reklam
Regionxeberlericom.az » Cəmiyyət » Uşaqpulu bərpa edilsin! - ÇAĞIRIŞ

reklam

Uşaqpulu bərpa edilsin! - ÇAĞIRIŞ


Uşağın anadan olmasına görə sosial müavinətin məbləği 300 manatdan 500 manatadək yüksəlib. Bu artım “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 29 avqust tarixli 973 nömrəli Fərmanına dəyişiklik edilməsinə əsaslanır. Prezident İlham Əliyevin imzaladığı yeni Fərmanla dəyişikliklər təsdiq edilib və Azərbaycanda sosial müavinətlərin məbləğləri 2023-cü il yanvarın 1-dən aşağıdakı kimi müəyyən edilib: yaşa görə sosial müavinətin məbləği 220 manat, orqanizmin funksiyalarının 81–100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə sosial müavinətin məbləği 270 manat, orqanizmin funksiyalarının 61–80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə sosial müavinətin məbləği 220 manat, orqanizmin funksiyalarının 31–60 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə sosial müavinətin məbləği 150 manat, ailə başçısını itirməyə görə sosial müavinətin məbləği 120 manat, bir yaşınadək uşağı olan aztəminatlı ailələrə sosial müavinətin məbləği hər uşaq üçün 100 manat, radiasiya qəzası nəticəsində zərər çəkmiş şəxslərə hər il müalicə üçün sosial müavinətin məbləği 300 manat, dəfn üçün sosial müavinətin məbləği 500 manat, uşağın anadan olmasına görə sosial müavinətin məbləği isə 500 manat müəyyənləşib.

DİA.AZ bildirir ki, məlum dəyişikliyi müsbət qiymətləndirən sosioloq Lalə Mehralı “Şərq”ə açıqlamasında müavinətlərin alınması prosedurunun da sadələşdiyini bildirdi: "Əvvəllər, bəli, prosedur mürəkkəb idi, müavinətin ödənməsi üçün bir sıra sənədlərin sosial təminat idarələrinə - “sobes”lərə təqdim olunması lazım idi, bu bir qədər uzun, cansıxıcı proses olduğundan bir çoxları müavinətin ardınca getmirdi, məbləğ də kiçik idi deyə, vətəndaşlar kiçik məbləğə görə vaxt itirməyi, idarə qapılarını açıb-bağlamağı özlərinə rəva görmürdülər. 2007-ci ildə ilk övladım dünayaya gələndə mən də imtina etmişdim müavinəti almaqdan. 30 manata görə 30 sənəd toplamağa lüzum görməmişdim. Lakin ASAN Xidmət strukturu fəaliyyətə başladıqdan bir çox prosedurlar sadələşdi, o cümlədən də uşağın anadan olmasına görə müavinətlərin ödənməsi. Artıq bu prosedur xeyli sadədir. Körpənin dünyaya gəldiyini təsdiq edən sənəd doğum evi, xəstəxana tərəfindən verilir, bu sənədi valideyn ASAN Xidmətə təqdim edir. ASAN Xidmət isə doğum haqqında şəhadətnamə ilə birlikdə sosial müavinətin ödənilməsinə dair qəbz verir, bu qəbz əsasında da valideyn bankdan müavinəti alır. Bunun üçün bank hesabının olması da tələb edilmir. ASAN Xidmətin qəbzi təqdim edildikdə, aidiyyəti bank həmin məbləği vətəndaşa verir. Prosedur bu qədər asandır və 500 manat da hazırkı dövr üçün az məbləğ sayılmaz".

L.Mehralı qeyd etdi ki, uşağın anadan olmasına görə müavinətin alınmasında çətinlik faktiki yaşayış yeri ilə qeydiyyatda olduğu yer fərqi yaşandıqda baş verir:

" Bəzən ana hansısa bölgədə, rayonda daimi qeydiyyatda olur, lakin faktiki paytaxtda, hansısa başqa ərazidə yaşayır. Ananın qeydiyyat ünvanı ilə faktiki yaşadığı ünvan arasında anlaşılmazlıq olduqda, ASAN Xidmət tərəfindən vətəndaşa ödəniləcək məbləğin yönləndirilməsində çətinlik yaranır. Bu da əslində, vətəndaşdan asılıdır. Vətəndaş müvəqqəti məskunlaşdığı ərazidə müvəqqəti qeydiyyata düşə bilər. Bu, onun gələcəkdə hər hansı sənədi əldə etməsinə kömək edəcək. Lakin bəzən insanlar bu sadə məsələni həll etmir, sonra isə müəyyən problemlərlə üzləşirlər. Müavinət vətəndaşın qeydiyyatda olduğu ərazidəki banklara da yönləndirilə bilər. Çünki əksər bankların regionlarda şöbələri fəaliyyət göstərir. Başqa bir məsələ xəstəxanadan, doğum evindən kənarda körpənin dünyaya gəlməsidir. Bu məsələdə də analar yerli poliklinika şöbələrinə müraciət edib doğum faktının təsdiqlənməsini təmin edə bilər".

L.Mehralı qeyd etdi ki, uşağın anadan olmasına görə ödənilən müavinət birdəfəlikdir. Bunu ailə bir dəfə alır. Vaxtilə dövlətin uşaqlara ayırdığı müavinət – uşaq pulu isə yetkinlik yaşına çatanadək ödənilirdi və bu ailəyə tutarlı maddi yardım olurdu:

" Biz uzun illərdir ki, uşaqpulunun bərpa edilməsini istəyirik. Çünki bu müavinət hər bir uşağa yetkinlik yaşına çatanadək ödənilir. Burada məbləğ o qədər də əsas deyil. Əsas odur ki, ailə sosial təminatı hiss etsin. Körpənin böyüməsi, qidalanması hazırkı dövrdə külli miqdarda vəsait tələb edir. Bəzi ölkələr uşaq pulları ilə bağlı fərqli yanaşmalar sərgiləyir. Yaş həddinə görə müavinətin təyin edildiyi ölkələr var, bəzisində 13-14, bəzisində 16-17 yaşına qədər, uşaq əmək qabiliyyətli yaş həddinə çatanadək uşaq pulu ödənir. Elə ölkələr var ki, orada uşaq qidasına görə ayrıca müavinət ödənir. Çünki hazırda ana südü ilə qidalandırma göstəriciləri də demək olar dünyada aşağı faizdir. Süni qidalarsa çox bahadır. Bunları nəzərə alaraq uşaq pullarının bərpa edilməsi də məqsədəuyğun olardı. Hətta simvolik bir məbləğ də ailələrin özgüvənini artırmağa yetərlidir".





Paylaş:


Müəllif : Tarix:
14-01-2023, 10:11
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər