı Ədliyyə Nazirliyi müvafiq addımlar ata bilər: “Qanuna görə, MSK bununla bağlı Ədliyyə Nazirliyinə təqdimat verir. Nazirlik buna uyğun partiya haqqında tədbirlər görür. Əvvəl partiyalara ancaq məhkəmə qaydası ilə hansısa cəza tətbiq edilə bilərdi. İndi elə hallar var ki, nazirlik özü də bunu yerinə yetirə bilər. Xəbərdarlıq etmək, məhkəmə qaydasında məsələ qaldırılması, bunun nəticəsində partiyanın fəaliyyətsizliyi təsdiq edilərsə, prosedurların yekunu kimi qeydiyyatının ləğvi mümkün ola bilər”.

Azadlıq Partiyasının sədri Əhməd Oruc isə bildirdi ki, rəhbərlik etdiyi partiyanın maliyyəsi yoxdur, ona görə hesabat verməyiblər: “Olmayan maliyyənin nə hesabatı? Hakimiyyət bizə maliyyə ayırmayıb, yalnız öz yaltaqlarına ayırıb. Siyasi partiyaların MSK-ya maliyyə hesabatı verməsi dünyada bir bizdədir. Partiyanın qeydiyyatını isə yalnız məhkəmə ləğv edə bilər. Bizdə də məhkəmə tam ”müstəqil" olduğuna görə elə şey eləməz".

Mərkəzi Seçki Komissiyasının katibi Mikayıl Rəhimov isə bildirdi ki, qanuna görə MSK maliyyə hesabatını vaxtında təqdim etməyən siyasi partiyalara qarşı məsələ qaldıra bilər. Bu zaman MSK hesabatın gecikdirilməsinin səbəblərini araşdırır. Siyasi partiya bu araşdırmadan sonra da hesabatı təqdim etmədikdə, MSK müvafiq qaydada inzibati tənbeh tədbirlərinin tətbiqini həyata keçirə bilər. Vaxtında proseduru başa çatdırmayan partiyalara münasibətdə inzibati tənbeh tədbiri olaraq cərimələrin tətbiqi nəzərdə tutulub.

MSK katibinin sözlərinə görə, bu günə qədər praktikada heç bir partiyaya münasibətdə cərimələr tətbiq olunmayıb, inzibati tənbeh tədbirləri görülməyib. Qeydə alınan partiyaların hamısı bu illər ərzində bu və ya digər dərəcədə əsasən maliyyə hesabatlarını təqdim edib.




Paylaş:


Müəllif : Tarix:
8-04-2022, 08:37
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər