reklam
Regionxeberlericom.az » Cəmiyyət » LOTEREYA BAZARINDA BÖYÜK NÜFUZ SAVAŞI - Udan oliqarx məmurlar, uduzan sadə vətəndaşlardır

reklam

LOTEREYA BAZARINDA BÖYÜK NÜFUZ SAVAŞI - Udan oliqarx məmurlar, uduzan sadə vətəndaşlardır


"Hürriyyət" olaraq ölkədə sürətlə yayılmaqda olan ani mərc oyunları, lotoreya satışının kütləviləşdiyi haqda məlumat vermişdik. Eyni zamanda qeyd etmişdik ki, mövzu ilə bağlı araşdırmalarımız davam edəcək.

Qeyd edək ki, ötən yazımızdan sonra bu sistemdə çox ciddi xaosun olduğu, hətta təkcə oynayanlarla bağlı deyil, bilet satışı ilə məşğul olan şəxslər arasında da ciddi narazılıqlar yaranıb. Araşdırmalarımız zamanı məlum olur ki, əslində bu sahədə ciddi bir xaos hökm sürməkdədir.

Redaksiyamıza müraciət edən bilet satişi üzrə ixtisaslaşmış şəxslər qeyd edir ki, əslində, "Azerlotoreya"da çox ciddi bir xaos hökm sürməkdədir. Rəsmi olaraq keçirilən tenderlər, bazarda biletlərin topdansatışı ilə bağlı çox böyük problemlər var. Belə ki, müvafiq olaraq ölkənin bir sıra regionlarında ciddi narazılıqlar yaşanır. Biletlərin topdansatış prosesi ilə məşğul olan bir neçə şirkət bazarda istədiyi qiyməti tətbiq edir.

"Hürriyyət"ə daxil olan informasiyalara əsasən, regionlarda lotoreya biletlərinin satışı ilə məşğul olan vətəndaşlar çətin bir vəziyyətlə üzləşiblər. Uzun müddət rəsmi olaraq bilet satışını həyata keçirən bir neçə şirkətdən kənar, kimlərsə bazarda oturuşmuş və bu sahədə yeni fəaliyyət göstərənlərə daha ucuz qiymətə loto satışını həyata keçirirlər. Qeyd edilir ki, uzun müddət bazarda pərakəndə bilet satışını təşkil edən şəxslərdən kənar, bazarda yeni iştirakçılar peyda olmağa başlayıb. Onlar isə daha ucuz qiymətə - topdansatış qiymətinə bilet əldə edərək bazara daxil olublar. Nəticə etibarilə də loto biznesində uzun illərdir ki, mövcud olan iştirakçıların bazarı sıradan çıxarılır. Məsələn, Gəncədə topdansatış qiyməti 95 qəpik olan biletlərin maşınlarla 90 qəpikdən satıldığı haqda məlumatlar var. Beləliklə də, Cahangir Fərəcullayev köhnə satıcıları tamamilə sıradan çıxarmağa və öz istəyinə çatmağa çalışır.

Bu prosesi kimlər həyata keçirir?

Apardığımız araşdırmalar zamanı məlum oldu ki, "Azerlotoreya" da faktiki idarəetməyə rəhbərlik edən Türkiyəli vətəndaşlar olsa da, əslində, onlar baş verənlərə müdaxilə edə bilmirlər. İddialara əsasən bilet satışı, o cümlədən də Bakı şəhərində "Misli" məntəqələrinin açılmasına, fəaliyyətinə birbaşa olaraq bir nəfər nəzarət edir. Ötən yazılarımızda da bu barədə məlumat vermişdirik. Məlumata əsasən, bu şəxs “Azerlotereya” İdarə Hüyətinin üzvü Cahangir Fərəcullayevdir. C.Fərəcullayevin isə iqtisadiyyat naziri Mikayıl Cabbarovla yaxın dostluq münasibətlərinin olduğu iddia olunur. Məlumatlara əsasən, faktiki olaraq tender qiymətlərindən də aşağı satışları həyata keçirməklə, "Azerlotoreya" da bir çete bütün gəlirləri öz inhisarlarında saxlamağa çalışır.

Qeyd edək ki, bu fakt ilk növbədə elə Mikayıl Cabbarovu narahat etməlidir. Çünki baş verənlər lotoreya bazarında yalnız "Tender haqqında", "Satınalamlar haqqında" Azərbaycan Respublikası qanunlarının kobud şəkildə pozulması deməkdir.

Mikayıl Cabbarov dostunu qanunlardan necə "qoruyur"?

Bundan başqa, Prezidentin 2019-cu il 23 oktyabr tarixli qərarı ilə Agentlik yenidən Dövlət Xidməti statusu alıb. Həmin ilin dekabrın 19-da Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti İqtisadiyyat Nazirliyinin strukturuna daxil edilib. Yəni Mikayıl Cabbarovun rəhbəri olduğu qurumun tabeçiliyinə. Deməli, Cahangir Fərəcullayev məhz dostuna güvənərək lotoreya bazarında tam bir inhisarçı və monopolist kimi istədiyini etməkdədir.

Mövzu ilə bağlı araşdırmalar zamanı Bakı və ölkə üzrə “Azerlotoreya”nın “poz-qazan” tipli lotoreyalarının satışını həyata keçirən səyyar satış nöqtələrinin hansı şərt və qaydalarla yerləşdirildiyi də araşdırdıq. Hansı prinsiplərlə və hansı şərtlərlə səyyar satış nöqtələri yaradıla bilər? Hansı ki, əslində, Bakı şəhərində küçə ticarəti qadağan edilib...

Mövzuya keçməzdən əvvəl bir məqamı xatırlatmaq yerinə düşər. Uzun müddətdir ki, Bakı və ölkənin hər yerində səyyar qəzet satışına qadağa qoyulub. Rəsmi qurumlar iddia edirdilər ki, səyyar qəzet satışı şəhərin görüntüsünü pozur. Paytaxtın mərkəzi küçələrində hərəkətdə olan səyyar qəzet satanlar görüntünü hərəkətdə olan zaman pozurdu. Hansı ki, əlində nisbətən böyük yük daşıyan sıradan vətəndaşlara da bunu şərt olaraq qoymaq olar. Amma görüntüsü reklam kağızları ilə dizayn edilmiş, köhnə qutuları şəhərin hər yerində qoyaraq lotoreya satanlar görüntünü pozmur(?). Sadə bir məntiqlə hətta belə piştaxtalar elə yerlərə qoyulur ki, alıcı və iştirakçı qismində həmin piştaxtaların ətrafına xeyli insan toplaşır. Adətən pandemiya qaydaları heçə sayılır. Bundan başqa, vətəndaşların hərəkət imkanları da çətinləşir.

…Bakı şəhərində ani uduşlu lotoreya satışları ilə bağlı piştaxtaların hansı məkanlarda yerləşdirilə biləcəyinə dair heç bir standart gözlənilmir və ya ümumiyyətlə belə standartlar mövcud deyil.

Lotoreya piştaxtalarını işlətmək istəyənlər nə qədər "haqq" verir?

Bəzən orta təhsil ocaqlarının qarşısında yerləşdirilən lotoreya piştaxtalarına da rast gəlmək mümkündür. "Hüriyyət"ə daxil olan məlumata əsasən, bu piştaxtaların yerləşdirilməsi və lotoreya satışını həyata keçirən şəxslərə qadağa adətən polislər tərəfindən həyata keçirilməlidir. Lakin iddialara görə, bu piştaxtalar da polislər üçün "yağlı tikəyə" çevrilib. Şəhərin müxtəlif yerlərində, piştaxta qoyaraq lotoreya satmaq istəyənlər aylıq 300-2000 manata qədər "haqq" ödəyirlər. Nəticə etibarilə də indi Bakıda hər addımda belə görkəmsiz, qumar oyunları təşkil edən yerlərə rast gəlmək mümkündür.

Bundan başqa, "Azerlotoreya"nın loto satışına dair tələblər də adətən pozulur. Məsələn, müvafiq qanunvericiliyə əsasən, yaşı 18-dən az olan şəxslərə loto satışına icazə verilmir. Analoji olaraq Bakıdakı ticarət köşklərində də bu qaydalara spirtli içki və tütün məmulatlarının satışı ilə bağlı rast gəlinir. Ədalət naminə qeyd edək ki, adətən polis əməkdaşları yaşı 18-dən az olan insanlara tütün məhsulları satan satıcıları cəzalandırır. Bu barədə rəsmi açıqlamalar da yayılır. Lakin biz eyni cəzaların səyyar loto satışında tətbiq edildiyinə dair hələlik heç bir rəsmi açıqlamaya rast gəlmirik.

Təhlükəsizlik bəhanəsi ilə gizlədilən uduşlar

"Hürriyyət"in apardığı araşdırmalar zamanı məlum olur ki, əslində ölkə ərazisində satılan lotoreyalardakı uduşlarla bağlı da ciddi şübhələr var. "Azerlotoreya" rəsmi olaraq bəyan edir ki, ani lotoreya oyunları üçün 40 milyon manat uduş fondu formalaşdırılıb. Eyni zamanda, qurumun rəsmi internet saytında (https://azerlotereya.com/) bu barədə informasiya yerləşdirilib. Hətta biz rəsmi açıqlamada "200 min manat uduldu" kimi sloqanlara da rast gəlirik. Lakin uduş sahibləri haqqında heç bir bilgi verilmir. "Azerlotoreya"da hesab edirlər ki, bu təhlükəsizlik baxımından nəzərdə tutulub və məlumatlar məxfi saxlanılır. Lakin dünya təcrübəsində böyük uduşlar qazanan şəxslər barədə mütəmadi olaraq məlumatlar yer alır. Azərbaycanda isə təhlükəsizlik və məxfilik bəhanəsi ilə uduşu qazananlar haqqında heç bir bilgi verilmir. Bu da gerçəkdən də uduşların olmasına dair ortaya ciddi şübhələr çıxarır.

Mövzu ilə bağlı araşdırmalarımız davam edəcək. Qarşı tərəfi də dinləməyə hazırıq.

"Hürriyyət"




Paylaş:


Müəllif : Tarix:
19-04-2022, 17:24
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər