reklam
Regionxeberlericom.az » Cəmiyyət » Azərbaycanın iki bəlası var: axmaqlar və alasəylər - AXI NİYƏ?!

reklam

Azərbaycanın iki bəlası var: axmaqlar və alasəylər - AXI NİYƏ?!


Şərq əlbəyaxa döyüş növləri ilə məşğul olan bir şəxs Şaolin monastırına gəlir və getdiyi yolda ən yüksək pilləyə nail olmaq üçün oranın şagirdi olmaq istədiyini bildirir. Ona başa salırlar ki, bu monastrda qalmaq üçün müəyyən hazırlıq kursu keçməli, sonda iri bir səbətdən suallar yazılmış bükülülərdən birini götürərək imtahan verməlisən.

Gənc adam Şaolin fəlsəfəsinə yiyələnmək üçün hər şeyə hazır olduğunu bildirir, soruşur ki, bəs bu imtahanda düşən suallara cavab vermək üçün nə qədər vaxt ayrılır. İzah edirlər ki, suala hazırsansa, o dəqiqə cavab verə bilərsən, deyilsənsə, sakit bir hücrədə istədiyin qədər fikirləşə bilərsən. Dağlara çıxan sonuncu tələbənin nə qədər fikirləşdiyini soruşanda, “14 ildir oradadır, biletinə düşən suala cavab tapa bilmir”, - cavabını alır. Kağız bükülüdə bir sual var idi – “Axı niyə?!”

Yaşadığımız dünyanın bütün pozitiv və neqativ hadisələrinə qiymət verərkən, əksər hallarda beynimizdə bir sual açıq qalır – Axı niyə?! Bu sual istənilən sahə ilə bağlı, özümüz istəsək də, istəməsək də, telekanallardan, ağıllı telefonlardan, radiolardan, reklam elanları vasitəsi ilə beynimizə yeridilən informasiya axını zamanı ortaya çıxır. Bəzən cavabını bilə-bilə əsəbimizdən, bəzən isə baş verənləri başa düşə bilməməyimizdən yaranır bu sual.

AYNA-nın oxucularının diqqətini ara-sıra ölkəmizdə və dünyada baş verən bu və ya digər hadisələrdə gözəçarpan qəribəliklərə yönəltmək üçün “Axı niyə?!” rubrikasına davam edirik.

Ruslar arasında məhşur bir ifadə var: "Rusiyada iki bəla var: axmaqlar və yollar". Bu,18-19-cu əsrlərin bir neçə rus müəllifinə aid edilən məşhur ifadədir. Lakin görünür, ilk dəfə 1989-cu ildə satirik Mixail Zadornov tərəfindən işlənib.

Müxtəlif mənbələrdə ifadənin müəllifi Qoqol, Saltıkov-Şedrin, Karamzin, Vyazemski, hətta I Nikolay olduğu deyilir. Lakin rus dilinin milli korpusunda bu ifadə 1990-cı illərin ikinci yarısına qədər yox idi.

K.V.Duşenkonun tədqiqatına əsasən, ilk yazılı qeyd (Qoqola aid edilməklə) 1989-cu ilə (SSRİ Xalq Deputatlarının II Qurultayında Komi MSSR-dən olan deputatın çıxışının yazısı) aiddir. İfadənin müəllifi 1980-ci illərin sonlarında səhnədən “Qəhrəmanlar ölkəsi” monoloqunu oxuyan yumorist M.N.Zadornov deyirdi ki, Qoqol yazırdı: “Rusiyada iki bəla var: yollar və axmaqlar. Bu, bu günə qədər qoruya bildiyimiz həsəd aparılmalı dəyişilməzlikdir”.

Azərbaycan Rusiya ilə qonşudur, amma 200 il ərzində müxtəlif statusla onların işğalı altında yaşamışıq. Təbii ki, 200 il az müddət deyil və bu müddətdə atı atın yanına bağladıqları üçün həmrəng olmasa da, həmxasiyyət olur. Bizdə də SSRİ dağılan ana iki bəla vardı: yollar və axmaqlar, amma bunların biri 30 il ərzində demək olar ki, həll edilib – yollarımız şüşə kimidir. Amma ikinci məsələdə Zadornuvun dediyi kimi, həsəd aparmalı dəyişilməzliyi qoruyub saxlamışıq.

Bizim axmaqlar nəinki elə-belə axmaqdırlar, həm də maniyakal şəkildə cəmiyyətin də alasəy olduğunu iddia edir və buna inanırlar. Axı niyə belə düşünürəm?! İzah edim.

Sən, əziz oxucu, harada eşitmisən ki, hansısa ölkənin vətəndaşları dövlət qurumuna desinlər ki, biz filan xidmətin qiymətinin qalxması ilə könüllü şəkildə razıyıq? Eşitməmisənsə, eşit və bil ki, bizim xalqımızın doğrudan da analoqu yoxdur. “Azəristilitəchizat” ASC-nin sədrinin səlahiyyətlərini müvəqqəti icra edən İlham Mirzəliyev bildirib ki, "Biz istehlakçılar arasında sorğu keçirib monitorinq aparmışıq. Tarifi 15 qəpikdən 22-25 qəpiyə qaldırmaq olar, əhali buna razıdır".

Mən bilmirəm ASC əməkdaşları bu sorğunu harada keçiriblər? Bəlkə, məmurlar və oliqarxlar yaşayan Məmməd Araz küçəsində, “Port Baku”da, Badamdarda, Şüvəlanda? Çünki, onlar üçün 5-7 qəpik artım, və hətta 1 manat olsun, heç nəyi həll etmir – onsuz da ödəmirlər və o pul da sadə əhalinin belinə yazılır. Mən inanmıram ki, şəhərin adi məhəllələrində kimsə desin ki, istilik qiymətləri qalxsa, yaxşıdır. Əgər hansısa alasəy bunu deyibsə, yazığınız gəlsin, nə məhlənin adını verin, nə də adamın. İstilik pulu gələndə həmin adamı öz qonşuları basıb döyəcəklər.

Düzdür, İlham Mirzəliyev sonra deyib ki, görüşlər keçirdikləri xarici ekspertlər də tariflərin artırılmasını təklif edir. Və “Azəristiliktəchizat” başqa yol seçib: “Xidmətin keyfiyyətinin yüksəldilməsi, istilik haqlarının 100% yığılması və xərclərin optimallaşdırılması ilə istilik təsərrüfatının normal fəaliyyətini təmin etmək istəyirik. Amma istilik təchizatı sosial yönümlü olduğu üçün tariflərin artırılması barədə müraciət etməmişik və artım gündəmdə deyil”.

Necə deyərlər, yaxşı sağlıqdır. Amma, son cümlələr adamı narahat etməyə bilmir. Bizdə dəfələrlə “gündəmdə deyil” sözlərindən çox az müddət sonra nöyüt də qalxıb, yol pulu da, hətta devalvasiya da olub. Odur ki, xalqı həm yerlilərin, həm də xaricilərin gözündə alasəy şəklində qələmə verən və buna gerçəkdən inanan İlham Mirzəliyev elə sədr səlahiyyətlərini müvəqqəti icra edən qalsa, yaxşıdır...

Bununla belə, kişinin haqqına girməyək. İnsafla desək, xalq arasında, xüsusən də gənclər arasında pis də çıxsa, alasəylər çoxdur. Onların yekə bir qrupu dünən “Park Bulvar”da bir-birinin təpəsinə minir, qabağındakının qız-qadın olmasına baxmayaraq, ayaqlayıb keçirdi. Səbəb də çox sadə idi: xeyr, onlar Şuşada qəhrəmanlıq etmiş hansısa igidimizi və ya ölkəmizi dünyada tanıtmış bir alimi, elmi olimpiada qalibi olmuş gəncimizi və ya hanısa korifey sənətkarımızı qarşılamırdılar. Bakıya gələn tanınmış azərbaycanəsilli rusiyalı bloger Hüseyn Həsənovu qarşılayırdılar...

Onun gəlişinə heç bir etirazımız yoxdur. Gəlib, xoş gəlib! Daha onu görmək üçün bir-birinizin belinə niyə minirsiniz? Avtoqrafa ümid edirsiniz, ya Hüseynin tez-tez dağıtdığı ayfonlara?

Hər iki halda mən baş verənləri biabırçılıq hesab edirəm və hesab edirəm ki, bu gənclərin ilk növbədə valideynləri və müəllimləri utanmalıdırlar. Elə dövlətin gənclərlə iş, ideoloji hazırlığına cavabdeh olan qurumları da. “Park Bulvar”da baş verənləri görəndə adamın 2 il əvvəl Qarbağı azad edənlərin də həmin gəncliyin nümayəndəsi olmasına inanmağı gəlmir.

Amma fakt faktlığında qalır: Şuşanı da gənclər alıb, Hüseynə görə qarşısındakı qadına, koronavirus qorxusuna və hər şeyə tüpürən də gənclərdir. Odur ki, Zadornovun təbirincə desək, Azərbaycanın iki bəlası var: axmaqlar və alasəylər. Əslində isə, elə onun ikisi də eyni şeydir...

“Ay Quseyn” həsrəti ilə dünən “Park Bulvar”da öz həmvətənlərini ayaqlayan övladların valideynlərindən hansısa bu yazını oxuyandan sonra utanıb, uşağını yanına çağırıb, başa salmaqdansa, mənim və mənim kimi düşünənlərin ünvanına “çuşka”, “geridə qalmış”, “nekulturnı” ifadələrini işlətsələr, bilin ki, incimirik.

Axı, elə Hüseynin populyar olduğu Rusiyada yuxarıda səsləndirilən “axmaqlar və yollar”la yanaşı, daha bir sevimli ifadə var: “na bolnıx ne obijayutsa”. Və bu Quseyn üstündə bir-birinı qıranları görəndə ölkəmizdə son illlərdə niyə ən populyar peşələrin sırasında psixoloq və psixiatrların olduğunu başa düşdüm. Gənclərimizin onlara ciddi ehtiyacı var. Hətta Quseynin dağıtdığı ayfonlardan daha çox... //ayna//




Paylaş:


Müəllif : Tarix:
18-04-2022, 16:05
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər