reklam
Regionxeberlericom.az » Cəmiyyət » Müxalifətçi deputatın narazılığına spikerdən etiraz: “Heç kimin sözü kəsilməyib”

reklam

Müxalifətçi deputatın narazılığına spikerdən etiraz: “Heç kimin sözü kəsilməyib”










Erkin Qədirli: “Dəfələrlə çıxışa yazılmışam, vaxt çatanda məsələ səsə qoyulub. Bu, birinci dəfə deyil”

Sahibə Qafarova: “Əgər müzakirələr dayandırılıbsa, bu, hamının razılığı ilə olub”

Milli Məclisin bu gün keçirilən iclasında Ali Məhkəmə, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi və apellyasiya instansiyası məhkəmələrinə yeni hakimlərin təyin edilməsi məsələsinə baxılıb.

Layihəyə görə, “Azərbaycan Respublikası Ali Məhkəməsi hakimlərinin təyin və azad edilməsi haqqında” layihəsinə əsasən, İsmayıl Kamil oğlu Xəlilov vəzifəsinin dəyişdirilməsi ilə əlaqədar Ali Məhkəmənin hakimi vəzifəsindən azad edilir. Eyni zamanda, layihəyə görə, aşağıdakı apelyasiya instansiyası məhkəmələri hakimləri vəzifələrindən azad edilərək Ali Məhkəmənin hakimi təyin edilirlər:

- Xıdırov Əhliman Mehman oğlu – (Naxçıvan MR Ali Məhkəməsinin hakimi (Kommersiya Kollegiyasının sədri));

- Abdulov Rəşad Məhərrəm oğlu – Bakı Apellyasiya Məhkəməsinin hakimi;

- Babayev Zəki Baba oğlu - Bakı Apellyasiya Məhkəməsinin hakimi;

- Məmmədov Vidadi Məmməd oğlu - Bakı Apellyasiya Məhkəməsinin hakimi;

- Cəfərov Vidadi Cəfər oğlu – Sumqayıt Apellyasiya Məhkəməsinin hakimi (Cinayət Kollegiyasının sədri).

Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında” layihəsinə əsasən, İlqar Məhərrəm oğlu Mirzəyev səlahiyyət müddəti 2023-cü il yanvarın 2-də başa çatdığı üçün həmin tarixdən yenidən Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi təyin edilir. Aşağıdakı hakimlərin vəzifələrinin dəyişdirilməsi ilə əlaqədar Naxçıvan MR Ali Məhkəmənin hakimləri təyin edilirlər:

- Bəylərli Səxavət Şahhüseyn oğlu – Naxçıvan MR Ağır Cinayətlər Məhkəməsinin hakimi;

- Novruzov Səxavət Hüseyn oğlu – Naxçıvan MR İnzibati Məhkəməsinin hakimi.

Eyni zamanda, apellyasiya instansiyası məhkəmələrinə, Gəncə Apellyasiya Məhkəməsi hakimlərinin təyin edilməsi, Şəki Apellyasiya Məhkəməsi hakimlərinin təyin və azad edilməsi haqqında layihələrə baxılıb.

“Elmira Süleymanovanın yaşının çoxluğu səbəbindən Azərbaycan Ombudsman İnstitutunun reytinqini A-dan B-yə düşüb”

Müzakirə zamanı deputat Tahir Kərimli Azərbaycan Ombudsman Aparatının beynəlxalq reytinqinin düşməsi məsələsinə toxunub. Millət vəkili bunun səbəbinin keçmiş Ombudsman Elmira süleymanovanın yaşı olduğunu deyib: “BMT-nin İnsan Hüquqları Komissiyası Elmira Süleymanovanın yaşının çoxluğu səbəbindən Azərbaycan Ombudsman İnstitutunun reytinqini A-dan B-yə salıb”.

Spiker Sahibə Qafarova isə deputata cavabında bildirib ki, Elmira Süleymanovanın işi hər zaman Azərbaycan üçün çox böyük əhəmiyyətə malik olub.

Deputat məhkəmələrdən narazılıq etdi: “İllərlə vətəndaş süründürülür”

Deputat Siyavuş Novruzov isə məhkəmə sistemindəki çatışmazlıqlardan danışıb. Millət vəkili bildirib ki, bu gün ən çox şikayət edilən orqan məhkəmələrdir: “Hətta polis və prokurorluq bir işi səhv aparanda bu, sonda məhkəməyə gəlir və orada qərar verilir. Odur ki, məhkəmə sistemi olduqca əhəmiyyətlidir. Məhkəmələr elə işləməlidir ki, vətəndaş bu qurumdan narazı qalmamalıdır”.

“Azərbaycandan Avropa məhkəmələrinə şikayətlər daxil olur. Nəticədə dövlət ayrı-ayrı vətəndaşlara kifayət qədər kompensasiya ödəyir. Amma burada söhbət işin mahiyyətindən deyil, prosesin düzgün aparılmamasından gedir. Düzgün aparılmayan prosedur varsa, çıxarılan qərar ədalətli ola bilməz. Hesab edirəm ki, hakimlər buna diqqətlə yanaşmalıdır”lar, S.Novruzov vurğulayıb.

Millət vəkili qeyd edib ki, ümumiyyətlə, hər bir prosesdə təcrübənin böyük əhəmiyyəti var: “Azərbaycan Prezidentinin göstərişi ilə yaxşı məhkəmə binaları tikilib, şərait yaradılıb. Amma burada keyfiyyət əsas məsələdir. Vətəndaşlarımızın razı salınması hakimlərdən asılıdır”.

“Bu sistemdə “ötür-ötür” problemi də var. Bu ona ötürür, o buna ötürür. Sonra Ali Məhkəmə işə baxır və yerli məhkəməyə qaytarır. Beləcə illərlə vətəndaş süründürülür. Məncə, buna da diqqət edilməlidir. Lazım gəlsə, tənbeh tədbirləri də olmalıdır. Yoxsa məndən çıxdı getdi o biri məhkəməyə - belə işləmək olmaz", deputat bildirib.

Bundan sonra layihələr səsə qoyularaq bir oxunuşda qəbul edilib.

Deputat: “Bəzən bizim çıxış etmək imkanımız olmur”

Müxalifətçi deputat Erkin Qədirli isə iclasında çıxış etmək üçün şərait yaradılmadığından şikayətlənib. Onun sözlərinə görə, çıxış üçün yazılıb, amma ona danışmaq imkanı yaradılmayıb: “Təbii ki, israr etmirəm. Amma lazım olanda çıxış etmək imkanı yaranmayıb. Deputatların hamısının danışmaq hüququ var. Dəfələrlə çıxışa yazılmışam, vaxt çatanda məsələ səsə qoyulub. Bu, birinci dəfə deyil. Onu da deyim ki, bu yalnız mənə görə olmur, başqa hallarda, başqa həmkarlarımıza qarşı da olur. Başqa deputatlar da çıxış edə bilmirlər. Bəzən bizim çıxış etmək imkanımız olmur”.

Deputat Hikmət Məmmədov da eyni problemi qaldırıb: “Burada bəzi deputatlar özü çıxış edir və sonra deyir ki, məsələ səsə qoyulsun”.

Spiker: “Kimsə çıxış etmək istəyirsə, ona söz verilir”

Spiker Sahibə Qafarova müxalifətçi deputatın fikirləri ilə razılaşmayıb. Milli Məclis Sədri cavabında deyib ki, iclasda heç vaxt söz kəsilməyib: “Siz dediniz ki, burada bəzən hüquqlar pozulur, çıxış etmək imkanı olmur. Belə hal yoxdur, heç vaxt söz kəsilməyib. Əgər müzakirələr dayandırılıbsa, bu, hamının razılığı ilə olub. Kimsə çıxış etmək istəyirsə, ona söz verilir. Xahiş edirəm bunu nəzərə alın”.

“Siz qeyd edirsiniz, hamının danışmaq hüququ var. Burada elə bir deputat yoxdur ki, buna şübhəsi olsun. Kim çıxışa yazılırsa, mən hamıya söz verirəm”, - spiker söyləyib.

“Diplomatlarımızın qaldırdıqları məsələlərin hamısı bu qanunda öz əksini tapıb”

İclasda “Sosial sığorta haqqında”, “Diplomatik xidmət haqqında” Azərbaycan Respublikasının qanunlarında və Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi də birinci oxunuşda müzakirə olunub.

Müzakirə zamanı deputat Musa Quliyev deyib ki, diplomatik nümayəndələrin sosial müdafiəsi gücləndirilir: “Hesab edirəm ki, təklif olunan dəyişikliklər diplomatik xidmətdə çalışan vətəndaşların sosial vəziyyətini xeyli yaxşılaşdıracaq. Yeni müavinətlər təsis olunur. Diplomatların çalışdıqları ölkənin soisal-iqtisadi inkişaf səviyyəsinə uyğun fərqləndirici əmsallar veriləcək. Yeni müavinətlər, əmsallar sosial sığorta haqlarından da azad olunacaq”.

Deputat Tahir Mirkişili də deyib ki, dəyişikliklərdən sonra diplomatların məvacibi baza hissədən və fərqləndirici əmsaldan ibarət olacaq: “Vergi baza məvacib hissədən tutulacaq. Biz səfərdə olan zaman diplomatlarımızın qaldırdıqları məsələlərin hamısı bu qanunda öz əksini tapıb”. Müzakirələrdən sonra layihə səsə qoyularaq qəbul edilib.




Paylaş:


Müəllif : Tarix:
24-12-2022, 09:49
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər