reklam
Regionxeberlericom.az » Cəmiyyət » Tehran hansı ismarıcları ötürür... - GƏLİŞMƏ

reklam

Tehran hansı ismarıcları ötürür... - GƏLİŞMƏ

















İran Araz çayı boyunca Azərbaycan sərhədləri yaxınlığında “Qüdrətli İran” adlı hərbi təlimlər keçirir. Rəsmi açıqlamada təlimin illik plana uyğun olaraq keçirildiyi bildirilsə də, hərbi təlimin İran hakimiyyətinin “sərhədlərin dəyişməzliyi” ilə bağlı son bəyanatları, Avropa İttifaqının (Aİ) Ermənistan-Azərbaycan sərhədinə missiya göndərməsi fonunda təşkil olunması bunun məqsədyönlü olduğunu deməyə əsas verir.

Qarabağdakı müharibədən sonra İran Azərbaycan sərhədləri yaxınlığında 3 hərbi təlim keçirib. Bu dəfəki təlim əvvəlkilərdən fərqli olaraq bütün sərhədi əhatə edir. Qüvvə və vasitələrin həcmi, eləcə də təlimin əhatə etdiyi coğrafiya bu dəfə daha genişdir.

Məlumat üçün qeyd edək ki, İranda iki ordu sistemi mövcuddur. Bunlardan birincisi “Ərteş” adlandırılan İran ordusudur. İran konstitusiyasına görə, bu ordu “ölkənin müstəqilliyi və ərazi bütövlüyünə, İslam Respublikasının nizamının qorunmasına” cavabdehdir. SEPAH isə “inqilabi rejimin qorunub saxlanılmasında” məsuliyyət daşıyır.

Yəni, “Ərteş” dövlət ordusu, SEPAH isə siyasi rejim ordusudur. Başqa sözlə desək, “Ərteş” müdafiə, SEPAH isə hücum üçün nəzərdə tutulub. SEPAH-ın Qüds qüvvələri Yaxın Şərqdə İranın dəstəklədiyi qeyri-dövlət aktorlarına təlim keçir və onları silahla təmin edir. SEPAH Bəhreyn, Səudiyyə Ərəbistanı və ABŞ hökumətləri tərəfindən terror təşkilatı kimi tanınıb. Ötən ilin payız aylarında Azərbaycanla münasibətlərin gərginləşməsi zamanı keçirilən təlimlər “Ərteş” tərəfindən təşkil edilmişdi. SEPAH təlimlərə sonradan qoşuldu.

Ərdəbil və Şərqi Azərbaycan bölgələrində keçiriləcək təlimlərə SEPAH-ın Quru qoşunları rəhbərlik edir. Təlimlərin hansı qoşunlar tərəfindən keçirilməsi onun məqsədindən xəbər verir. Görünür, İran Azərbaycan Ordusunun sentyabr ayında həyata keçirdiyi cəza tədbirlərindən bərk narahat olub.

Təlimdə xüsusilə fərqlənən iki məsələ var. Birincisi, təlimdə İran hərbçilərinin Araz çayı üzərində sürətlə texnika və qüvvənin köçürülməsi üçün istifadə edilən üzən körpülərin qurulması bacarıqları yoxlanılacaq.

SEPAH-la yaxşı əlaqələri olan “Tasnim” xəbər agentliyi yazır ki, 60 tona yaxın yük qaldıra bilən 227 metrlik körpülərin qurulması üçün cəmi yarım saat lazımdır. Bununla İran rejimi mesaj verir ki, SEPAH hərbçiləri yarım saat ərzində çay üzərində körpü quraraq öz tank və zirehli texnikaları ilə çayı keçə bilər. Prosesləri diqqətlə izləyənlər bu xüsusiyyətin nə üçün lazım olduğunu yaxşı başa düşür.

İkincisi, təlimlərdə cəmi 1 il əvvəl istifadəyə verilən “Fəth-360” raket sistemləri də cəlb olunur. 120 kilometr mənzilli raketlər qayaları parçalayan döyüş başlıqları ilə təchiz edilib və dəqiq zərbə endirmək üçün müxtəlif istiqamətləndirmə sistemlərinə malikdir. Təlimlərdə pilotsuz uçuş aparatları (PUA), helikopterlədən, zirehli texnikalardan da istifadə ediləcəyi bildirilir.

Hərbi təlimlərin İsrail və Türkiyə müdafiə nazirlərinin regiona səfərindən sonra, eləcə də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Zəngilana planlaşdırılan səfərindən əvvəl keçirilməsi xüsusilə diqqət çəkir.

SEPAH-a bağlı xəbər agentliklərində hərbi təlimlə bağlı məlumatların izahedici hissəsində İranın Azərbaycana qarşı “xəbərdarlıq”ları önə çəkilir. İran müxtəlif səviyyələrdə bir neçə dəfə regionda “sərhəd”lərin dəyişdirilməsi cəhdlərinə guya cavab verəcəyini bildirib. Görünür, bu dəfə İran hakimiyyəti Zəngəzurla bağlı bir müddətdir dilə gətirdiyi “sərhədlər dəyişəcəksə, hərbi müdaxilə ediləcək” təhdidinin real olduğunu sübut etməyə çalışır.

Digər tərəfdən İran hakimiyyəti artıq həm daxildə, həm də xaricdə bir sıra ciddi problemlərlə üzləşib. “Uyğun olmayan geyim”ə görə əxlaq polisi tərəfindən saxlanılan 22 yaşlı Məhsa Əmini adlı qadının polis tərəfindən öldürülməsindən sonra İranda son illərin ən böyük nümayişləri başlayıb. Etiraz aksiyalarında baş verən toqquşmalar zamanı qadınlar və uşaqlar da daxil olmaqla yüzlərlə şəxs həlak olub. Eyni zamanda, İranın Ukrayna ilə döyüş meydanında istifadə etməsi üçün Rusiyaya pilotsuz uçuş aparatları verməsi beynəlxalq ictimaiyyət tərəfindən etirazlarla qarşılanıb.

Hadisələr fonunda Qərb dövlətləri İrana qarşı təzyiqlərini artırıb. ABŞ, Kanada, Avropa İttifaqı (Aİ) İrana qarşı yeni sanksiyalar tətbiq edib. Bir neçə gün öncə ABŞ Dövlət Departamentinin nümayəndəsi Ned Prays bildirib ki, İranla nüvə sazişi artıq ABŞ üçün prioritet deyil. Onun sözlərinə görə, ABŞ diqqətini İranda azadlıq və hüquq uğrunda mübarizə aparan şəxslərin cəsarətinə yönəldib.

Beləliklə, daxildə və xaricdə son illərin ən böyük təzyiqi ilə üzləşən Tehran hakimiyyətinin Azərbaycana qarşı təhdidləri və təxribatları nəticəsiz qalacaq. Rusiyanın himayəsindən məhrum qalan Ermənistan hakimiyyətinin son aylarda İranla əlaqələri dərinləşdirməyə çalışması İrəvanın öz təhlükəsizliyi üçün böyük təhdid yaradır. Belə davam edəcəyi təqdirdə Ermənistan beynəlxalq aləmdən təcrid olunan İranın vəziyyətinə düşə bilər. Hazırkı proseslər bunu deməyə əsas verir.

Akif İsmayılov //modern.az//




Paylaş:


Müəllif : Tarix:
19-10-2022, 10:16
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər