reklam
Regionxeberlericom.az » Cəmiyyət » “İfadə verən əsgər dedi ki, bizə zorla imza atdırıblar” - İntihar etdiyi deyilən əsgərin anası - Foto+Video

reklam

“İfadə verən əsgər dedi ki, bizə zorla imza atdırıblar” - İntihar etdiyi deyilən əsgərin anası - Foto+Video

















Xəbər verdiyimiz kimi, 22 mart 2021-ci ildə Azərbaycan Ordusunun hərbi qulluqçusu Zöhrabov İlkin Ramin oğlu Kəlbəcərdə hərbi xidmətdə olan zaman vəfat edib. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. İ. Zöhrabovun nəşi doğulduğu Masallı rayonunun Ərkivan kənd qəbiristanlığında torpağa tapşırılıb.
Mərhumun anası Səriyyə Zöhrabova açıqlamasında bildirib ki, hazırda Tərtər rayon hərbi məhkəməsində intihar həddinə çatdırılma ilə bağlı məhkəmə prosesi davam edir. Növbəti proses sabah - avqustun 2-də saat 14:30-da keçiriləcək:
“Bizi fırladırlar, hərə bir ifadə verir. Əsgərlərin ifadələri bir-birilə üst-üstə düşmür. Uşağın kürəyindən güllə girib, ürəyindən çıxıb, deyirlər ki, sinəsindən özü özünə atəş açıb. Bu qədər haqsızlıq olar?



Məhkəmə sifarişlə işləyir. İfadə verən əsgər özü mənə dedi ki, xala bizi bağışla, bizə təzyiq altında kağızlara imza atdırıblar. Bizi döydülər, incitdilər orda. İlkinin meyitini tapan uşağı incitmişdilər, başını salmışdı aşağı. Gəldi mənim əlimi öpdü. Dedi, ana, İlkin zirvələrdədir, İlkin şəhiddir. Deməli, hər şeyi bilirlər. Amma demirlər.
Özü də əsgərlər müstəntiqin dili ilə danışırlar. Məhkəmədə rəsmi sözlər işlətdilər, biz bildik ki, bunlar öyrədiliblər. Əsgər ayaq üstə əsir, danışa bilmir. O əsgərlər mənim oğlumun ayağı boydadırlar.


Sabah guya şahidlər dindiriləcək. Amma onlar heç o çadırda olmayıblar. Guya başqa çadırda olan şahidlərdir. Bütün əsgərlər deyir ki, müstəntiqin təzyiqi altında kağızlara elə yazmışıq. Yazmışıq yox, peçatla yazılıb, müstəntiqin təzyiqi ilə bunlara qol çəkdiriblər. Əsgərlər 3-4 dəfə ifadə dəyişiblər.
Ümumiyyətlə, məhkəmədə mənim uşağımın ölümündən danışılmır. Məhkəmədə ancaq danışılır, nə qədər qar təmizləndi, nə qədər odun doğranıldı. Deməli, bu qar da, odun da qurtardı, mənim uşağımın ölümündən sual verilmir. Bölük komandiri araq alveri edirmiş, uşaqları məzuniyyətə buraxırmış, - “Mənim üçün araq gətirin, 100 manat pul gətirin” - bax məhkəmədə belə söhbətlər gedir.
Tək-tənha qalmışam, heç kim mənim yanımda deyil. Öz rayonumdan belə heç kim mənə dəstək olmur. İnsanları məhkəmədə mənim yanımda olmağa çağırıram.
Biz cinayət işinin məhkəmədən istintaqa qayıtmasını istəyirik. İstintaqa qaytarmırlar. Səbəbini bilmirik”.
S. Zöhrabovanın sözlərinə görə, intihar həddinə çatdırılma ilə bağlı gizir Mətləb Hacıyev həbs edilib:
“Hələ gizirin İlkini incitməsinə heç bir sübut yoxdur. Mənim uşağımı M. Hacıyev ordan sürüyə-sürüyə çıxarıb. Müdafiə Nazirliyindən bildirilib ki, uşağı qoy orda, düş aşağı. Ört-basdır eləyərik, yəni, deməklərindən belə çıxır. Meyiti qoy, düş aşağı, qoy itkin düşsün. Onun da qeyrəti yol verməyib, düşürüb aşağıya.

Bu, intihar həddinə çatdırılma ola bilməz. Siz güllə izlərini görsəniz, mənə haqq qazandırarsınız. Əgər yaxından dirənmiş vəziyyətdə vurulsaydı, kürəyi dağılmalı idi”.

S. Zöhrabova bildirib ki, oğlu özü özünə qəsd etməyib:

“Mən bu işin sonuna kimi gedəcəm. Mənim uşağım öldürülüb. Qatil kimliyindən asılı olmayaraq tapılmalıdır. Orda çox başlar gedəcək. Ona görə də bunu ört-basdır edirlər.

Leytenant Vüsal Süleymanov fərari olub. Onu yazırlar ki, guya diş ağrısı səbəbindən düşürülüb. Amma əsgər özü məhkəmədə dedi ki, fərari olub. Əsgər deyir ki, o, heç görünürdü ki? Gəlirdi, qaçıb gedirdi. O, heç postda olurdu ki?

Bölük komandiri Şəhriyar Hüseynov saat 6-da M. Hacıyevə təhvil vermədən oranı tərk edib. Guya ki, İlkin onun silahı ilə özünü vurub. Amma o silahda nə əl izi var, nə güllə var, nə giliz var. Ş. Hüseynova məhkəmədə üzbəüz sual verdim ki, sənin silahının nömrəsi neçədir? Dedi ki, bilmirəm. Çünki nömrəsini desə, silah araşdırılacaq. İlkin o silahla vurulmayıb.

Hərbi Prokurorluqda mənə təklif elədilər ki, nə istəyirsən, sənin üçün edirik. Dedim ki, mənim uşağım satılıq deyil. Mən haqq-ədalət istəyirəm. Deyirlər ki, nə istəyirsən, sənin uşağını öldürən - gizir tutulub da. Dedim xeyir ola, günahsız adam içəridə yatmalıdır, günahkar 20 nəfər, mənim uşağımı ora qaldıranlar, rüşvəti alıb kiminsə əvəzinə Kəlbəcərin Alagöllərinə, 2000 metr yüksəkliyə basıb göndərənlər çöldə gəzməlidir?

Gəncə prokuroru Əmrah Mehdiyevi dirədim divara ki, mənim uşağımın öldüyü yeri niyə çəkməmisiniz? Cavab verə bilmədi.

İndi də məhkəməni aparan Tərtər hadisələri ilə bağlı prosesi aparmış hakim İlqar Quliyevdir. Mən neçə aylardır onunla savaşıram”.

Qeyd edək ki, Zöhrabov İlkin Ramin oğlu 2 sentyabr 2001-ci ildə Masallı rayonu Ərkivan qəsəbəsində anadan olub. 1 oktyabr 2019-cu ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən həqiqi hərbi xidmətə çağırılıb və 3 oktyabr 2019-cu ildə Gəncə şəhər N nömrəli hərbi hissəyə yollanıb. 27 sentyabr 2020-ci ildə başlanan 44 günlük 2-ci Qarabağ müharibəsində fəal iştirak edib, şəxsi igidlik və şücaət göstərdiyinə görə Azərbaycan Prezitenti İlham Əliyevin 2020-ci il 29 dekabr tarixli 2372 nömrəli Sərəncamı ilə “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif olunub.






Paylaş:


Müəllif : Tarix:
1-08-2022, 16:18
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər