reklam
Regionxeberlericom.az » Cəmiyyət » Ziya Məmmədov BAHALI HƏCİ OLACAQ... - Reaksiyalar...

reklam

Ziya Məmmədov BAHALI HƏCİ OLACAQ... - Reaksiyalar...












Sabiq nəqliyyat naziri Ziya Məmmədovun Həcc ziyarətinə gedəcəyi barədə xəbər sosial şəbəkələrdə ciddi müzakirə mövzusuna çevrilib. Məlumata görə, sabiq nazir artıq ziyarət üçün Qafqaz Müsəlmanları İdarəsinə 9150 manat ödəniş də edib.

Bir çoxları sabiq nazirin müqəddəs yerləri ziyarət etmək arzusunu narazılıqla qarşılayıblar. Xalq şairi Vahid Əziz Ziya Məmmədovun Həcc ziyarətinə getməsinə narazılıq bildirənləri tənqid edib. Mediaya açıqlamasında Vahid Əziz Ziya Məmmədovun bu cür addımlarını normal qarşıladığını bildirib: “Mənim Ziya Məmmədovla alverim olmayıb. Ona nə pul vermişəm, nə də pul almışam. Məsələ bundadır ki, bu gün Ziya Məmmədovu məsxərəyə qoyanlar özləri ondan betər işlər görərdilər. Ziya Məmmədov nazir işləyib, pul oğurlayıb, neyləyib, özü bilər. İndi bu adam haqqın yoluna qayıdır, ömrünün bu yaşında ziyarətə gedir. Mən başa düşə bilmirəm ki, bunu məsxərəyə qoyanları narahat edən nədir? Həcc ziyarətinə gedir yaxşı edir, özü bilər. Günahını yumağa gedir. Həcc elə bir müqəddəs yerdir ki, o, səni qəbul etməyəndən sonra insanların çoxu ölür. Allah Ziya Məmmədovun yolunu açsın. Onunla tanışlığım yoxdur. Amma bu insandır, Azərbaycan vətəndaşıdır. Erməniyə qalib gələn bu dövlət Ziya Məmmədovu həbs etməyibsə, demək ki, o, həbsdə qalacaq adam deyil. Bəs bu adamlar ondan nə istəyir?”

Yalnız Ziya Məmmədov deyil, hətta həbsdə olan sabiq məmurların namaz qılması, dinə-imana gəlməsi barədə xəbərlər var. Korrupsioner və oliqarx məmurlar kimi tarixə düşən sabiqlərin çoxunun namaz qılması, şeir yazması cəmiyyətdə də qəribə qarşılanır. Ekspertlər deyir ki, sabiqlərin demək olar ki, hamısının imici zədəlidir, özlərini yeni obrazda təqdim etsələr də, xalq onları bağışlamır və səmimiyyətlərinə inanmır. Dia.az xəbər verir ki, millət vəkili Aqil Abbas mövzu ilə bağlı “Yeni Müsavat”a bunları dedi: “Həcc ziyarəti müsəlmanın vacib əməllərindən biridir. Ziya Məmmədov da imkanı varsa, Həcc ziyarətinə getsin. Burada nə var ki?! Sabiq nazir olmasın, lap başqası olsun, Allah ziyarətini qəbul etsin”.

Ağ Partiya sədri Tural Abbaslının mövzu ilə bağlı “Yeni Müsavat”a dedikləri diqqət çəkdi: “Həcc ziyarəti İslamın beş əsas şərtindən biridir. Amma Həcc ziyarəti birbaşa maddi vəziyyətlə bağlı olan vacib əməllərdən sayılır. Ona görə hər bir müsəlmanın Həccə getməyə haqqı çatır. Allahdan əfv diləmək, tövbə etmək haqqı var. Heç kim, hətta Ziya Məmmədovdan belə bu hüququ ala bilməz. Amma burada qul haqqı deyilən bir məsələ də var. İslamda da var ki, Allah qulların bir-birilərinin üzərində olan haqlarını bağışlamayacaq. Yəni dinimizin tələbidir ki, o quldan halallıq almalısan. İnsanlar bu qədər narazılıq edir, onlar Ziya Məmmədov o pulu haradan, necə alıb deyə sual etmirlər. Onun səmimiliyinə inanmırlar. Onun Allaha olan inamına, onun səmimiyyətinə inanmadıqları üçün özlərinə bunu həqarət hesab edirlər. Ziya müəllim bunun üzərində düşünməlidir, o, nə əməl edib ki, insanlar ona qarşı bu qədər aqressivdir? Düzdür, onun nə etdiyini hamımız bilirik. Nazir işlədiyi dövrdə çəkilən yolların, tikilən körpülərin keyfiyyətsizliyi, milyonlarla dollar pul xərclənib gətirilən dayanacaqlar, orada quraşdırılan monitorların hazırda işləməməsi, nəqliyyatın bərbad gündə olması - bunların hamısının ən böyük günahı Ziya Məmmədovun üzərindədir. İnsanlar hər gün bu problemləri yaşayırlar.

Təbii ki, onlarda aqressiya yaranır ki, nəqliyyatı bərbad vəziyyətə qoydu, yedi, taladı, utanmadan ziyarətə gedir. Fikrimcə, Ziya Məmmədov Allahın qarşısına çıxmadan öncə insanların qarşısına çıxmalıdır. Onlardan halallıq almalıdır, üzr istəməlidir. Büdcədən götürdüklərini, oğurladıqlarını hansısa yolla geri qaytarmalıdır. İnsanları kənara qoyaq. İlahi məhkəmə, İlahi ədalət deyilən anlayış da var. Oradakı məhkəmə buradakı kimi olmayacaq. Zəng edib tapşırtdıra bilməyəcək. O baxımdan, əgər imana gəlibsə, tövbə qapısını döyməyə başlayıbsa, birinci haqqına girdiyi insanlardan halallıq almalıdır. Yenə də deyirəm, mən onun ziyarətə getməyinə bir söz demirəm. Allah özü bilər kimi bağışlayacaq-bağışlamayacaq. Amma qul haqqı ilə bağlı Allahın ”Qurani Kərim"də buyurduğu məsələlər var. Ziya müəllim birinci haqqını yediyi vətəndaşlardan halallıq almalıdır. Bəlkə bundan sonra insanların qəzəbi bir az azala".

Yeri gəlmişkən, Ziya Məmmədovun nazir vəzifəsindən azad ediləndən sonra namaz qıldığı, ibadətlə məşğul olduğu, hətta şeir yazdığı da bildirilirdi.

Dini ekspert Kənan Rövşənoğlunun də mövzu ilə bağlı fikirlərini öyrəndik: “Ziya Məmmədovu, yaxud digər keçmiş məmurları korrupsiyada, yarıtmaz idarəçilikdə ittiham etmək olar. Bu hər bir ölkə vətəndaşının haqqıdır. Amma bir insanı keçmişdə günah edib deyə indi ibadət etməsinə və ya başqa bir xeyirli iş görməsinə görə ittiham etmək əsassızdır. Hər bir insan tövbə edə, ibadət və ziyarət edə bilər. Bununla bağlı heç bir insan üçün qadağa və ya məhdudiyyəti Allah nəzərdə tutmayıb. Tövbə Allahın insanlara böyük lütfüdür, hər kəs, hər yaşda, hər zaman bundan faydalanmaq haqqına sahibdir. Vətəndaş nəqliyyat sisteminin və ya yolların bərbad gündə olmasına görə Ziya Məmmədovu günahlandıra bilər. Amma ”o zaman yolu pis çəkib, korrupsiyaya bulaşıb, indi Həccə niyə gedir" deməyin əsası yoxdur. Dediyim kimi, tövbə qapısı hər kəsə, hətta qatı cinayətkara belə açıqdır. O ki qaldı səmimiyyət məsələsinə, ibadətlər insanla bəndə arasında olan məsələdir, digər bəndələr ibadətlə bağlı hökm vermək, ibadəti qiymətləndirmək haqqına malik deyillər. Bu hüquq Allaha məxsusdur. Bir insana niyə pis işləri görübsən demək olar. Amma daha əvvəl pis adam olubsan, indi niyə yaxşı iş görürsən demək absurddur. Hər kəs, o cümlədən Ziya Məmmədov Qiyamət günü etdiyi və etmədiyi əməllərə görə cavab verəcək".




Paylaş:


Müəllif : Tarix:
1-06-2022, 12:42
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər