reklam
Regionxeberlericom.az » Cəmiyyət » Saakaşviliyə azadlıq tələbi: - İvanişvili də Mişanın “oduna yanır”, Tiflis isə narazıdır

reklam

Saakaşviliyə azadlıq tələbi: - İvanişvili də Mişanın “oduna yanır”, Tiflis isə narazıdır















Avropa Parlamenti Gürcüstanın sabiq Prezidenti Mixail Saakaşvilinin səhhətinin pisləşməsinə və ölkə hakimiyyətinin buna qeyri-adekvat reaksiyasına istinad edərək qətnamə qəbul edib. Sənədi 577 deputat dəstəkləyib. Layihənin əleyhinə 33 deputat səs verib, 26 deputat isə bitərəf qalıb.

“Avropa Paqrlamenti keçmiş Prezident Mixail Saakaşvilinin səhhətinin pisləşməsi və Gürcüstan hakimiyyətinin indiyədək adekvat reaksiya verməməsi ilə bağlı ciddi narahatlığını ifadə edir", - qətnamədə deyilir.

Sənəddə vurğulanır ki, keçmiş Prezident Saakaşvili kimi məhbuslarla rəftar Gürcüstan hökumətinin Avropa dəyərlərinə sadiqliyinə və elan etdiyi Avropa kursuna, o cümlədən, Avropa İttifaqına namizəd statusuna dair lakmus testidir.

Qətnamədə Avropa Parlamenti Gürcüstan hakimiyyətini Saakaşvilini azad etməyə çağırıb: “Avropa P arlamenti Gürcüstan hakimiyyətini keçmiş Prezident Mixail Saakaşvilini azad etməyə və humanitar əsaslarla onun xaricdə lazımi müalicə almasına imkan verməyə çağırdığını təkrarlayır”.

Sənəddə qeyd olunur ki, Saakaşvilinin azad edilməsi Gürcüstanda siyasi qütbləşməni azaldacaq.

Avropa Parlamenti Gürcüstanın hazırkı Prezidenti Salome Zurabişviliyə konstitusiya hüququndan istifadə etməyi və Saakaşvilini əfv etməyi təklif edib.

Avropa Parlamenti öz qətnaməsi ilə Gürcüstan hakimiyyətinə Saakaşvilinin sağlamlığını təmin etmək, ona lazımi müalicə ilə təmin etmək, fundamental hüquqlarına və şəxsi ləyaqətinə hörmət etmək məsuliyyətini xatırladıb.

“Avropa Parlamenti Saakaşvili ilə bağlı məsələnin Gürcüstanın reputasiyasına xələl gətirməkdə və onun Avropa İttifaqına namizəd kimi perspektivlərinə mane olmaqda davam edəcəyini vurğulayır", - , - qətnamədə deyilir.

Sənəddə həmçinin deyilir ki, Saakaşvilinin həbsdə ölməsi gürcü demokratiyasına və Gürcüstanın beynəlxalq reputasiyasına ciddi zərbə vuracaq.

RegionXəbərləricom.az AYNA-ya istinadla xəbər verir ki, qətnamə Avropa Parlamentindəki ən böyük partiya olan Avropa Xalq Partiyasının Gürcüstanın keçmiş Baş naziri, hakim “Gürcü Arzusu – Demokratik Gürcüstan” Partiyasının qurucusu Bidzina İvanişviliyə qarşı sanksiyaların tətbiqinin zəruriliyi ilə bağlı düzəlişi ilə qəbul edilib. İvanişvilinin Gürcüstanda siyasi proseslərin pisləşməsində rol oynadığı hesab edilir.

Sənəddə İvanişviliyə oliqarx kimi istinad edilir və Saakaşvilinin hələ də həbsdə saxlanmasında onun əsas rolu qeyd olunur. Qətnaməyə edilən dəyişikliyə görə, İvanişvili Saakaşvilidən belə qisas alır.

Qətnaməni Avropa Parlamentinin dörd qrupunun - Avropa Xalq Partiyası, Sosial Demokrat Partiyası, Yenilənən Avropa və Yaşıllar Alyansının nümayəndələri hazırlayıblar.

AYNA xatırladır ki, fevralın 6-da Tbilisi Şəhər Məhkəməsi Saakaşvilinin səhhətinin pisləşməsinə görə azadlığa buraxılması və ya möhlət verilməsi vəsatətini rədd edib. Müdafiə tərəfi təkidlə bildirib ki, sabiq Prezidentin azadlığa buraxılması üçün əsas olan psixi funksiyaların pozulması ilə müşayiət olunan qeyri-müəyyən demens, kaxeksiya və aşkar ataktik sindrom var. Penitensiar Xidmət isə diaqnozları etibarsız adlandırıb.

Fevralın 7-də Zurabişvili bəyan edib ki, Saakaşvili törətdiyi cinayətləri etiraf etməkdən və tövbə etməkdən imtina edir. Eyni zamanda, Zurabişvili əlavə edib ki, əfv olunacağı təqdirdə Saakaşvili azadlığa buraxılmayacaq, çünki o, daha üç iş üzrə ittiham olunur.

Xatırladaq ki, Saakaşvili 2021-ci il sentyabrın 29-da Ukraynadan gizli şəkildə Gürcüstana qayıdıb və oktyabrın 1-də Tbilisidə saxlanılıb. O vaxta qədər sabiq Prezident iki cinayət işi üzrə - deputat Valeri Qelaşvilinin döyülməsi və bank işçisi Sandro Qirqvlianinin qətlində təqsirli bilinənlərin əfv olunması ilə bağlı qiyabi olaraq 6 il həbs cəzasına məhkum edilib.

Bundan əlavə, Tbilisi Şəhər Məhkəməsi ona qarşı üç işə - dövlət vəsaitinin mənimsənilməsinə, 2007-ci il noyabrın 7-də etiraz aksiyasının dağıdılmasına və sərhədi qanunsuz keçməyə dair işə baxır.

Saakaşvili həbs olunandan bəri altı aydan az bir müddət həbsxana kamerasında yatıb, qalan vaxtı klinikalarda - əvvəlcə həbsxanada, sonra hərbi xəstəxanada, indi isə Vivamedi klinikasında olub.

Qeyd edək ki, Saakaşvili Ukrayna vətəndaşıdır. 2020-ci ildən Gürcüstanın sabiq Prezidenti Ukraqynanın Odessa vilayətinin rəhbəri, daha sonra isə Ukrayna Prezidenti yanında İslahatlar üzrə İcraiyyə Komitəsinin sədri olub.

Gürcüstan hakimiyyəti bundan əvvəl Saakaşvilinin azadlığa buraxılması ilə bağlı beynəlxalq təşkilatlar tərəfindən edilən çağırışlardan imtina edib. Rəsmi Tbilisinin mövqeyi belədir ki, Saakaşvili bir sıra cinayətlər törədib və Gürcüstan qanunlarına əsasən, cəzasını çəkməlidir. Avropa Parlamentinin indi qəbul etdiyi qətnaməyə reaksiya verilməsə də, ekspertlər Tbilisinin əvvəlki mövqeyində qalacağını ehtimal edirlər.

Kaladze Avropa Parlamentinin Saakaşvili ilə bağlı qətnaməsi barədə: “O, dəyərsizdir”

Analitiklərin isə ehtimalı doğruldu. Belə ki, “Gürcü arzusu”nun baş katibi, Tbilisi meri Kaxa Kaladze Avropa Parlamentinin qəbul etdiyi qətnaməni şərh edərkən bildirib ki, bu sənədin heç bir dəyəri yoxdur.

Kaladzenin fikrincə, “xeyriyyəçiyə sanksiya tətbiq edilməlidir ifadəsi olan sənəd dəyərli ola bilməz”. (Xeyriyyəçi dedikdə İvanişvilini nəzərdə tutur - red)

“Əvvəl də dedim ki, mən qətnamədən yeni və fərqli bir şey gözləmirəm və nəticə həqiqətən də dediyim kimi oldu. Qətnamədə heç bir yenilik yoxdur, dəyəri yoxdur. Birbaşa yalana, saxtakarlığa, cinayətkarların himayəsinə hesablanmış bu qətnaməni təbii ki, ciddi qəbul etmək olmaz”, - hakim partiyanın baş katibi qeyd edib.

“Tam səmimiyyətlə deyirəm ki, 2012-ci ildən bu günədək hökumətimiz şeyi edib və edir ki, ölkəmiz tezliklə Avropa adlı böyük bir ailənin üzvü olsun. Biz bir çox konkret layihələr həyata keçirmişik. Çətinliklərə baxmayaraq, çoxlu uğurlar əldə olunub. Və bu gün Avropa ailəsinin bir üzvü statusuna layiqik. Amma bunun təmin edilməməsi ilə bağlı siyasi qərar verildi. Onlar bunu ölkəmizin hakimiyyət orqanlarına qarşı ediblər”, - deyə kaladze əlavə edib.

Kaladze onu da bildirib ki, Avropadan gürcüstana 12 bəndlik plan verilib: “Hökumətimiz bu şərtləri yerinə yetirmək üçün hər şeyi edir ki, status alaq. Bəs bu vaxt nə baş verəcək? İndi kimsə çıxıb bizə deyir ki, sözün tam mənasında cinayətkar olan Saakaşvilini azad edin, yoxsa ölkə status ala bilməyəcək. Avrointeqrasiyanı istəyən ölkəmizin əhalisinə sual verirəm ki, belə münasibət, bu yanaşmalar məqbuldurmu? Özümüzə sevgimiz varmı? Biz ölkəmizi, vətənimizi sevirik, elə deyilmi? Əgər onlar bizimlə və ölkəmizin əhalisinin əksəriyyətini təmsil edən hakimiyyət orqanları ilə şantaj dili ilə danışırlarsa, bu məqbuldurmu? Əminəm ki, özünə hörməti olan bir dənə də olsun gürcü bu münasibəti qəbul etməz. Biz ölkəmizi, xalqımızı sevirik. Biz Vətənimizin mənafeyini müdafiə etmişik, müdafiə edirik və bunu həmişə edəcəyik. Təbii ki, biz Avropa üçün maraqlı ölkəyik və özümüzü avropalı hesab edirik. Ölkəmizin adət-ənənələri, ölkəmizin əsrlər boyu üzərində dayandığı dəyərlər mənim üçün önəmlidir. Bu qərarlar, qətnamələr, absurd, təhqiramiz ifadələrlə dolu sənədlər ziyan vurur. Yenə deyirəm, lobbiçilərinin cinayətə birbaşa himayədarlığından bəhs edən sənəd dəyərli ola bilməz”.




Paylaş:


Müəllif : Tarix:
17-02-2023, 09:30
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər