reklam
Regionxeberlericom.az » Cəmiyyət » Talıbovlara məxsus olduğu deyilən şirkətin rəhbərinə cinayət işi açıldı

reklam

Talıbovlara məxsus olduğu deyilən şirkətin rəhbərinə cinayət işi açıldı













Kəngərlidə işçinin ölümünə görə şirkət rəhbərinə cinayət işi açılıb.

Bu barədə Naxçıvan Muxtar Respublikası Prokurorluğu məlumat yayıb.

Bildirilib ki, "ARKOZ Travertin Mərmər Zavodu” MMC-yə (keçmiş adı “Gəmiqaya Daş Məhsulları Sənayə Kompleksi” MMC) məxsus, Kəngərli rayon ərazisində yerləşən Qarabağlar Daş Ocaqlarında 2021-ci il fevralın 22-də iş vaxtı insan ölümü ilə nəticələnən hadisəyə dair araşdırma aparılaraq cinayət işinin başlanması rədd edilib.

Toplanmış material Baş Prokurorluqda öyrənilib, qəbul edilmiş qərar ləğv edilərək hadisə yenidən araşdırılıb və fakta görə Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma) maddəsilə cinayət işi başlanmaqla Kəngərli rayon prokurorluğu tərəfindən istintaq aparılıb.

İstintaqla, Qarabağlar Daş Ocaqlarınının həmin dövrdə və hazırkı müdiri Məhərrəm Zeynalovun texniki təhlükəsizlik və əməyin mühafizəsi qaydalarını pozması nəticəsində ehtiyatsızlıqdan operator işləmiş Elnur Ələkbərovun ölümünə səbəb olmasına əsaslı şübhələr müəyyən edilib.

Məhərrəm Zeynalov cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona qeyd olunan maddə ilə ittiham elan olunub və cinayət işi baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib.

Qeyd edək ki, Naxçıvanda “Gəmiqaya” adı ilə çoxsaylı şirkətlər dövlət qeydiyyatına alınıb. Uzun illərdir mətbuata bu şirkətlərin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sabiq sədri Vasif Talıbovun ailə üzvlərinə məxsus olması barədə məlumatlar yayılır və bu günə kimi təkzib olunmayıb. Hətta 2014-cü ildə Vasif Talıbovun oğlu Rza Talıbov “Facebook” sosial şəbəkəsindəki hesabında paylaşdığı məlumatda özünü “Gəmiqaya Holdinq”in rəhbəri kimi qeyd edib.

Onu da bildirək ki, Rza Talıbov hazırda Dövlət Miqrasiya Xidmətində Vətəndaşlıq Məsələləri Baş İdarəsinin rəisi vəzifəsində çalışır.

“Gəmiqaya Holdinq”in adı bir müddət əvvəl dəyişdirilərək “Arkoz Holdinq” olub. “Arkoz Holdinq” türkiyəli iş adamı Emin Uçara məxsusdur. Emin Uçar eyni zamanda “Gəmiqaya Holdinq”in İdarə Heyətinin də sədri olub.

Hazırda Naxçıvanda və Azərbaycanın digər bölgələrində həm “Gəmiqaya”, həm də “Arkoz” adlı onlarla şirkət mövcuddur.

Qeyd edək ki, Emin Uçara məxsus “Arkoz” şirkəti Türkiyədə də bir çox sahələrdə fəaliyyət göstərir.




Paylaş:


Müəllif : Tarix:
14-08-2023, 16:40
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər