reklam
Regionxeberlericom.az » Cəmiyyət » “XALQ BANK” ASC ŞƏHID ANASINI VƏ AILƏ ÜZVLƏRINI ÇÖLƏ ATDI — RƏZALƏT

reklam

“XALQ BANK” ASC ŞƏHID ANASINI VƏ AILƏ ÜZVLƏRINI ÇÖLƏ ATDI — RƏZALƏT












Bu günlərdə gundemxeber.az xəbər portalının redaksiyasına Birinci Qarabağ müharibəsi şəhidi Musayev Saleh Sabir oğlunun anası, hansı ki, Yevlax şəhərində şəhid Saleh Musayevin adını daşıyan küçədə yaşayan Musayeva Qənifə Vəli qızı tərəfindən video-müraciət daxil olub. Qənifə Musayeva müraciətində qeyd edir ki, “Həyat yoldaşım Musayev Sabir Saleh oğlu ağır dializ xəstəsi olduğundan, onun ciddi müalicəyə ehtiyacı var idi. Maddi vəziyyətimizin ağır olması səbəbindən, həyat yoldaşımı lazımi səviyyədə müalicə etdirə bilmirdik. Ona görə də məcbur olub 03 noyabr 2015-ci il tarixdə qızım Təranə Musayevanın adına 19%-lə, 48 ay müddətinə “Xalq Bank” ASC-dən 17.000 ABŞ dolları məbləğində kreditə pul götürdük. Götürdüyümüz bu kredit pulun qarşılığında şəhərin Ərəş küçəsində şəxsi mülkiyyətimizdə olan 0,045 ha torpaq sahəsini və həmin torpaq sahəsi üzərində 2 mərtəbəli, 3 otaqlı, ümumi sahəsi 209,60 kvm sahəsi olan 12 nömrəli fərdi yaşayış evimizi banka girov qoyduq. Qeyd edim ki, girov qoyduğumuz ev həyat yoldaşımın — şəhid atası Musayev Sabir Saleh oğlunun adına idi. Həmin vaxtlarda evimiz ipoteka predmeti olaraq bank əməkdaşları tərəfindən 28 min manat dəyərində qiymətləndirildi. Hansı ki, bizə məxsus evin bazar qiyməti ən azından 70 min manatdan çox idi və həmin vaxtlarda həyat yoldaşım Sabir Musayevin səhhəti o qədər ağırlaşdı ki, biz düçar olduğumuz problemlərdən heç cür çıxa bilmirdik. 2015-ci ildə dollarla bağlı devolvasiyanın baş verməsi və ailəmizdə əmələ gələn hədsiz çətinliklərin varlığı səbəbindən, banka cəmi 500 dollar məbləğində ödəniş həyata keçirə bildik. Onu da bildirim ki, həyat yoldaşımı bir neçə il müayinə və müalicə etdirsək də, o, xeyli müddət bundan əvvəl dünyasını dəyişdi. Əlavə olaraq onu da qeyd edim ki, oğlum İsmayıl Musayevin həyat yoldaşı da şəhid qızıdır.

Bundan əlavə, qızım Təranə Musayevanın adına “Xalq Bank” ASC-dən kreditə götürdüyümüz pulla bağlı 2016-cı və 2017-ci illərdə ödəniş həyata keçirə bilmədiyimizdən, bank bu problemlə bağlı 28 aprel 2017-ci il tarixdə Yevlax Rayon Məhkəməsinə müraciət etdi və bu məhkəmə instansiyası 26 may 2017-ci il tarixdə (İş № 2(039)-1899/2017) qətnamə çıxartdı. Çıxarılmış qətnamədə cavabdeh Təranə Musayevanın “Xalq Bank” ASC qarşısında üstüstə 21.057.69 ABŞ dollar məbləğində borcunun olması qeyd olundu. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası isə, 30 noyabr 2017-ci il tarixdə (İş № 2 (107) -2537/2017) çıxarmış olduğu qətnaməsi ilə, Yevlax Rayon Məhkəməsinin qətnaməsini qüvvədə saxladı. Bu məsələdə cavabdeh Musayeva Təranə Sabir qızı, mən və vəkilimiz Bəkirova Sevda Həbib qızı iş üzrə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 30 noyabr 2017-ci il tarixli qətnaməsindən kassasiya şikayəti verdik. Kassasiya şikayətinin verilməsinə səbəb o oldu ki, apellyasiya instansiya məhkəməsi də işin faktiki hallarını tam və hərtərəfli araşdırmadı, maddi və prosesual hüquq normalarının tələblərini pozdu, bir sözlə düzgün olmayan nəticəyə gəlinmişdir. Beləliklə, 18 aprel 2018-ci il tarixdə Ali Məhkəmənin Mülki Kollegiyası da (İş № 2 (102) -2660/2018) bu problemlə bağlı qərar çıxartdı. Qeyd olunan bu qərarda bir daha cavabdeh Təranə Musayevanın “Xalq Bank” ASC qarşısında üstüstə 21.057.69 ABŞ dollar məbləğində borcunun olması qeyd olundu. Bəli, biz hər bir instansiya məhkəməsinin çıxarmış olduğu qətnaməyə, qərara, qərardada və s. hörmətlə yanaşırıq və “Xalq Bank” ASC-nə borclu olduğumuzu da anlayırıq. Amma, məsələnin digər tərəfi də var ki, kiçik oğlum İsmayıl Musayev qohum-əqrəbadan, yaxın dost-tanışdan borc alıb 24 min manat pul düzəltdi və o, 01 noyabr 2023-cü il tarixdə qeyd olunan məbləğ pulu götürüb “Xalq Bank” ASC-nə getdi. Oğlum banka olan borcumuzla bağlı ödəniş etmək istəsə də, bank əməkdaşları həmin məbləğ pulu qəbul etməkdən imtina edirlər. Hətta, oğlum bank əməkdaşlarına bir daha şəhid ailəsi olmağımızı xatırladır və qalan borc pulu isə, yaxın iki-üç ay ərzində ödəniləcəyinə vəd verir. Buna baxmayaraq, qarşı tərəf öz israrından dönmür ki, dönmür. Hətta, bank əməkdaşları banka 30 min ABŞ dollar məbləğində pul ödənilməsini qəti şəkildə tələb edirlər. Baxmayraq ki, Ali Məhkəmənin Mülki Kollegiyası da cavabdeh Təranə Musayevanın “Xalq Bank” ASC-nə üstüstə 21.057.69 ABŞ dollar məbləğində borcunun olması haqda qərar çıxarıb. Bir sözlə, bank əməkdaşları belə bir qərarın varlığına da əhəmiyyət vermirlər ki, onlar bizdən 30 min dollar pul tələb edirlər.

Onu da bildirim ki, 2019-cu ilin dekabr ayında kiçik oğlum İsmayıl Musayev üzüzə qaldığımız belə bir problemlə bağlı MM-in deputatı Musa Quliyevin qəbulunda olur və ona bu problemimizlə bağlı ətraflı məlumat verir. Düzdür, Musa Quliyev “Xalq Bank” ASC-i ilə əlaqə saxlayır və problemin qaydaya salınması üçün, hətta qarşı tərəfdən şəhid ailəsinin üzvlərinə köməklik göstərilməsini xahiş də edir. Həmin vaxtlarda oğlum ASC-i ilə aramızda əmələ gələn problemin aradan qaldırılacağına ümid etdiyindən o, 2019-cu ilin dekabr ayında və 2020-ci ilin yanvar — fevral aylarında hər ay 300 manat olmaq şərtilə, banka 900 manat məbləğində pul ödəyir. Daha sonra bank əməkdaşı zəng edib oğluma deyir ki, “Etdiyiniz ödənişin heç bir əhəmiyyəti yoxdur”. Bütün bunlara baxmayaraq, 2022-ci ilin may ayından bu günə kimi qızım Təranə Musayevanın aldığı əmək haqqından hər ay 230 manat olmaq şərtilə pul tutulur və həmin pul “Xalq Bank” ASC hesabına köçürülür. Hal-hazırda da ödənişin həyata keçirilməsinə baxmayaraq, bank əməkdaşları icra məmurlarının iştirakı ilə 01 noyabr 2023-cü il tarixdə mənim, oğlumun və onun ailə üzvlərinin yaşadığı evi boşaldıblar və ev əşyalarını isə “Xalq Bank” ASC-nə məxsus depoya yığıblar. Bu da onu göstərir ki, bank əməkdaşları üçün şəhid adı, şəhid ailəsinin üzvləri və s. kimi anlayışın onlar üçün heç bir əhəmiyyəti yoxdur”.

“Xalq Bank” ASC-i əməkdaşlarının şəhid anasına, şəhid ailəsinin üzvlərinə göstərdikləri belə bir yanaşmadan fərqli olaraq, ölkəmizin ərazi bütövlüyü uğrunda canını fəda etmiş şəhidlərin ailələrinə, əlillərə və müharibə veteranlarına yüksək diqqət və qayğının göstərilməsi hər zaman dövlət siyasətində prioritet olub. Yəni, birbaşa möhtərəm Prezidentimiz İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqət və nəzarətində olan bu məsələ ilə bağlı, məhz ən ali səviyyədə göstərişlər verilir və bu kateqoriyadan olan insanların problemlərinin həlli istiqamətində mühüm tədbirlər də həyata keçirilir. Faktdır ki, indiyə kimi Prezident İlham Əliyevin imzaladığı müvafiq fərman və sərəncamlar, əlil və şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində mühüm rol oynayıb. Hal-hazırda bu istiqamətdə həyata keçirilən tədbirlər sistemli və ardıcıl xarakter daşımaqdadır. Unutmaq olmaz ki, ölkə Prezidenti hansı şəxsi rəhbər vəzifəyə təyin edirsə, ilk növbədə həmin şəxsə şəhid ailələrinə, qazilərə, müharibə veteranlarına xüsusi diqqət və qayğının göstərilməsini tapşırır. O, halda sual oluna bilər ki, ölkə başçısı ilə bərabər, hörmətli Mehriban xanım da ortaya belə bir mövqe qoyduqları halda, səbəb nə olur ki, “Xalq Bank” ASC-nin əməkdaşları şəhid anasına və onun ailə üzvlərinə qarşı fərqli mövqe nümayiş etdirirlər?. Görəsən ola bilməzmi ki, bügünkü qış fəslində, hansı ki, havaların soyuq keçdiyi vaxtlarda bank əməkdaşları bir qədər humanistlik göstərsinlər və şəhid qardaşı İsmayıl Musayevin topladığı 24 min manat pulu qəbul etsinlər. Qalan borcun ödənilməsi üçün isə, təqribən 3-4 ay müddətinə möhlət vaxtı versinlər. Yəqin ki, o halda hər kəs xəbərdar olar ki, ölkə rəhbərinin şəhid ailələri, qazilər, müharibə veteranları və s. ilə bağlı verdiyi tapşırıqlara “Xalq Bank” ASC-nin rəhbər şəxsləri və əməkdaşları hörmətlə yanaşırlar. Ümidvarıq ki, bu məqalənin yayımlanmasından sonra bank əməkdaşları şəhid anasına və onun ailə üzvlərinə qarşı humanistlik göstərəcəklər və bu ailəyə məxsus yaşayış evinin geri qaytarılması, həmçinin əmələ gələn problemin həlli yöndə lazımi addımlarını da atacaqlar. Qarşı tərəfin də mövqeyini dinləməyə və dərc etməyə hazırıq.

GundemXeber.Az




Paylaş:


Müəllif : Tarix:
28-11-2023, 11:29
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər