reklam
Regionxeberlericom.az » Dünya » Əl-Bağdadinin ölümü - başa çatan daha bir layihə

reklam

Əl-Bağdadinin ölümü - başa çatan daha bir layihə


İŞİD terrorçu qruplaşmasının qurucusu və lideri Əbu Bəkr əl-Bağdadi öldürüldü. Belə terror təşkilatları yenə olacaqmı, bu istiqamətdə terrorçuların fəaliyyəti başa çatdımı? Onlar niyə və hansı məqsəd üçün yaradılır?

Ümumiyyətlə, əl-Bağdadinin öldürülməsi ilə bağlı dəfələrlə məlumatlar yayılıb. Bunun əsl əl-Bağdadi olduğunu artıq ABŞ prezidenti Donald Tramp da təsdiqləyib. ABŞ prezidenti Ağ Evdə jurnalistlərə açıqlamasındə bildirib ki, oktyabrın 27-də İŞİD-in qurucusu sayılan Əbubəkir əl-Bağdadi Suriyanın İdlib əyalətinin Barişa kəndində ABŞ hərbçilərinin keçirdiyi əməliyyat nəticəsində bir tuneldə mühasirəyə alınıb. Nəticədə o, üzərindəki partlayıcını işə salıb, özü, iki həyat yoldaşı və üç uşağı ölüb. Donald Tramp terror qruplaşmasına qarşı mübarizəyə verdiyi töhfəyə görə Türkiyəyə və digər ölkələrə minnətdarlıq edib.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan özünün "Twitter"dəki səhifəsində yazıb: “İŞİD terror qruplaşması rəhbərinin zərərsizləşdirilməsi müttəfiqlərimizlə terrora qarşı ortaq mübarizəmizdə önəmli dönüş nöqtəsi olub. Türkiyə bundan əvvəl olduğu kimi, bundan sonra da terrora qarşı kəskin mübarizə aparmaqda davam edəcək”. Ərdoğan qeyd edib ki, Türkiyə İŞİD, PKK/YPG-PYD və terror qruplaşmaları ilə mübarizəyə daha çox töhfə verib: “Terrorizmə qarşı mübarizə müttəfiqlik ruhuna uyğun, qətiyyətli aparılsa, bəşəriyyət asayiş içində olacaq”.

Böyük Britaniyanın baş naziri Boris Conson İŞİD rəhbəri Əbu Bəkr əl-Bağdadinin öldürülməsini terrorçuluqla mübarizədə zəruri mərhələ adlandırıb.

Yeri gəlmişkən, İbrahim Avvad İbrahim Əli əl-Bədr (Əbu Dua və Əbu Bəkr əl-Bağdadi) 1971-ci il iyulun 28-də İraqın Samira şəhəri ətrafında anadan olub, 2019-cu il oktyabrın 26-da Suriyanın İdlib əyaləti yaxınlığında öldürülüb. Onun yaratdığı İŞİD terrorçu "Əl-Qaidə"nin törəməsidir. Bu terrorçu qruplaşma Suriya, İraq ərazilərinin bir hissəsinə nəzarət edirdi. Hazırda İŞİD-in Əfqanıstan və Liviyada fəaliyyət göstərdiyi bildirilir. İŞİD İordaniya, İsrail, Fələstin, Küveyt, Livan, Türkiyə və Rusiya ərazilərinə iddia edir. ABŞ Müdafiə Nazirliyinin məlumatına görə, 2001-ci il sentyabrın 11-də Nyu-Yorkda törədilən terror hadisəsindən sonra tutulub. İraqdakı Um-Qəsr düşərgəsində saxlanılan 20-26 min məhbusdan biri olub. 2009-cu ildə düşərgə bağlandıqdan sonra əl-Bağdadi təyyarə ilə İraq paytaxtına yola salınıb, oradan isə sərbəst buraxılıb. İran, İordaniya, Səudiyyə Ərəbistanı və başqa ölkələrdəki məşhur din xadimləri özlərini Məhəmməd peyğəmbərin qohumu kimi təqdim edirlər. İŞİD lideri də Əbu Bəkr əl-Bağdadi əl-Hüseyni əl-Haşimi əl-Qüreyşi adlanıb. Onun barəsində yayılan məlumatlarda o da bildirilib ki, əl-Bağdadiyə Bağdad Universitetinin İslamşünaslıq üzrə doktorluq dərəcəsi verib. Onun bir neçə dəfə yaralandığı bildirilir. Rəsmi və qeyri-rəsmi məlumatlara görə, əl-Bağdadinin öldürülməsi barədə 14 dəfə məlumat yayılıb.

Bu arada İŞİD liderinin ölümü son on ildə öldürülən başqa terrorbaşılarını da yada saldı. "Əl-Qaidə"nin öldürülmüş lideri Üsamə bin Laden 1957-ci il martın 10-da Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində milyarder Məhəmməd ibn Avad bin Ladenin ailəsində anadan olub. O, Yəmənin kinditlər sülaləsindən olub. Atası 2011-ci il mayın 2-də Pakistanda, Abbotabad əyalətində öldürülüb. O, 2001-ci il sentyabrın 11-də ABŞ-da törədilən terror aktlarına, ABŞ-ın Afrikadakı səfirliklərinə hücuma və başqa terror fəaliyyətlərinə görə ittiham olunurdu. Onun ABŞ-da xüsusi təlim keçdiyi barədə məlumatlar da var. O, 1979-cu ildə təhsili buraxaraq Pakistanda Abdulla Azzama qoşulur. 1979-1989-cu illərdə ABŞ və Səudiyyə Ərəbistanının 40 milyard dollar xərclədiyi “Siklon” əməliyyatında 100 minə yaxın döyüşçü iştirak etmişdi. Onlar sovet ordusuna qarşı mübarizə aparan mücahidlər sayılırdı və onlardan biri də Üsamə bin Laden olub. ABŞ-ın Federal Təhqiqat Bürosu Üsamə bin Ladenin başına 25 milyon dollar mükafat ayırmışdı. O da ABŞ hərbçiləri tərəfindən sığınacaqda ailəsi ilə bir yerdə zərərsizləşdirilmişdi. Hadisədən sonra Üsamə bin Ladenin ailə üzvlərinin bir müddət İranda qaldığı barədə məlumatlar da yayılmışdı. O, 1989-cu ildə ölkəsinə qəhrəman kimi dönmüşdü. Sonrakı illərdə onun ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin əməkdaşları ilə görüşdüyü bildirilir. Bu, Üsamə bin Ladenin ömür yolu ilə bağlı bəzi məqamlar idi. O, terrorçu “Taliban” qruplaşmasının lideri Molla Ömərlə 1996-cı il mayın 18-də görüşüb. Həmin il Üsamə bin Laden ABŞ-a qarşı müharibəyə dair fətva verib. Bundan sonra aktiv şəkildə terror fəaliyyətinə başlayıb.

Molla Ömər isə milliyyətcə puştundur. Xaotaki sülaləsinin qilzay tayfasından olub. 1900-cı ilin ortalarında Pakistanda ikihəftəlik kurs keçib. 1979-cu ildə Əfqanıstanda sovet qoşunları və onun Kabulda qurduğu hakimiyyətə qarşı mübarizəyə başlayıb. Sovet qoşunları çıxdıqdan sonra 1989-cu ildə Sanqsar məscidinin imamı olub. 1996-2001-ci illərdə Əfqanıstanın başçısı olub. Bu müddətdə Kabulda yalnız 4 dəfə görünüb, əsasən, Qəndəharda oturub. Onun barəsində informasiya verən şəxsə 10 milyon dollar vəd edilmişdi. Döyüşlərdən birində gözünün birini itirmişdi. Onun 4 həyat yoldaşı olub. Üsamə bin Laden öldürüləndən üç həftə sonra, 2011-ci il mayın 23-də Pakistanın Kvetta şəhərində öldürüldüyü bardə məlumat yayılsa da, Əfqanıstanın xüsusi xidmət orqanları ilk dəfə 2015-ci ildə onun öldüyünü rəsmi olaraq elan etdi.

Əslində, bu üç terrorçu Həsən Sabbahı da xatırladır. O, Ələmut qalasında yaratdığı Nizari İsmaililər dövlətinin ilk hökmdarı (hakimiyyət illəri: 1090-1124) olub. Əsl adı Həsən ibn əs-Sabbahdır. 1055-ci ildə İranda, Qum şəhərində dünyaya gəlib. İranda səlcuqların sarayında məşhur vəzir Nizamülmülkün əmrində işə başlayıb. Bəzi iddialara görə, Nizamülmülk, Ömər Xəyyam və Həsən Sabbah səlcuqlara və türklərə qarşı mübarizə aparıblar. Sabbah türklərlə mübarizə üçün çox orijinal metod seçir: türklərin Adəmdən əmələ gəlmədiyini elan edir. Onlar cindən törəyiblər və onlara xidmət edənləri öldürməklə cənnətə düşmək olar. Beləliklə, Həsən Sabbah, Molla Ömər, Üsamə bin Laden və Əbu Bəkr əl-Bağdadi tərəfdarlarına “şəhadətlə cənnətə düşəcəklərini” vəd ediblər. İslam düşüncəsinə görə, onların bu tezisləri daha şəxsi hikkəyə söykənir. Onları birləşdirən başqa keyfiyyət isə hamısının imkanlı, varlı ailədən olmaları idi. Sabbahın türk düşmənçiliyi sələflərində də var. Bu baxımdan, onları türk düşməniliyi də birləşdirir. Başqa sözlə, İslam dünyasında min ildən sonra türk düşmənçiliyi bu üçlükdə yenidən üzə çıxdı. Davranışları və əməllərindən belə görünür ki, əvvəllər başqa bir dövlətə qarşı onlardan istifadə edilib. Sonralar isə bumeranq effektinin alındığı ehtimalı az deyil. Sabbahın davamçıları min ildən sonra başqa şəkildə, fərqli hikkə, hədəf və himayədarla ortaya çıxırlar. Hazırda dünyanın bir çox ərazilərində onlar bu və ya başqa şəkildə fərqli adlarla fəaliyyət göstəririlər.

Terror qruplaşması İŞİD-in yeni lideri Hacı Abdullah əl-Afari ləqəbli Abdullah Qardaş elan olunub. Onun Suriyada, Tel Afərdə anadan olduğu bildirilir. Əl-Bağdadinin İdlibdə öldürülüməsi, yaxud intiharı bir məsələ barədə şübhələnməyə əsas verir. Bu şəhər Suriyanın şimal-qərbində, Suriya-Türkiyə sərhədindən 25 km aralıda yerləşir. Bu bölgədə Türkiyə və Rusiyanın müşahidə məntəqələri fəaliyyət göstərəcək. 2017-ci ilin iyulunda “Cəbhət ən-Nusra” İdlibi işğal edib. Son günlər Rusiya və Bəşşar Əsədə bağlı hərbçilərin İdlibə nəzarəti ələ keçirəcəkləri barədə məlumat yayılıb. Hazırda bölgənin hava məkanına Rusiya nəzarət edir. Ona görə də ehtimal etmək olar ki, ABŞ əl-Bağdadinin Rusiyanın əlinə keçməsinin qarşısını almaq üçün onu öldürüb. Rusiyanın İŞİD liderini məhv etməsi və diri tutması Moskva üçün Suriya məsələsində böyük üstünlük verə bilərdi.

Nəhayət, terrorçuların fəaliyyəti və ya onların ailə üzvlərinə münasibət alman faşistlərinin davranışını xatırladır. Məlumatlara görə, əl-Bağdadi iki həyat yoldaşı və üç uşağını da öldürüb. İkinci Dünya müharibəsi başa çatan ərəfədə Nasist Almaniyasının təbliğat naziri, Hitlerin ən yaxın dostlarından və ən sadiq tərəfdarlarından olan Jozef Göbbels altı uşağını zəhərləyərək öldürmüşdü. Bu müəmma 75 ilə yaxındır açılmır. Molla Ömərin vərəmdən öldüyünü deyirlər. Onun, Üsamə bin Ladenin ölümləri və fəaliyyətlərinin görünməyən tərəfləri, Rusiyanın əməliyyatı ərəfəsində əl-Bağdadinin ailə üzvləri ilə birlikdə ölümü və əməlləri tarixdəki sirli hadisələrin sayını artırdı. Deyir “Ay başa çatanda onu doğrayıb ulduz edirlər”. Belə müəmmalı layihələr də başa çatandan sonra böyük qruplaşmaların fəaliyyəti və liderlərinin ölümü yeni müəmmalar yaradır.


Paylaş:


Müəllif : Tarix:
28-10-2019, 15:39
Sikayət   


loading...
Загрузка...