reklam
Regionxeberlericom.az » Cəmiyyət » Bizi Qarabağ birləşdirdi… - Regina Kovalyova

reklam

Bizi Qarabağ birləşdirdi… - Regina Kovalyova


Bir həftə öncə Vətən müharibəsi qazisi Denis Quzlayevlə Azərbaycanın Milli Qəhrəmanı Yuri Kovalyovun qızı Regina Kovalyovanın ailə qurması xəbərini vermişdik. Milliyyətcə rus olan qazi və Milli Qəhrəman qızının izdivacı cəmiyyət arasında böyük maraqla qarşılandı. Həmsöhbətimiz Regina Kovaleva Azərbaycanın Rus İcmasının fəal üzvü olaraq, qurumun Nizami Rayon Təşkilatının gənclər qrupuna rəhbərlik edir. Həyat yoldaşı Denis Quzlayev isə Vətən müharibəsi zamanı Füzuli, Cəbrayıl, Hadrut və Xocavənd rayonlarının azad edilməsi uğrunda döyüşlərdə iştirak edib. Xocavənd istiqamətində gedən döyüşlər zamanı Denis ağır yaralanıb. O, bir neçə mürəkkəb əməliyyat keçirib. Hafta.az Regina Kovalyova ilə həmsöhbət oldu. Həmin müsahibəni sizə təqdim edirik:


– Regina xanım, ilk öncə istərdik ki, özünüz və ailəniz haqqında məlumat verəsiniz…


– Mən Regina Kovalyova, Milli Qəhrəman Yuri Kovalyovun qızıyam. Atamla bağlı hər zaman qürur və fəxr hissi ilə bəhs edirəm. Baxmayaraq ki atam 26 yaşında şəhid olub, ancaq onun döyüş yolu haqqında çox şey demək olar. Həm döyüş yoldaşları, həm ailəm, anam və nənəm bu barədə mənə hər zaman danışıblar.


– Milli Qəhrəmanın övladı olmaq həyatınıza nə cür təsir edib? Yəqin ki, üzərinizdə bu məsuliyyəti hiss etmisiniz.


– Bəli, Milli Qəhrəman qızıyam və bu məsuliyyəti həyatımın hər anında hiss edirəm. Heç vaxt unutmuram ki, mənim atam kimdir.


– Həm özünüz, həm də həyat yoldaşınız milliyyətcə azərbaycanlı deyilsiniz. Bəlkə elə buna görə vətənpərvərliyiniz və evliliyiniz insanlar arasında daha xoş qarşılandı.


– Cəmiyyət arasında toyumuzun maraqla qarşılanması bizim üçün çox xoş oldu. Buna görə hər kəsə təşəklür edirik.


Doğrudur, milliyyətcə azərbaycanlı deyilik, amma hər zaman deyirəm və indi də vurğulamaq istəyirəm ki, Azərbaycanın övladıyıq. Bu ölkə bizim doğma yurdumuzdur. Ailəmizdə vətənpərvərlik mövzusu heç zaman sual altında olmayıb.


– Həyat yoldaşınızla harada və nə cür tanış olmusunuz? Əminəm ki, bu sual oxucularımıza da maraqlıdır.


- Mən Denislə Tədris Cərrahiyyə Klinikasında tanış olmuşam.


Müharibə zamanı gündüzlərin və gecələrin sayını itirmişdim. Müharibənin başladığını öyrəndiyim an dərhal atamın döyüş yoldaşları ilə əlaqə saxlayıb məlumat almağa çalışdım. İşlədiyim Rus Gəncləri Assosiasiyasında siyahılar var idi. Hansı ki, burada döyüşçülər haqqında məlumatlar qeyd edilmişdi. Mənim siyahımda isə ümumiyyətlə Denisin adı yazılmamışdı. Əmim Vitali Kovalyov zəng vurub dedi ki, Tədris Cərrahiyyəsi Xəstəxanasında bizim bir qazimiz var. Onu ziyarətə gedirik. Əmim bunu deyəndə dərhal siyahını yoxladım və gördüm ki, burada Denisin adı yoxdur. Daha sonra xəstəxanaya getdik, orada Denislə tanış olduq, söhbətləşdik. Hər şey aramızdakı dostluqdan başladı. O mənə müharibədən əvvəlki fotolarını göstərdi. Daha sonra dedi ki, “İndi də hazırkı halıma bax. Bu vəziyyətdə məni kim sevəcək?”. Mən də cavabımda “Heç narahat olma, əmin ol, həyatına elə bir xanım çıxacaq və səni o qədər gözəl sevəcək ki, çox xoşbəxt insan olacaqsan”, – söylədim. Kim deyərdi ki, o qadın mən olacağam? Bu, Allahın bir qisməti idi. Qismət həmin gün məni Tədris Cərrahiyyəsi klinikasına gətirdi. Ondan sonra hər gün xəstəxanaya gedib həm Denisi, həm də digər qazilərimizi ziyarət edirdim.


– Denisdə aşiq olduğunuz, sizi ona heyran edən xüsusiyyətlər nələrdir?


– Denis çox yaxşı insandı, gözəl qəlbə sahibdir. O, əməliyyatına 2 gün qalmış mənə öz hisslərini dedi. Mən də ona bildirdim ki, sən indi sağlamlığın haqqında düşün, bu barədə isə sonra danışarıq. Ürəyimdə ona qarşı rəğbət var idi. Denis əməliyyata girdi. Mən 7 saat boyunca onu küçədə gözlədim. Denis palataya gətiriləndə bir qazi mənə bu barədə məlumat verdi.


Bir neçə saatdan sonra xəstəxanaya qalxdım və palataya girib, Denisə yaxınlaşdım. Əllərindən tutub, öz hisslərimi dedim. Baxmayaraq ki, Denis narkozun təsirində idi, bu sözləri eşidən kimi gözlərini açdı. Mən hiss etdim ki, o məni eşidir. Dedim ki, “Narahat olma, sənin yanındayam”.


– Yəqin ki, indiyə qədər aranızda atanızla bağlı müzakirələr, söhbətlər olub…


– Əlbəttə, bu haqda söhbətlərimiz olub. Denis mənə üzük taxanda ondan xahiş etdim ki, atamın yanına gedək. Biz üzük taxılandan sonra Şəhidlər xiyabanına, atamın ziyarətinə etdik. İnanıram ki, şəhidlər ölümsüzdür. Bu günə qədər həyatımda önəmli hansı hadisə baş verərsə, dərhal atamın yanına getmişəm və hər şeyi onunla bölüşmüşəm.


– Qəhrəman övladı olaraq, qəhrəman döyüşçü ilə ailə qurmusunuz? Necə hissdir?


– Bilirsiniz, bu çox məsuliyyətli bir işdir. Həm də qürur duyuram ki, qəhrəman övladıyam, qəhrəman yoldaşım var. Bizi Qarabağ birləşdirib. Mən Qarabağda atamı itirmişəm, amma ora mənə Denisi verdi. Doğma torpaqlarımız bizi birləşdirdi.


– Gələcək haqqında birgə planlarınız nələrdir?


- Gələcəklə bağlı çoxlu planlarımız var. Ən vacibi Denisin sağlamlığıdır. Qarşıda onun 8-ci əməliyyatı var. Omu çox çətin əməliyyat gözləsə də, əminəm ki, hər şey yaxşı olacaq. Onun yanında mən, qəhrəman övladı var. Biz bir yerdə bütün çətinliklərdən keçərik. İnşAllah yaxşı olar. Mənim üçün hazırda ən vacib məsələ budur. İstəyirik ki, gələcəkdə xoşbəxt olaq və bir yerdə Qarabağa gedək.


P.S. Gənc ailəyə xoşbəxtlik arzulayıb, xoş söhbətimizi yekunlaşdırdıq.




Paylaş:


Müəllif : Tarix:
24-06-2022, 09:32
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər