reklam
Regionxeberlericom.az » Cəmiyyət » DTX-nin dələduzluğa görə həbs etdiyi vəkil Mövlam Şıxəliyevin müdafiəçisidir - İLGİNC FAKTLAR

reklam

DTX-nin dələduzluğa görə həbs etdiyi vəkil Mövlam Şıxəliyevin müdafiəçisidir - İLGİNC FAKTLAR















Dövlət Təhlükəsizliyi Xidmətinin həbsə aldığı vəkil Elçin Qəmbərov hazırda məhkəməsi keçirilən Milli Təhlükəsizlik Nazirliyinin(2015-ci ildə ləğv olunub - E.M) İstintaq Baş İdarəsinin rəisi Mövlam Şıxəliyevin müdafiəçisidir.

Elçin Qəmbərov həbsinə qədər uzun illər “Mərkəz” Vəkil Bürosunun rəhbəri olub. Mövlam Şıxəliyev həbsindən əvvəl Elçin Qəmbərov və onun rəhbərliyi altında işləyən vəkil Arzu Cavadovla müqavilə bağlayıb. Elçin Qəmbərovun həbsi ilə bağlı yayılan ilkin məlumatlarda onun külli miqdarda dələduzluğa görə həbsə alındığı bildirilirdi. Sonradan yayılan məlumatlarda isə deyilirdi ki, Elçin Qəmbərov vəkillik fəaliyyəti zamanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.4-cü maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək həbsə alınıb.

Cinayət Məcəlləsinin 179.4-cü maddəsi -etibardan sui-istifadə və ya aldatma yolu ilə xüsusilə külli miqdarda vəsaitin ələ keçirilməsi adlanır. Belə məlumatlar var ki, Elçin Qəmbərov 500 min manatdan yuxarı məbləğdə vəsaiti etibardan sui-istifadə etməklə ələ keçirməkdə şübhəli bilinir.

İyunun 25-də Səbayel Rayon Məhkəməsində Dövlət Təhlükəsizliyi Xidmətinin vəsatəti əsasında Elçin Qəmbərov barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçilib. Elçin Qəmbərov Vəkillər Kollegiyasının Rəyasət Heyətinin üzvü olub.

Elçin Qəmbərovun həbsindən sonra onun müvəkkili Mövlam Şıxəliyev 2 vəkilin xidmətindən istifadə etməli olacaq. Onun cinayət işi üzrə Bakı Hərbi Məhkəməsində vəkillər Ceyhun Yusifov və Arzu Cavadov müdafiə edəcəklər.

Elçin Qəmbərov Mövlam Şıxəliyevin vəkili olsa da, faktiki olaraq onun cinayət işi üzrə Bakı Hərbi Məhkəməsində keçirilən proseslərə qatılmırdı.

Hazırda Bakı Hərbi Məhkəməsində Mövlam Şıxəliyev, istintaq idarəsinin rəis müavini, 1-ci şöbənin rəisi Yasin Məmmədov, istintaq idarəsinin 2-ci şöbənin rəisi, polkovnik Vüsal Ələkbərov və istintaq idarəsinin metodiki yardım və kriminalistika şöbəsinin rəis müavini Sahib Ələkbərovun cinayət işi üzrə prosesdə fasilə yaranıb. İş üzrə hakim Elbəy Allahverdiyevin 1 aylıq məzuniyyətə getməsi səbəbindən yaranan fasilənin zərərçəkənlər Mövlam Şıxəliyevin maraqlarına xidmət etdiyini ehtimal edirlər. Deyirlər ki, 9 aydır davam edən proses olduqca gərgin şəkildə keçirilir. Bütün ifadələr Mövlam Şıxəliyev və onunla bərabər mühakimə olunan mütəşəkkil cinayətkar dəstə üzvlərinin əleyhinədir. Mövlam Şıxəliyev və dəstə üzvləri vəziyyətdən çıxmaq üçün yollar axtarırlar. Ümidləri yaranmış fasilə zamanı Eldar Mahmudovla əlaqə yaradıb onları xilas etməsini istəmək, bu yolda onlara dəstək verməsini təmin etməkdir.

Zərərçəkmişlərdən Zaur Əliyev, Əfsəl Həsənəliyev, Sərdar İsmayılov, Hüseyn Səfərov və Qulam Bağırov isə Elbəy Allahverdiyevin bu məhkəmə prosesindən kənarlaşdırılması üçün yazılı şəkildə etiraz veriblər. Onlar etirazlarını Bakı Hərbi Məhkəməsinin dəftərxanasına təqdim ediblər.

Zərərçəkmişlər etirazlarında yazıblar ki, Elbəy Allahverdiyev bu işdə obyektiv, ədalətli hökm çıxarmayacaq. Bəri başdan bununla bağlı əsaslı şübhələr var.

Hakimin qərəzli davrandığını və hər məhkəmə iclasında bunu nümayiş etdirdiyini vurğulayan zərərçəkmişlərin sözlərinə görə, şübhələrə əsas verən məsələlərdən biri Elbəy Allahverdiyevlə Mövlam Şıxəliyevin 2003-2004-cü illərdə MTN-də birlikdə işləməsidir.

Zərərçəkmişlər bildirir ki, indiki hakim Elbəy Allahverdiyev o zaman Respublika Hərbi Prokurorluğunda mühüm işlər üzrə müstəntiq idi. O, 2003-2004-cü illərdə MTN-in İstintaq İdarəsinə ezam olunmuşdu. Həmin dövrdə Mövlam Şıxəliyev MTN-in İstintaq İdarəsində şöbə rəisi vəzifəsində xidmət edib: “Elbəy Allahverdiyev Mövlam Şıxəliyevin bilavasitə rəhbərliyi altında fəaliyyət göstərib, onunla daimi təmasda olub. Bu da onu deməyə əsas verir ki, Mövlam Şıxəliyev bu günə qədər Elbəy Allahverdiyevin gözündə rəhbər olaraq qalmaqdadır. Bununla sübuta yetirilir ki, hakim Elbəy Allahverdiyevin Mövlam Şıxəliyevlə sıx münasibətləri var. Hakim Elbəy Allahverdiyev proses iştirakçıları qarşısında etiraf etdi ki, 2003-2004-cü illərdə ezam olunub MTN-in istintaq qrupuna və iclas zamanı Mövlamdan dəqiqləşdirici sual verib ki, hansı vaxtdan MTN-də xidmətə başladığını soruşdu. O da cavabında bildirdi ki, 2004-cü ildən şöbə rəisi vəzifəsində, polkovnik rütbəsində fəaliyyət göstərib”.

Zərərçəkmişlər etirazda qeyd edib ki, onların qaldırdıqları və iş üçün əhəmiyyətli olan vəsatətlərin heç birini Elbəy Allahverdiyevin sədrlik etdiyi hakimlər kollegiyası təmin eləmir. İyunun 21-də keçirilən məhkəmədə təqsirləndirilən Sahib Ələkbərov keçmiş baş prokuror Zakir Qaralov və onun birinci müavini Rüstəm Usubovun məhkəməyə dəvət olunub şahid qismində dindirilməsini istəmişdi. Bu vəsatət müzakirə olunanda zərərçəkmişlərdən 5 nəfər, onların müdafiəçiləri, digər təqsirləndirilən şəxslər də onu dəstəkləmişdi: “Baxmayaraq ki, proses iştirakçılarının bir çoxu vəsatəti dəstəkləyib, əsaslı dəlillər ortaya qoyublar, hakim heç bir əsaslandırma olmadan vəsatəti təmin etmədi. Halbuki bütün zərərcəkənlərin girov götürülməsi və qanunsuz həbsdə saxlanılması Zakir Qaralov və Rüstəm Usubovun imzaları və qərarları əsasında həyata kecirilib. Bunu ona görə etmədi ki, bu proses məhkəmə deyil, tamaşadır. Elbəy Allahverdiyev də onu tələsik keçirməyə çalışır”.

Zərərçəkmişlər Cinayət Prosessual Məcəllənin 109.1.7 maddəsində yazılanları xatırladaraq, Elbəy Allahverdiyevin bu işə baxmasının mümkünsüz olduğunu bildiriblər. Həmin maddədə yazılıb ki, hakim ittiham və ya müdafiə tərəfindən cinayət prosesinin hər hansı iştirakçısı ilə, habelə belə iştirakçının qanuni nümayəndəsi və ya nümayəndəsi ilə qohumluq, yaxud şəxsi asılılıq münasibətində olduqda ona etiraz edilə bilər.

Məhkəmənin dəftərxanasında zərərçəkmişlərdən etirazı qəbul ediblər.

Məhkəmə prosesi isə hakimin məzuniyyətə getməsi ilə əlaqədar iyulun 26-na qədər təxirə salınıb.

Mövlam Şıxəliyev 2021-ci ilin aprelində həbs olunub. Keçmiş MTN vəzifəliləri ümumilikdə 14 milyon 292 min manat rüşvət almaqda, hədə-qorxu ilə başqalarının 5 milyon 77 min manatlıq pulunu, əmlakını ələ keçirməkdə ittiham olunur. Onlara qarşı Cinayət Məcəlləsinin 182 (hədə-qorxu ilə tələb etmə), 294 (sübutları saxtalaşdırma), 311 (rüşvət alma) və 341-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələrilə ittiham irəli sürülüb.

Təqsirləndirilən Vüsal Ələkbərov bundan əvvəl 2015-ci ildə hədə-qorxu ilə tələb etmə, rüşvət alma və başqa əməllərdə təqsirli bilinərək, Bakı Hərbi Məhkəməsinin hökmü ilə 12 il azadlıqdan məhrum edilmişdi. Bakı Apelyasiya Məhkəməsi onun cəzasını 5 ilə endirdi.

Təqsirləndirilən Yasin Məmmədov Mərkəzi Seçki Komissiyasının keçmiş sədr müavini Natiq Məmmədovun qardaşıdır.

Sabiq MTN-çilər iş adamlarının əmlaklarını hədə-qorxu ilə əllərindən almaqda, onları qanunsuz şəkildə günlərlə MTN-də saxlamaqda, saxta ittihamlarla cinayət məsuliyyətinə cəlb etməkdə təqsirləndirilir. Lakin onların heç biri ittihamları qəbul etmir.

“Yeni Müsavat”




Paylaş:


Müəllif : Tarix:
6-07-2022, 08:47
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər