reklam
Regionxeberlericom.az » Cəmiyyət » Evlərin sığortasına nəzarət artır - Cərimələr başlayır

reklam

Evlərin sığortasına nəzarət artır - Cərimələr başlayır














Azərbaycanda yaxın müddətdə daşınmaz əmlakın icbari sığortası müqavilələri elektron olacaq. Bu barədə jurnalistlərə məlumat verən İcbari Sığorta Bürosunun icraçı direktoru Rəşad Əhmədov deyib ki, artıq İcbari Sığorta Bürosunun sistemi ilə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin sistemi arasında inteqrasiya prosesi başa çatıb. 

Maraqlıdır, daşınmaz əmlakın icbari sığortası müqavilələrinin elektronlaşması nəyə xidmət edəcək?

Ölkə qanunvericiliyinə görə, daşınmaz əmlakın icbari sığortası daşınmaz əmlakın yanğın və ya digər hadisələr nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı formada itkisi ilə bağlı dəyən zərərin əvəzinin ödənilməsi məqsədilə tətbiq edilir. Bu baxımdan hüquqi və fiziki şəxslərə məxsus tikililərin, yaşayış və qeyri-yaşayış sahələrinin, yaşayış evləri və binalarının, mənzillərin, habelə dövlət əmlakının sığortası məcburidir. 

Lakin reallıq ondan ibarətdir ki, ölkədə əsasən qeyri-yaşayış sahələri (ticarət və xidmət fəaliyyəti aparılan obyektlər) icbari qaydada sığortalanır. Yaşayış sahələrinin əksəriyyəti isə prosesdən yayına bilir. Müşahidələr onu göstərir ki, yaşayış sahələri bir qayda olaraq notarial hərəkətlər (alqı-satqı, addan-ada keçirmə, ipoteka və digər) zamanı sığorta edilir. Belə ki, daşınmaz əmlakın icbari sığortası olunmamış əmlakla bağlı bu prosedurlar həyata keçirilmir.     

Qanunvericiliklə qeyri-yaşayış sahələrinin icbari sığortalanmasına nəzarət Fövqəladə Hallar Nazirliyinə aiddir. İnzibati Xətalar Məcəlləsinə əsasən, sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə fiziki şəxslər 30 manat, vəzifəli şəxslər 80 manat, hüquqi şəxslər isə 200 manat məbləğində cərimə edilir.

Cərimə yaşayış sahələrinin icbari sığortalanmamasına da aiddir. Sözügedən Məcəllə ilə fərdi evlər və mənzillərin sahibləri əsasən fiziki şəxslər olduğu üçün onların da 30 manat cərimələnməsi nəzərdə tutulub. Şəxs bu maddədə nəzərdə tutulmuş icbari sığorta müqaviləsinin bağlanmamasına görə inzibati məsuliyyətə cəlb olunduqda, 20 gün ərzində icbari sığorta müqaviləsini bağlamalıdır. Əks təqdirdə, bu müddətdən sonra yenidən cərimələnir. 

Ancaq reallıqda fərdi evlərin və mənzillərin sahibləri daşınmaz əmlaklarını sığortalamadıqlarına görə cərimələnmirlər. Bunun səbəblərindən biri indiyədək nəzarət mexanizminin olmamasıdır. Daşınmaz əmlakın icbari sığortası müqavilələrinin elektronlaşması bu problemi həll etməklə hansı daşınmaz əmlakın sığortalanıb-sığortalanmadığını müəyyən etməyə imkan yaratmış olacaq.

Məsələn, avtomobillərin icbari sığortası ilə bağlı proses elektronlaşdığından sığortası olmayan avtomobil elektron vasitələrlə müəyyən olunur və cərimələnir. Bu barədə avtomobilin sahibi məlumatlandırılır. 20 gün ərzində sığortalanma həyata keçirilmədiyi halda yenidən cərimə tətbiq olunur. Nəticədə daşınmaz əmlakın icbari sığortalanmaması da inzibati məsuliyyət yaratmaqla cərimələnməyə gətirib çıxaracaq. Qanunvericiliyə görə, yaşayış sahələrinin icbari sığortalanmasına nəzarəti yerli icra hakimiyyəti orqanları həyata keçirməlidir. 

Xatırlatmaq yerinə düşər ki, 2019-cu ilin sonunda 2020-ci ildən başlayaraq daşınmaz əmlakın icbari sığortası ilə bağlı nəzarət tədbirlərinin gücləndiriləcəyi və cərimələrin tətbiq ediləcəyi ilə bağlı təbliğatın aparılması fonunda fərdi evlərin və mənzillərin kütləvi şəkildə sığortalanmasına başlanılmışdı. Mərkəzi Bankın məlumatına görə, 2020-ci ilin yanvar-mart aylarında sığorta şirkətlərinin daşınmaz əmlakın icbari sığortası üzrə topladıqları sığorta haqlarının məbləği 17 milyon 845,3 min manat təşkil etmişdi ki, bu da 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 94,9 faiz çox idi. 

İcbari Sığorta Bürosunun icraçı direktoru Rəşad Əhmədov hesab edir ki, daşınmaz əmlakın icbarı sığortasının elektronlaşması cari ildə bu sığorta növü üzrə yığımların 50 milyon manatdan 100 milyon manata kimi artmasına imkan verəcək. 

Yeri gəlmişkən, təkcə ötən il şirkətlər bu sığorta növü üzrə 53 milyon 980 min manat toplasalar da, 1 milyon 95 min manat ödəniş ediblər. Başqa sözlə, şirkətlər daşınmaz əmlakın icbarı sığortası üzrə topladıqları vəsaitin cəmi 2,03 faizi  məbləğində sığorta ödənişi ediblər. Müqayisə üçün deyək ki, bu dövrdə avtomobillərin icbari sığortasında yığılmış sığorta haqqının 79,3 faizi sığorta ödənişlərinə yönəldilib. Bu baxımdan daşınmaz əmlakın icbari sığortası sığorta şirkətləri üçün böyük əhəmiyyətə malikdir. 

Qeyd edək ki, fərdi evlər və mənzillər üzrə daşınmaz əmlakın icbari sığortası haqqı Bakı şəhərində 50 manat, Gəncə, Sumqayıt və Naxçıvan şəhərlərində 40 manat, digər yaşayış məntəqələrində isə 30 manatdır. Bakı şəhərində yerləşən daşınmaz əmlak üzrə sığorta məbləği 25 min manat (azadolma məbləği 250 manat), Gəncə, Sumqayıt və Naxçıvan şəhərlərində 20 min manat (azadolma məbləği 200 manat), digər yaşayış məntəqələrində yerləşən daşınmaz əmlak üzrə sığorta məbləği 15 min manatdır (azadolma məbləği 150 manat). Azadolma məbləği sığorta hadisəsi nəticəsində yaranan itkilərin və ya dəyən zərərin sığorta təminatı ilə əhatə olunmayan və sığortalının üzərində qalan hissəsidir. 





Paylaş:


Müəllif : Tarix:
5-05-2023, 09:45
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər