reklam
Regionxeberlericom.az » Cəmiyyət » “Dövlətə vurduğumuz ziyanı ödəməliyik” – 143 milyonluq mənimsəmə

reklam

“Dövlətə vurduğumuz ziyanı ödəməliyik” – 143 milyonluq mənimsəmə


















Müdafiə Nazirliyinin mənimsəməyə görə tutulmuş Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi polkovnik Cəlal Kazımov, Quru Qoşunların Maliyyə İdarəsinin rəisi Bayram Bayramov və Hərbi Dəniz Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi Vüsal Əlizadənin cinayət işi üzrə məhkəmə prosesi davam edib.

RegionXəbərləricom.az APA-ya istinadən xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakim Fikrət Əliyevin sədrliyi ilə keçirilən prosesdə şahid qismində dindirilən N saylı hərbi hissənin maliyyə xidmət rəisi Şirin Şükürov deyib ki, onlar əlavə sifarişlər yazıblar.

“Hamı kimi biz də eyni qaydada işləmişik. Əlavə yazılan pullardan təftiş zamanı 70 faizini vermişəm, 30 faizi mənə qalıb. 2017-2021-ci illərdə aparılan ümumi təftişlər zamanı 1 milyon 600 min manat ümumilikdə mənimsəmə müəyyən edilib. Xidmət etdiyim hərbi hissə birbaşa nazirliyə tabe olub. Bu işlərin görülməsi üçün heç kimdən tapşırıq almamışam”, - o bildirib.

Şahid deyib ki, ümumi mənimsənilən məbləğdən ona 600 min manat pul qalıb:

“33 min manatını ödəmişəm. Vəsaitin tam ödənilməsi üçün vaxt istəmişəm. Yaxın müddət ərzində vurulan ziyanı tam ödəyəcəm. Hamı kimi mənə də aydındır ki, öhdəmizə düşən pulu ödəməliyik. Yaxın vaxtlarda ödəyəcəm”.

Prosesdə şahid qismində dindirilən hazırda da nazirliyinin müvafiq idarəsində maliyyə xidmət rəisi işləyən Tərlan Əliyev dindirilib. O bildirib ki, hadisələr zamanı Hərbi Akademiyada maliyyə xidmətinin rəisi olub:

“Maliyyə Nazirliyinin apardığı yoxlamalar zamanı işlədiyim dövrdə 1 milyon 500 min manat mənimsəmə müəyyən edilib. Həmin puldan 500 min manat mənə çatıb. Həmin məbləği tam olaraq ödəmişəm və ziyan qalmayıb".

Şahid deyib ki, Maliyyə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin təftiş şöbəsinin rəisi Rafael Xələfova 4 dəfəyə, hər dəfə 30-35 min manat olmaqla pul verib: “Bununla bağlı Dövlət Təhlükəsizliyi Xidmətində Rafael Xələfovla üzləşməmiz olub. Rafael Xələfov 2 dəfə pul götürdüyünü deyib. Lakin mən isə ona ayrı-ayrı vaxtlarda 4 dəfə pul verdiyimi demişəm. Üzləşmə zamanı dedim ki, birinci dəfə nazirliyin qabağında özünə, ikinci dəfə isə maşınla gələn şəxsə vermişəm. İki dəfə isə Rövşən Əliyev tərəfindən Rafael Xələfova pul göndərmişəm”.

Vəkillər və prokurorların suallarını cavablandıran şahid işlədiyi dövrdə 16 nəfər qohumunun adına əməkhaqqı kartı açdığını etiraf edib.

Lakin istintaq dövründə məlum olub ki, şahid Tərlan Əliyev 25 nəfər qohumunun adına əməkhaqqı kartı açıb. Həmin kartlar həyat yoldaşı, qardaşı, bacısı və digər yaxın qohumlarının adına olub.

Prosesdə şahid qismində dindirilən Elçin Mustafayev deyib ki, işlədiyi hərbi hissədə yoxlamalar zamanı 528 min manat ziyan müəyyən edilib və o məbləğin 170 min manatı ona çatıb:

“Zərərdən 25 min manat ödəmişəm. Evimi satılığa qoymuşam. Zərəri tam ödəcəyəm”.

Şahid tərəflərin suallarını cavablandıran zaman deyib ki, artıq pulları “ölü canlar” olan kart hesabları vasitəsilə mənimsəyiblər:

“Həmin kartların yaradılması barədə o vaxt Cəlal Kazımov göstəriş vermişdi. Amma müəyyən müddətdən sonra Cəlal Kazımov dedi ki, daha bu kartlardan istifadə etməyək. Bu kartlar vasitəsi ilə 15 min manat əlavə əməkhaqqı yazılıb. Bunun da 13 min manatını Cəlal Kazımova vermişəm".

Bu vaxt təqsirləndirilən Cəlal Kazımov şahidin ifadəsinə etiraz edib və onun yalan danışdığını bildirib.

Cəlal Kazımov ümumiyyətlə Elçin Mustafayevin fəaliyyətini yoxlamadığını deyib. O bildirib ki, Elçin Mustafayevin fəaliyyətini Rafael Xələfov yoxlayıb.

Cəlal Kazımov həmçinin, 2020-ci ilin yanvar-noyabr ayları ərzində ayrılan pulların siyahısını açıqlayıb.

Proses martın 1-də davam edəcək.

Qeyd edək ki, Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin (HHQ) Maliyyə Xidmətinin sabiq rəisi, polkovnik Cəlal Kazımov, Quru Qoşunların maliyyə idarəsinin rəisi Bayram Bayramov, Hərbi Hava Qüvvələrinin maliyyə xidmətinin sabiq rəisi Vüsal Əlizadə, Müdafiə Nazirlinin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi, polkovnik Mahir Şirvanov, həmçinin nazirliyin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi Məlikməmməd Qurbanov, nazirliyin mənzil istismar idarəsinin sabiq rəisi, polkovnik Fikrət Mirzəyev Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi xüsusi əməliyyat nəticəsində həbs ediliblər.

Təqsirləndirilən şəxslər dövlət büdcəsindən ayrılan pulları mənimsəməkdə ittiham edilirlər.

Xatırladaq ki, cinayət işi üzrə ümumilikdə dövlətə dəymiş ziyan 143 milyon manatdır.

Cinayət işləri ayrı-ayrı icraatlarda baxılması üçün məhkəməyə göndərilib. İstintaq dövründə dövlətə vurulmuş ümumi ziyanın 40 milyon manatı ödənilib.

Cinayət işi üzrə Maliyyə Nazirliyi zərərçəkmiş qismində tanınıb. Təqsirləndirilən şəxslərin hər biri Cinayət Məcəlləsinin 179.4-cü (xüsusi ilə külli miqdarda ziyan vurmaqla mənimsəmə törətmək) maddəsi ilə ittiham irəli sürülüb.




Paylaş:


Müəllif : Tarix:
24-02-2024, 18:34
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər