reklam
Regionxeberlericom.az » Cəmiyyət » Dünyanın ən sürətli kompüteri - "FUGAKU"

reklam

Dünyanın ən sürətli kompüteri - "FUGAKU"


















Ultra sürətli kompüterlərlə bağlı beynəlxalq rəqabətdə lider tez-tez dəyişir. Texnologiya sahəsində böyük nailiyyətlər əldə etmiş ölkələrin qızğın rəqabətinin son qalibi isə Yaponiyanın "Fujitsu" şirkəti oldu. Şirkətin "RİKEN" institutu ilə birgə 13 may 2020-ci ildə Kobe şəhərində istehsal etdiyi ultra sürətli "Fugaku" superkompüteri təxminən bir otaq böyüklüyündədir və hazırlanmasına minimum 1 milyard dollar xərclənib. Kompüter adını Yaponiyada yerləşən Fuci (və ya Fuciyama - "Müqəddəs dağ") dağından götürüb.

"Fugaku" 2020-ci ilin iyun ayında, hər il iki dəfə yenilənən "Top500" adlı siyahıda çinli və amerikalı rəqiblərini geridə qoyaraq, 415, 53 petaflop xalı ilə zirvədə qərarlaşıb. "Top500" superkompüterlərin hesablama sürətinə görə ardıcıllığının

müəyyənləşdirildiyi xüsusi platformadır və burada sözügedən kompüterlərin sürəti petaflop xalı əsasında təyin olunur. Petaflop - kompüterin saniyədə bir kvadrilyon (1.000.000.000.000.000) əməliyyatı yerinə yetirməsi prosesinə deyilir. Bir petaflop isə min teraflopsa bərabərdir. Onu da bildirək ki, gündəlik həyatda istifadə etdiyimiz kompüterlər bir saniyədə təxminən 21 milyard əməliyyat həyata keçirir.

"Fugaku"nun ən yaxın rəqibi isə "IMB" şirkəti tərəfindən ABŞ-ın Tennessi ştatında "Oak Ridge" Milli Laboratoriyasında istehsal olunmuş "Summit" superkompüteridir. O, 2019-cu ilin noyabr ayında keçirilən son müsabiqədə 148,6 petaflop xalı ilə "Top500" siyahısına liderlik edirdi.

İndiana Universitetinin apardığı tədqiqatlar nəticəsində məlum olub ki, 1 petaflop əməliyyat gücünə malik kompüter sisteminin təkcə 1 saniyədə həyata keçirdiyi əməliyyatları yerinə yetirmək üçün insan, fasiləsiz olaraq 31,7 milyon il hər saniyə bir hesablama etməlidir. "Fugaku"nun bir saniyədə həyata keçirdiyi əməliyyatı yerinə yetirmək üçün isə 13,2 milyard il hər saniyə bir hesablama etməliyik.

Normal bir kompüterdən 1000 dəfə sürətli olan superkompüterlərdən müasir dövrdə nüvə partlayışlarının prototipini yaratmaq, virtual mühitdə dərmanlar hazırlamaq, ətraf mühitin çirkləndirilməsi ilə mübarizə və iqlim proseslərini öyrənmək üçün istifadə olunur. Yəni, sözügedən kompüterlər əldə olan məlumatlardan istifadə edərək, onların birləşməsinin və ya parçalanmasının hansı nəticələri doğura biləcəyini hesablaya bilir.

Növbəti il tam həcmdə fəaliyyətə başlayacaq "Fugaku"dan indiyə qədər COVID-19 diaqnozunun müəyyən edilməsində və SARS-CoV-2 virusunun doğura biləcəyi fəsadların hesablanmasında istifadə olunub. Gələcəkdə isə bu superkompüterin seysmik cəhətdən olduqca aktiv zonada yerləşən Yaponiyada baş verə biləcək zəlzələ və sunamilərin təsirlərini ölçmək üçün istifadəsi planlaşdırılır.

***

Məşhur kompüter istehsalçısı "Toshiba" necə müflis oldu?

Uzun müddətdir ki, məhsullarını bir çoxlarının istifadə etdiyi dünyanın məşhur kompüter istehsalçısı "Toshiba" bütün səhmlərini satıb.

Bir vaxtlar kompüter deyiləndə insanın ağlına gələn ilk markalaradan biri də məhz "Toshiba" idi. Ancaq müəyyən müddətdən sonra texnoloji yeniliklərlə ayaqlaşa bilməyən firma çətinliklərlə üzləşməyə başladı. Satdığı məhsulların sayında müşahidə olunan ciddi azalmalarla yanaşı firma daxilindəki hüquqi problemlər də texnologiya qalasının süqutunu sürətləndirdi. Nəticədə isə "Toshiba" səhmlərinin hamısını "Sharp" firmasına satmalı oldu. Və beləcə bir vaxtlar hər kəsin adını əzbər bildiyi firma, kompüter istehsalçılarının sırasından çıxdı.

Bəs necə oldu ki, digər böyük firmalar yeniliklərlə ayaqlaşdığı halda "Toshiba" bunu bacarmadı? Halbuki "Toshiba" bir çox məşhur firmadan illər əvvəl, 1985-ci ildə ilk istehsalına başlamışdı. Sonralar da kompüter bazarında yeni məhsullarla çıxış edən firma qısa müddətdə öz nüfuzunu və gəlirlərini xeyli artırdı. Lakin 2015-ci ildə şirkətin aldığı yara "ölümcül" oldu və bu məşhur brend bir daha ayağa qalxa bilmədi. Belə ki, aparılan istintaq nəticəsində uzun illər boyu "Toshiba" daxilində çirkli pulların yuyulduğu ortaya çıxdı. Bu isə firmanın həm nüfuzuna, həm də gəlirlərinə öz ciddi təsirini göstərdi.

2015-ci ildən etibarən istehsalını tamamilə dayandıran "Toshiba" 2018-ci ildə səhmlərinin 80,1 faizini "Foxconn" markası tabeçiliyində fəaliyyət göstərən "Sharp" firmasına satdı. Daha sonra isə qalan səhmlərini də eyni firmaya satan "Toshiba" tarixin tozlu səhifələrinə qarışdı. Bu isə bir daha sübut etdi ki, yanlış idarə olunan və yeniliklərə qapalı olan bütün qurumlar gec-tez eyni taleyi yaşayacaq.

Qeyd edək ki, "Toshiba"nın səhmlərini alan elektron əşya istehsalçısı "Sharp" Yaponiya firmasıdır və kompüter istehsalına başlamaq niyyətindədir. Yəni, yaxın gələcəkdə bu marka ilə bazarda yeni məhsullar görə bilərik.

Fraza jurnalı,

2021-ci il İyul sayı,

Şahmərdan Əhmədli




Paylaş:


Müəllif : Tarix:
13-03-2023, 08:35
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər