reklam
Regionxeberlericom.az » Dünya » “Su müharibələri” regional təhlükəsizliyə yeni təhdidlər yaradır” - Politoloq

reklam

“Su müharibələri” regional təhlükəsizliyə yeni təhdidlər yaradır” - Politoloq

"Qırğızıstan ilə Tacikistan arasında baş verən hərbi-siyasi qarşıdurma XXI əsrdə su probleminin milli, regional və beynəlxalq təhlükəsizlik kontekstində aktual strateji məsələlərdən olduğunu bir daha təsdiqlədi. Biz növbəti dəfə su təhlükəsizliyi ətrafında cərəyan edən proseslərin dövlətlərarası münasibətlərə bu və ya digər formada çox ciddi təsir göstərdiyini müşahidə etdik".

Bu barədə politoloq Nurlan Qələndərli bildirib.

O qeyd edib ki, dünya əhalisinin sayının artması, şirin su ehtiyatlarının azalması və digər bir sıra amillər qlobal miqyasda su təhlükəsizliyi məsələsi ətrafında müxtəlif siyasi proseslərin cərəyan etməsini şərtləndirir:

"İndi enerji, ekoloji, ərzaq təhlükəsizliyi ilə yanaşı, su təhlükəsizliyi də qlobal gündəmin əsas müzakirə predmetlərindən biridir. Ümumiyyətlə, bu məsələ ətrafında müşahidə edilən prosesləri, əsas etibarilə, 2 aspektdən dəyərləndirmək olar. Birincisi, su diplomatiyası: bu, ayrı-ayrı regionlarda müxtəlif ölkələr arasında su resurslarından istifadə, yeni su mənbələrinin aşkar olunması, mübadilə prosesi, su ticarəti və digər məsələlər ətrafında diplomatik təmasları özündə ehtiva edir. İkincisi, su ehtiyatları uğrundə mübarizə fonunda ayrı-ayrı ölkələr arasında mövcud olan ziddiyyətlərin pik həddə çataraq siyasi qarşıdurma səviyyəsinə yüksəlməsidir ki, bu da “su müharibəsi” anlayışı ilə xarakterizə edilir. Ümumiyyətlə, ölkələr arasında su müharibələrinin səbəblərindən danışarkən, eyni zamanda, subyektiv faktorları da xüsusi vurğulamaq gərəkdir. Daha dəqiq desək, bir sıra güc mərkəzləri öz iqtisadi-ticari imkanlarını və maliyyə güclərini artırmaq məqsədilə ayrı-ayrı regionlarda su elektrik stansiyalarının tikilişi, su layihələrinə investisiya qoyulması, kreditlər verilməsi və digər addımlar atırlar. Bu addımlar bir sıra hallarda həmin regionlarda yerləşən ölkələr arasında su təhlükəsizliyi kontekstində yeni anlaşmazlıqların, ziddiyyətlərin meydana çıxmasını şərtləndirir. Nəticə etibarilə, siyasi konfliktlər meydana çıxır və regional təhlükəsizliyə yeni təhdidlər yaranır".

Politoloqun sözlərinə görə, nüfuzlu strateji tədqiqat mərkəzlərinin analitik hesabatlarına nəzər saldıqda görünür ki, hazırda su təhlükəsizliyi ilə əlaqədar riskli regionlar sırasına daha çox Yaxın Şərq, Şimali Afrika və Mərkəzi Asiya daxildir:

"Təbii ki, biz bu bölgələrdə zaman-zaman pik həddə çatan siyasi mübahisələrin hərbi-strateji qarşıdurma formasına keçməsini görə bilərik. Çünki su ehtiyatlarından səmərəli istifadə olunması, su çatışmazlığının qarşısının alınması hər bir ölkənin milli təhlükəsizlik strategiyasının çox mühüm istiqamətlərindən biridir. Ona görə də milli dövlətlər su təhlükəsizliyinin təmin olunmasını strateji prioritet kimi müəyyənləşdirirlər və bu məsələdə hər hansı bir güzəşti nəzərdə tutmurlar.

Bütövlükdə düşünürəm ki, biz XXI əsrin geostrateji mənzərəsini müəyyənləşdirərkən su təhlükəsizliyi, su diplomatiyasi və "su müharibələri" anlayışlarını nəzərdən qaçırmamalıyıq. Çünki artıq su təhlükəsizliyi enerji təhlükəsizliyi qədər aktualdır, su diplomatiyası da enerji diplomatiyası qədər vacib məsələlərdən biridir. Hesab edirəm ki, gələcəkdə bəşəriyyətin təhlükəsizliyinin, eyni zamanda, regional və qlobal miqyasda dayanıqlı sülhün yaradılması üçün su təhlükəsizliyi ilə bağlı məsələlərin ölkələrin və dövlətlərin təbii-coğrafi şəraitləri, mövcud resursları, milli maraqları və sosial-iqtisadi vəziyyətləri nəzərə alınmaqla həll olunması lazımdır. Burada da milli dövlətlərin strateji məsuliyyəti və reallaşdıracağı layihələrlə yanaşı, beynəlxalq təşkilatların da müvafiq təşəbbüs irəli sürmələri vacibdir".


Paylaş:


Müəllif : Tarix:
3-05-2021, 12:14
Sikayət   


loading...
Загрузка...