reklam
Regionxeberlericom.az » Cəmiyyət » Şirin su kəskin azalıb, yayda xəstəliklər arta bilər - XƏBƏRDARLIQ

reklam

Şirin su kəskin azalıb, yayda xəstəliklər arta bilər - XƏBƏRDARLIQ















Kür çayının Salyan və Neftçala rayonları ərazisindən keçən hissəsində şirin su qıtlığı kəskin vəziyyət alıb. Bunu Coğrafiya İnstitutunun Landşaftşünaslıq və landşaft planlaşdırılması şöbəsinin əməkdaşları Salyan və Neftçala rayonlarında şirin su qıtlığının təbii və antropogen ekosistemlərdə yaratdığı ekoloji vəziyyəti tədqiq edərkən müəyyənləşdiriblər. 

Tədqiqat nəticəsində məlum olub ki, Kür çayı quruyub, yatağında axımı olmayan kiçik gölməçələr qalıb. Çay yatağında davamlı bitki örtüyünə malik landşaftlar geniş sahədə quruyub, takırabənzər yataq əmələ gəldiyi aşkarlanıb. Kürün dənizə açıldığı yerdə süni bəndin tikilməsi ilə çay və dəniz ekosistemləri arasında mübadilə tamamilə dayanıb. Bu hissədə Kür suyunun səviyyəsi dənizdən 1,6 m aşağı düşüb. 

Yay aylarında bu su ekosisteminin xəstəlik mənbəyinə çevriləcəyini ehtimal edən mütəxəssislər əhalinin su ilə tam təmin oluna bilməyəcəyini, habelə əkin sahələrinin suvarılmasında ciddi problemlər yaranacağını diqqətə çatdırıblar. Kür çayının axını niyə azalır, bəzi yerlərdə qurumasının səbəbi nədir? 

Günlərdir ki, sosial şəbəkələrdə müxtəlif görüntülər də yayılıb, əhali qeyd edir ki, Kür heç də qurumur, sadəcə Kürün suyunu bəzi məmurlar Ağcabədi, Beyləqan, İmişli, Sabirabad, Saatlı, Biləsuvar, Hacıqabul, Şirvan bölgələrində kanallar və böyük motorlar vasitəsilə min hektarlarla ərazilərə kortəbii, xaotik şəkildə yönləndirirlər və bu səbəbdən Kürün son hissəsinə su gəlib çatmır. Bu iddiaların hər hansı bir əsası varmı? 

Akademik Həsən Əliyev adına Coğrafıya İnstitutunun Hidrologiya şöbəsinin müdiri, coğrafiya elmləri doktoru, professor Rza Mahmudov mövzu ilə bağlı “Yeni Müsavat”a dedi ki, dünyada hazırda su problemi var: “Bütün su obyektlərində, o cümlədən dənizlərin, çayların, yeraltı suların səviyyəsi aşağı düşür. Bunların hamısı iqlim dəyişmələrinin təsiridir. İqlim dəyişkənliyinin təsirindən çaylarda rejim dəyişkənliyi baş verir. O cümlədən Kürdə. Ancaq müasir vəziyyətdə isə Gürcüstandan daxil olan Kür çayının Qıraqkəsəmən məntəqəsi son dövrə kimi keçən su sərfi normaya yaxındır. Ancaq həmin su ehtiyatı Mingəçevirdə yığılır. Mingəçevirdə hazırda su anbarının səviyyəsi 9-10 metrə qədərdir. O su ehtiyatı orada yığılır, aşağı buraxılmır. Aşağısında isə 9-10 faiz, bəzi məntəqələrində lap normanın 9 faizini keçir. Bu, o demək deyil ki, çayın illik axını azalmayıb. İllik axını azalır, hazırda isə normaya yaxın gəlir. Mingəçevir su anbarında su ehtiyatları həmin çay axınına yığılmır ki, vegetasiya dövründə biz ondan istifadə edə bilək. Təbii ki, orada faydalı həcm müəyyən səviyyəyə qalxanda sözsüz buraxacaqlar. Amma bu o demək deyil ki, illik axın normasına gətirib çatacaq”. 

Ekspert səsləndirilən iddialara da cavab verdi: “Çayın axınına təsir edən təbii faktorlar var, antropogen faktorları var. Təbii faktorları bayaq dedim, iqlim dəyişmələridir. Çaylar iqlimin məhsuludur. Yəni yağıntılar azalır, buxarlanma artır. Çayda su balans etmə dəyişir, çayların illik axını azalır. Bu təbii faktorlardır. Antropogen faktorlara insan müdaxiləsi isə həmişə olub. İstər çox sulu il olsun, istərsə də az sulu olsun. Mən tədqiqatçıyam, su ehtiyatı ilə məşğulam. Tutaq ki, Mingəçevir su anbarını götürək, Energetika Nazirliyinin öz marağı var, Meliorasiya və Su Təsərrüfatı ASC-nin öz marağı. Amma bunların hamısı cəmlənir, dövlət qurumları buna nəzarət edir. ETSN-nin əməkdaşları çay hövzələrində qarölçmə işləri aparırlar, yaxın vaxtlarda 3 aylıq proqnoz hazırlayacaqlar. Onda bildirəcəyik mövcud vəziyyət necədir. Qarölçmə işlərindən sonra hər hövzədə nə qədər qar su ehtiyatı var, nə qədər su verə bilər, nə qədər axın ola bilər. Onda rəsmi qurumumuz üç aylıq proqnoz hazırlayır, gur sulu dövrün axın proqnozu deyirlər ona. Aprel, may, iyun ayı. Yəni illik axın çaylarımız azalıb. Ona görə də hər birimiz sudan səmərəsiz istifadəni tərgitməliyik”.

Qeyd edək ki, ölkəmizdə artıq milli su strategiyası da hazırlanıb. Bu barədə məlumatı Milli Hidrometeorologiya Xidmətinin müvəqqəti rəisi Rafiq Verdiyev verib. Onun sözlərinə görə, layihənin yaxın zamanda Prezidentə təqdim edilməsi nəzərdə tutulub: “Layihə müxtəlif dövrləri əhatə etməklə ən müasir idarəetmə prinsiplərinə əsaslanıb. Bu strategiyanın qəbul edilməsi və icrası nəticəsində su təminatı ilə bağlı yaxın 15-20 il üçün istədiyimiz nəticəyə nail olacağımızı düşünürük. Kür çayının suyunun bir hissəsinin su anbarlarında toplanması və qonşu ölkələrdə çayın suyundan istifadənin artması Azərbaycan ərazisində suyun azalmasına təsir edən amillərdəndir. Kür çayı ölkəyə daxil olanda onun müəyyən hissəsi su anbarlarında toplanır. Əks halda, yay aylarında əkin sahələrinin suvarılmasında ciddi problemlə qarşılaşarıq. Ümumilikdə isə əvvəlki illərlə müqayisədə ölkəyə daxil olan suyun həcmi azalıb. Bunun paralelində qonşu ölkələrdə sudan istifadə də artıb ki, bu da Kür çayının suyunun azalmasına təsirsiz ötüşməyib”. 





Paylaş:


Müəllif : Tarix:
18-03-2023, 09:50
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər