reklam
Regionxeberlericom.az » Cəmiyyət » Qazi atası üsyan etdi: “Birdəfəlik divara qoyub güllələsinlər...” + Video

reklam

Qazi atası üsyan etdi: “Birdəfəlik divara qoyub güllələsinlər...” + Video














Mənim babalarımın ikisi də 1941-1945-ci il müharibəsində faşizmə qarşı sovet əsgəri olaraq döyüşüblər. Biri yüngül yara almışdı, o birinin isə burnu da qanamamışdı. Onların hər ikisi ömürlərinin sonuna kimi yüksək məbləğdə müharibə veteranı təqaüdü aldılar. Hətta üst-üstə götürəndə bu təqaüdün 40 ili müstəqil Azərbaycanın dövrünə düşdü. Yəni sovetlər üçün döyüşən babalarıma müstəqil Azərbaycanın dövlət büdcəsindən yüksək məbləğdə təqaüd ayrılırdı. İndi onların heç biri həyatda yoxdur.

Bəs Qarabağ savaşında, öz doğma torpaqlarımız uğrunda canının bir parçasını qoyan, ağır travmalar yaşayan, bədənində qəlpələr gəzdirənlərə münasibət necədir? Son vaxtlar aidiyyatı dövlət qurumu - Əmək və Əhalinin Sosdial Müdafiəsi Nazirliyi ilə bağlı olan şikayətlərin əksəri bu haqdadır. Ermənilərə qalib gələn döyüşçülər bu nazirlik qarşısında məğlub duruma düşüblər, sındırılıblar. Ən yaxşı halda onların veteranlıq statusu tanınır. Bunun da aylıq dəyəri 80 manatdır. Yəni iki-üç blok siqaretin pulu...

Quliyev İsa Mikayıl oğlu... Qarabağ savaşının ilik günündən sonuncu gününə kimi döyüşlərin ən qaynar nöqtələrində iştirak edib. Son döyüşü Şuşada olub. Noyabrın 9-na - üçtərəfli bəyannamə imzalanan günə qədər sağ-salamat qalıb. Lakin savaşın son günü, bəyannamənin inzalanmasına saatlar qalmış Daşaltıda yanında partlayan minamyot mərmisi tozu dumana qarışdırıb. Nəticədə qəhrəmanımız ayağından, qolundan və başından qəlpə yarası alıb.

Atası Mikayıl Quliyevi dinləyək: “Səkkiz gün İsadan xəbərimiz olmadı. Nə öldüsünü bildik, nə qaldısını. Müharibə bitəndən 6 gün sonra yaralandığını xəbər verdilər. Bundan sonra 6 ay hospitalda müalicə olundu. Arayış verdilər ki, hərbi xidmətə yararsızdır. İndi başlı-başına buraxıblar, nə maraqlanan var, nə problemi həll edən...”

Bildirək ki, İsanın atası Mikayıl Quliyev birinci Qarabağ müharibəsinin iştirakçısıdır və o da İsa kimi veteran olaraq 80 manat təqaüd alır. İsanın dayısı birinci Qarabağ müharibəsində itkin düşüb. Vətən Müharibəsində 3 əmisi oğlu ilə birgə döyüşüb. Əmisi oğlanlarından biri döyüşdə gözünü itirib...















Bir müddət əvvəl Mikayıl Quliyev “Yeni Sabah”a müraciət edərək problemin işıqlandırılmasını xahiş etdi. Durumu ətraflı anlamaq üçün onun çağırışına yollandıq. Ailə Füzulidə, Haramı düzündə yaşayır. Maldarlıqla məşğul olan quliyevlər çiy kərpicdən tikilmiş daxmada yaşayır. Zatən Qarabağı işğaldan azad edənlərin böyük əksəriyyəti daxmada böyüyən qəhrəmanlar deyildimi? Şəhidlərin çıxdığı evlərin hansı zəngin evinə oxşayırdı ki?! İsanın böyüdüyü şəraiti də aşağıda təqdim etdiyimiz videoda özünüz görəcəksiniz.

Mikayıl Quliyev deyir ki, İsanın başında və ayağında olan qəlpələri çıxarmaq mümkün deyil. Başındakı qəlpə yuxu arteriyasının yanındadır. Qəlpə İsaya ağrılar verir və əsəblərinə çox pis təsir edir: “Qəlpə tərpənəndə başını soyuducuya salır. Gecələr çox ağır tutmaları olur. Bizim həyatımız zəhərə dönüb. Maraqlanan yoxdur...”

Ailənin əsas tələbi İsa Quliyevə əlillik verilməsidir. Lakin ƏƏSMN imtina edir. Sənədlərin qaydasında olmadığını bildirir: “Uşağı yarımcan edib atıblar üstümüzə. Hospital yazır ki, yararsızdır. Nazirlik də deyir ki, əlil deyil. Yaxşı, əlil deyilsə, işinə bərpa edin! Adam çəliksiz gəzə bilmir, başındakı qəlpə bütün sinirlərini xarab edib. Deyir elə bil başımda tank gəzir, özünü idarə edə bilmir. İndi də 10 gündən artıqdır xəstəxanadadır, nə olacaq bilmirik”.

Biz Füzulidə olanda İsa ilə görüşə bilmədik. Onu Beyləqana xəstəxanaya aparmışdılar və hələ nə qədər orada qalacağı bəlli deyildi.

Dərdli ata isə nə edəcəyini bilmir. Ağır şəraitdə böyütdüyü yeganə oğlu, 10 ildir Azərbaycan Ordusunda gizir kimi xidmət edən İsa xəstəxanada canı ilə əlləşir. Bəs ailə İsaya əlillik verilməsini nə üçün istəyir?! Əslində, onların tələbinin hədəfi veriləcək təqaüd də deyil. Atanı dinləyək:

“Biz İsanın başındakı qəlpənin çıxarılması üçün Türkiyəyə də müraciət etdik, rentgenləri, diskləri göndərdik. Cavab gəldi ki, biz bu qəlpəni çıxara bilmərik. Yaşat Fonduna müalicə üçün müraciət etdik. Amma oradan da cavab verdilər ki, biz yalnız əlillik alanların müalicəsini öz üzərimizə götürürük. Yaxşı indi biz nə edək? Öz imkanımız yoxdur. Bu ilyarımda əlimizdə olanları da uşağın sağalması üçün xərclədik. Amma day tükənmişik. Əsəb, stress də bir tərəfdən. Heç olmasa əlillik verilsə, Yaşat Fondu müalicədə bizə dəstək olar. Yenə də deyirəm, əgər əlil deyilsə, işinə bərpa etsinlər. 10 ilə yetişdirdikləri bir döyüşçünü niyə yarımcan edib başlı-başına buraxıblar”.

Onu da qeyd edək ki, Quliyev İsa Mikayıl oğlu Prezident İlham Əliyev tərəfindən “Döyüşdə fərqlənməyə görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.



















Mikayıl Quliyevlə daxmadan bayıra çıxırıq. Hava sərindir. Amma bir ay sonra burada cəhənnəm istisi olacaq. Ailə isə həm bu şəraitsizliyə, həm də müharibənin, dövlət qurumunun yaratdığı travmalarla baş-başa qalacaq:

Mikayıl Quliyev: “Qazinin yaşadığı şərait budur. Qarabağı, mədəniyyət beşiyi Şuşanı azad edən əsgərin yaşayışı belədir. Atası Birinci Qarabağ müharibəsinin veteranıdır, anası şəhid ailəsidir - hələ qardaşının nə öldüsü, nə qaldısından xəbər var. Mən nə vaxta qədər orda-burda su suvarıb pul qazanıb ona siqaret alacam?! Birdəfəlik divara goyub güllələsinlər, canımız qurtarsın!!!

Əmək Nazirliyi o qədər sənəd-sünəd tələb edir ki... Lazım olanların hamısını aparırıq, yenə də əlillik verilmir, imtina gəlir”.

Bu münasibət Qarabağ zəfəriniz üstünə gölgə salırmı? Bilmirəm. Elə bilmədiyimiz şeylər də bəzən bizi tərəddüd qarşısında qoyur. Aidiyyatı dövlət qurumları bu tərəddüdləri aradan qaldırmaq üçündür ki, vətən çağıranda hər kəs bir yumruq ola bilsin.

… İsa müharibədən qayıdanda canında salamat qalan bircə Vətən sevgisi idi. Deyəsən, onu da məmurlar “xəstə” edəcək…





Paylaş:


Müəllif : Tarix:
6-05-2022, 15:37
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər