reklam
Regionxeberlericom.az » Cəmiyyət » I və IV qruplar üzrə qəbul imtahanının NƏTİCƏLƏRİ

reklam

I və IV qruplar üzrə qəbul imtahanının NƏTİCƏLƏRİ


I və IV ixtisas qrupları üzrə iyunun 3-4-də keçirilən qəbul imtahanlarının nəticələri elan edilib.

Dövlət İmtahan Mərkəzindən verilən xəbərə görə, imtahanda iştirak edən abituriyentlər imtahan nəticələri, “cavab kartı” və “cavab vərəqi”nin qrafik təsvirləri, həmçinin hər bir açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları (tapşırığın ehtimal olunan doğru cavabları, həlli və qiymətləndirmə şkalası) ilə buradan tanış ola bilərlər.

Abituriyentlər imtahanın nəticələri haqqında məlumatı, mobil nömrələri (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə imtahana buraxılış vərəqəsində verilən kodu 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

İmtahanda iştirak etmək üçün ərizə təsdiq etmiş 34440 abituriyentdən (I qrup üzrə 28864 nəfər, IV qrup üzrə 5576 nəfər) 1687 nəfəri (I qrup üzrə 1458 nəfər, IV qrup üzrə 229 nəfər) imtahanda iştirak etməyib. İmtahanda iştirak edən abituriyentlərdən 8 nəfər qaydaları pozduqlarına görə imtahandan xaric olunub və nəticələri ləğv edilib.

Bu imtahanda I ixtisas qrupu üzrə ən yüksək nəticəni (maksimal olan 400 bal) 2 nəfər – Bakı şəhər 147 saylı Texniki-humanitar təmayüllü liseyin və Bakı şəhər 299 saylı orta məktəbin məzunları göstəriblər. I ixtisas qrupu üzrə hər iki mərhələnin cəminə görə ən yüksək nəticə (692.8 bal) isə Sumqayıt şəhər Təbiət elmləri təmayüllü gimnaziyanın məzununa məxsusdur. O, imtahanın I mərhələsində 295.8, II mərhələsində isə 397 bal toplayıb.

Bu imtahanda IV ixtisas qrupu üzrə isə ən yüksək nəticəni 397 bal toplayan Gəncə şəhər Fizika, riyaziyyat və informatika təmayüllü liseyin məzunu göstərib. IV ixtisas qrupu üzrə hər iki mərhələnin cəminə görə ən yüksək nəticəni (686 bal) isə Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyinin məzunu göstərib. O, imtahanın birinci mərhələsində 295.8, ikinci mərhələsində 390.2 bal toplayıb.

Xatırladaq ki, imtahanın I mərhələsində maksimal olaraq 300, II mərhələsində isə 400 bal toplamaq mümkündür. Müsabiqə hər iki mərhələdə toplanılan balların cəminə görə aparılır.

İmtahan nəticələri ilə bağlı müraciətlərə baxılması üçün DİM tərəfindən 23 iyun 2023-cü il tarixindən etibarən onlayn ("Zoom" proqramı və ya telefon əlaqəsi vasitəsilə) apellyasiya prosesi təşkil ediləcək. Apellyasiya komissiyasına müraciət etməmişdən əvvəl abituriyentlər DİM-in saytında, imtahan nəticələri ilə bağlı səhifədə öz nəticələri, cavab vərəqinin qrafik təsviri, hər bir açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları ilə tanış olmalıdırlar. Ötən imtahanların təcrübəsi göstərir ki, apellyasiya üçün ərizə yazanların təqribən 15%-i ümumiyyətlə tapşırığa cavab verməyib və ya öz cavabı ilə mümkün doğru cavabları, qiymətləndirmə şkalasını müqayisə edib tanış olmadan komissiyaya müraciət ediblər. Abituriyentlərin nəzərinə çatdırırıq ki, bu tip müraciətlərə baxılmayacaq.

Apellyasiya komissiyasına müraciət etmək istəyənlər 22 iyun saat 10:00-dan 24 iyun saat 17:00-dək apelyasiya.dim.gov.az saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan apellyasiya üçün müraciət edə bilməyəcəklər. Elektron ərizədə haqqında müraciət edilən tapşırığın nömrəsi seçilməli, onunla bağlı müraciətin məzmunu yazılmalı və meyarın hansı bəndinə uyğun hesab edildiyi göstərilməlidir. Elektron ərizədə müraciətin məzmunu qeyd olunmadığı halda ərizə qəbul edilmir, həmin müraciət araşdırılmır və onun üçün apellyasiya təşkil olunmur. Apellyasiya müzakirəsində abituriyentin iştirakı vacibdir. Abituriyent ilə yanaşı valideynlərindən biri müzakirədə iştirak edə bilər.

Müsabiqə şərtlərini ödəyən abituriyentlər üçün ixtisas seçimi tarixləri haqqında əlavə məlumat veriləcək.




Paylaş:


Müəllif : Tarix:
20-06-2023, 17:43
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər