reklam
Regionxeberlericom.az » Cəmiyyət » “İmtahandan əvvəl telefonu təhvil versə də, binadan çıxarıldı”

reklam

“İmtahandan əvvəl telefonu təhvil versə də, binadan çıxarıldı”


“Telefon gödəkçənin cibində imiş, bilməyib. Uşağı yoxlayıb içəri buraxdılar. Belə çıxır ki, yalan danışsaydı, heç kim o telefon haqda bilməyəcəkdi və uşaq rahat imtahanı verib çıxacaqdı?”

Bu sözləri aktrisa Ellada Sarvan sosial şəbəkə hesabındakı paylaşımında bildirib.

İmtahanda iştirak edən qızı, Zərifə Əliyeva adına Liseyin 9 sinif şagirdi Nur Əhmədovanın imtahana buraxılmamasından şikayətçi olan aktrisa övladına qarşı haqsızlıq edildiyini düşünür: “İmtahan binasına daxil olanda, yoxlandıqdan sonra keçib zala. Gödəkçəsini soyunanda cibində atasının köhnə markalı Nokia telefonunu aşkar edib. Nurun öz telefonu yoxdur. Dərhal çıxarıb nəzarətçiyə təhvil verib və deyib ki, “bilməmişəm cibimdə qalıb”. İmtahana bir saat 10 dəqiqə vaxt qalmışdı, imtahan vaxtı üstündə tutulmayıb. Heç nəyə məhəl qoymadan, uşağa qarşı kobudluq ediblər. Nəzarətçi "Harasından çıxardıb bu telefonu, bilmirəm. Sənə görə zibilə düşməliyəm? Çıx, öz problemini çöldə həll elə",- deyib telefonu stolun üstünə tullayıb. Uşaq ağlayıb və deyib ki, axı özüm təhvil verdim, məni çıxartmayın”. Deyiblər ki, “kameralara düşüb telefon, xeyri yoxdur”. Nuru binadan uzaqlaşdırıblar. Başa düşürəm, səhv məndə olub yoxlaya bilərdim, amma bu iş məqsədyönlü olmayıb, Nurun telefona, şparqalkaya və s. ehtiyacı da yoxdur. Həmin gün hava birdən dəyişdi, evdən çıxarkan dedim isti kurtkanı geyin. Telefon da cibində qalıb”. 

Valideyn qeyd edib ki, hadisədən sonra övladının təkrar imtahanda iştirak etməsi üçün Dövlət İmtahan Mərkəzinə müraciət edib: “Dedilər olmaz! Bəs DİM necə araşdırır olar, ya olmaz? Nəyə görə mənim uşağımın attestatında ləkə qalmalıdı ki, bu uşaq 3 əsas fəndən 0 bal alır? Mənəvi zərbə aldı, onun cavabını kim verməlidir? Təəssüf ki, mənim heç bir sübutum yoxdur. Biz kameradakı görüntülərì məktəbdən istədik. Məlum oldu ki, heç kamera da yoxdur. Mənim sübutum mənim övladımdır”.

Məsələ ilə bağlı Dövlət İmtahan Mərkəzinə sorğu ünvanladıq. Qurumun mətbuat katibi Xanlar Xanlarzadə müraciətimizə cavab olaraq bildirib ki, şagirdin növbəti dəfə imtahanda iştirakı mümkün deyil: “İmtahan bir dəfə təşkil olunur. İmtahan binasına qadağan olunmuş vasitələr, o cümlədən mobil telefon gətirmək olmaz. Bu, birmənalı qaydadır. Dəfələrlə xəbərdarlıq olunur. Fərqi yoxdur nə vaxt aşkar olunub, imtahan iştirakçısı istifadə edib və ya etməyib. Bəzən iştirakçı görür nəzarət güclüdür, istifadə edə bilməyəcək və çıxarıb özü təhvil verir. Üzərinizdə mobil telefon olduqda siz imtahandan xaric olunursunuz. Burada kiməsə güzəşt olunmur. İmtahanda hamı üçün bərabər imkanlar yaradılır. Kimsə əlavə vasitələrdən istifadə edib süni üstünlük əldə etməyə cəhd etməməlidir”.




Paylaş:


Müəllif : Tarix:
17-04-2023, 17:16
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər