reklam
Regionxeberlericom.az » Dünya » “HÜCUMA KONKRET HAZIRLIQ MÜŞAHİDƏ EDİRƏM...” - Amerikanlar Rusiyanın Ukraynaya hücumunu gözləyirlər

reklam

“HÜCUMA KONKRET HAZIRLIQ MÜŞAHİDƏ EDİRƏM...” - Amerikanlar Rusiyanın Ukraynaya hücumunu gözləyirlər









Rusiyanın Ukraynaya hücum təhlükəsi haqqında ABŞ Dövlət Departamentinin hesabatları Amerika və Avropa ekspertləri arasında qızğın mübahisələrə səbəb olub: bu xəbərdarlıqlar əsaslıdır, yoxsa yox? Gərginlik nə vaxt baş verə bilər - yaxın günlərdə, yoxsa yazda?

Bayden administrasiyası nə etməlidir: Kiyevi güzəştə getməyə məcbur etməli, Moskvanı təxribatlara qarşı sərt addımlarla hədələməli, yoxsa heç nə olmamış kimi Kremllə dialoqu davam etdirməlidir?

"AzPolitika.info" "BBC Azərbaycanca"ya istinadən bu mübahisələrdəki əsas arqumentləri təqdim edir:

Noyabr ayında Amerikanın "Politico" və "Bloomberg" nəşrləri Rusiya qoşunlarının Ukrayna sərhəddində dislokasiyası haqqında yazdılar. Bu xəbərlərdən sonra ABŞ-ın Dövlət katibi Entoni Blinken Rusiyanın Ukrayna ərazisinə hücum edəcəyi təhlükəsindən danışdı, Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Uliam Börns isə Rusiya Prezidenti Vladimir Putinlə bu haqda danışmaq üçün Moskvaya uçdu.

Rəsmi Vaşinqton Rusiyanın mümkün aqressiyası barədə NATO-dakı müttəfiqlərini və Ukraynadakı partnyorlarını da xəbərdar etdi. Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəhbəri Kirill Budanov bu məlumata əsaslanaraq mümkün müdaxilənin tarixini də açıqladı: 2022-ci ilin fevral ayı. O, Ukrayna sərhəddində 92 min nəfərə yaxın rus əsgərinin yerləşdirildiyini bildirdi. Hərçənd həmin müsahibədə təqdim edilmiş Ukrayna hərbi xəritəsində rusların regionda 40 taktiki batalyonu olduğu göstərilmişdi. Bu isə 36 min nəfərlik şəxsi heyət deməkdir.



Rəsmi Moskva ardıcıl şəkildə bu məlumatları təkzib edir. Rusiyalı məmurların sözlərinə görə, Qərb bu ittihamları Rusiya sərhədindəki aqressiv planlarını ört-basdır etmək üçün səsləndirir.

Noyabr ayının sonlarından etibarənsə bu ölkənin həm məmurları, həm də diplomatları Amerikanın müharibə təhlükəsi iddialarına daha sərt cavablar verməyə başlayıblar.

Rusiya Xarici Kəşfiyyat Xidməti (XKX) situasiyanı 2008-ci ildə baş vermiş Rusiya-Gürcüstan müharibəsiylə müqayisə edib, Amerika hökumətini intensiv şəkildə dünya ictimaiyyətini qorxutmaqda günahlandırıb.

ABŞ-ın Dəniz Analiz Mərkəzinin Rusiya proqramının rəhbəri Miçel Kofman BBC-yə açıqlamasında deyib ki, Vaşinqtonun Rusiya tərəfdən gələcək aqressiya təhlükəsi barədə bəyanatı mövcud situasiyaya adekvatdır. Onun sözlərinə görə, narahatlıq doğuran səbəblərdən biri hərbi birləşmələrin Ukrayna sərhədində müəyyən qədər gizli dislokasiyasıdır. Diplomatiyaya yer qoymaq üçün əvvəllər bu manevrlər daha açıq şəkildə həyata keçirilirdi. "Hər şey onların genişmiqyaslı hərbi əməliyyata hazırlaşdığını göstərir" - ekspert belə deyir.

ABŞ-ın Xarici Siyasət üzrə Araşdırma İnstitutunun eksperti, Amerika ordusunun keçmiş dəniz piyadası Rob Lee də onunla həmfikirdir: "Rusiya qoşunlarının yaz aylarındakı konsentrasiyasından fərqli olaraq hazırda Ukrayna sərhədində daha qapalı hərəkətlənmə var".

Kofman eskalasiya üçün iki əsas səbəb olduğunu düşünür: 

Birincisi, rəsmi Moskvanın Ukraynayla bağlı diplomatiyadan, Zelenskiylə razılığa gəlməkdən əlini üzməsi;

İkincisi, Ukraynanın NATO ilə daha aktiv əməkdaşlıq etməsi, ölkə ərazisində bu qurumun təlim mərkəzlərinin yerləşdirilməsi.

Ekspertin sözlərinə görə, optimist nəzər nöqtəsindən situasiyanı belə şərh etmək olar: Rusiya qoşunlarını Ukrayna sərhədinə toplamaqla Qərbi və rəsmi Kiyevi danışıqlar masasında onun mövqeyinə daha diqqətli yanaşmağa məcbur etmək istəyir.

Kofman "Twitter"də "Putin blef edir, yoxsa yox" mövzusu ətrafında aktiv diskussiyalar getdiyini bildirir: "Mən hərbi analitik olaraq hücuma hazırlıqla bağlı konkret göstərişlər müşahidə edirəmsə, buna blef kimi yanaşmağı məsləhət görə bilmərəm".

Kofman Ukraynada 2008-ci ildəki Rusiya-Gürcüstan müharibəsinin təkrarlanmasını mümkün ssenari hesab edir və Rusiyanın məqsədini belə formulə edir: "Ukraynanı yeni siyasi razılaşmaya məcbur etmək üçün onun hərbi potensialını məhv etmək, Rusiyanın tələblərinin qəbuluna nail olmaq və sonra da qoşunları ordan çıxarmaq".

Kofmandan fərqli olaraq Rob Lee rəsmi Vaşinqtonun yeni müharibə təhlükəsindən məhz noyabr ayında danışmağa başlamasını izah edəcək informasiyaya malik deyil. O, bugünkü böhranın hələ ilin əvvəlindən başlamış proseslərin nəticəsi olduğunu və Rusiya qoşunlarının Ukrayna sərhədi yaxınlığına mart-aprel ayında toplaşdığını xatırladır.

Aprelin sonlarında Rusiya qoşunları geri çəkdiyini açıqlamış, Bayden administrasiyası isə sentyabr ayında bildirmişdi ki, Ukrayna sərhədində 80 min rus əsgəri qalmaqdadır. "NATO məmurlarını məhz nəyin narahat etdiyini, mümkün hərbi əməliyyatla bağlı onların niyə konkret tarix açıqladıqlarını demək çətindir" - Lee belə deyir və əlavə edir ki, rəsmi Vaşinqtonun xəbərdarlığı başqa faktorlarla - məsələn, ordu birləşmələrinin dislokasiyasından fərqli olaraq sputnik şəkillərində yaxşı görünməyən hərbi sursat daşımalarıyla bağlı ola bilər.



Lee mümkün eskalasiyada 2008-ci il Rusiya-Gürcüstan müharibəsindəki ssenarinin təkrarlana biləcəyini düşünür. O zaman Rusiya qoşunları Gürcüstan ərazisinin Abxaziya və Cənubi Osetiya sərhədləri daxilində işğalıyla kifayətlənmişdilər.

"Ola bilsin, Rusiya NATO və rəsmi Kiyevin davranışlarını dəyişməyə çalışır və öz məqsədinə hədə və ya minimum güc tətbiqiylə nail olmaq istəyir. Bu, yerüstü hücum əməliyyatından və ya raket sistemləri və qanadlı raketlər vasitəsilə intensiv artilleriya atəşindən, üstəgəl Ukrayna mövqelərinə ballistik raket hücumlarından ibarət olar bilər," - Rob Lee belə deyir.

Amerikalı həmkarlarından fərqli olaraq Britaniya mütəxəssisləri nisbətən skeptik mövqe sərgiləyirlər. Politoloq Mark Galeotti "Moscow Times" üçün yazdığı məqaləsində xatırladır ki, yazda da çoxları Rusiyanın tezliklə Ukraynaya hücum edəcəyini deyirdilər. O, hazırda əlçatan olan publik informasiyanın amerikalıların ritorikasındakı eskalasiya mövzusuna adekvat olmadığını yazır və əlavə edir ki, əsas səbəb gizli kəşfiyyat məlumatları ola bilər. O həmçinin qeyd edir ki, adətən, situasiyaya görə hərəkət edən Kreml nadir hallarda detallı planı qurur. Müharibənin 2022-ci ilin fevral ayında başlayacağıyla bağlı fikirlərsə bəlkə də heç mövcud olmayan planlaşdırmaya istinad edir.

"Rusiyanın Ukraynaya hücumuyla bağlı qorxular zaman-zaman baş qaldırır. Sərhəddə qoşunların ciddi səviyyədə konsentrasiyası var, amma bu, hücum üçün yetərli deyil. Ola bilsin, əsas məqsəd Ukraynanı çəkindirmək, Donbasdakı separatçılara qarşı hərəkətə keçməməyə inandırmaqdır", - Britaniyanın tanınmış hərb tarixçisi, ser Lavrence Freedman "Twitter"də belə yazıb.

London İqtisadiyyat Məktəbinin aspirantı Ceff Haun "Foreign Policy" jurnalındakı məqaləsində yazır ki, Rusiya ordusunun Ukraynaya hücum edəcəyilə bağlı deyilənlər cəfəngiyyatdır: "Mətbuatın və bəzi hökumətlərin məsuliyyətsiz davranışı: həyəcanlı başlıqlar dərc edən "Bloomberg"in genişmiqyaslı hücumla bağlı xəbərindən tutmuş Ukraynanın ərazi bütövlüyünü qorumaq vədlərinə qədər hər şey bu mürəkkəb regionda gərginliyi daha da artırır.

Qərb ekspertləri arasında qızğın müzakirələrə səbəb olan məqamlardan biri də budur: rəsmi Vaşinqton və Brüssel müharibənin qarşısını almaq üçün nə etməlidirlər?

Dövlət Departamentinin keçmiş əməkdaşı, RAND korporasiyasının araşdırmaçısı Samuel Şarapın "Politico" jurnalında dərc olunmuş məqaləsi bu müzakirələri daha da alovlandırıb. Şarap hesab edir ki, ABŞ Donbas problemini "qamçı və kökə" siyasətiylə həll etməyə çalışır, amma nəticə etibarilə Moskvanın payına ancaq qamçı düşür, Ukraynaya isə həmişə kökə verilir. 7 il ərzində sülh prosesində heç bir irəliləyiş olmadığını xatırladan ekspert yazır ki, rəsmi Vaşinqton yeni taktikaları sınaqdan keçirməlidir.

Şarap düşünür ki, variantlardan biri Minsk razılaşmasının ona aid olan hissəni yerinə yetirməsi üçün rəsmi Kiyevə təzyiq etmək ola bilər. O, razılaşmadakı şərtlərin Ukraynaya silah gücünə qəbul etdirildiyini etiraf edir, bununla belə, düşünür ki, diplomatiya istiqamətində ciddi iradə nümayiş etdirmək gərginliyi azalda bilər.

Ekspert yazır ki, qurbanı aqressorun şərtlərini yerinə yetirməyə məcbur etmək ABŞ-ın prinsiplərinə ziddir. Amma Ukrayna daha əvvəl imtina etdiyi addımları atarsa, bu, rəsmi Moskvaya deeskalasiya qərarı verərək qoşunları sərhəddən kənara çəkmək və danışıqlar masasına oturmaq məcburiyyəti yarada bilər.

Qərbli opponentləri Şarapı təslimçilikdə, yumşaltma siyasətində və Kremlin ideyalarının təbliğində ittiham ediblər. Ukraynanın Avstriyadakı keçmiş səfiri, hazırda "Naftoqaz" rəhbərinin məsləhətçisi olan Aleksandr Şerba isə öz "Twitter" hesabında onun "Putinin cibində" olduğunu yazıb.

Elə rəsmi Vaşinqton da Kiyevlə həmrəy olmaqda israrlıdır. Çərşənbə günü Prezident Bayden Ukraynanın suverenliyinə və ərazi bütövlüyünə dəyişməz dəstəyini bir daha vurğulayıb. Dövlət Departamenti rəhbərinin müavini Viktoria Nulandsa ukraynalı həmkarlarına ABŞ-ın sarsılmaz dostluğundan danışıb. "Amma amerikalı məmurlar Vaşinqtonun ata biləcəyi konkret addımlar və Rusiyanın onlara reaksiyası barədə heç danışmamağa üstünlük verirlər" - "New York Times" belə yazır.

Qəzet həmçinin qeyd edir ki, hazırda Ağ Ev avropalı partnyorlarıyla yeni sanksiyaların mümkün olub-olmadığını müzakirə edir, Rusiyayla əlaqələrdə diplomatik kanallardan istifadə etməyə çalışır və Baydenlə Putin arasında yeni görüşü istisna etmir. İki lider arasında görüşün mümkünlüyü barədə noyabrın əvvəllərində "Kommersant" qəzeti də yazmışdı.

"Bayden administrasiyası heç qibtəolunacaq vəziyyətdə deyil. İstənilən seçimin öz çətinlikləri olacaq. Zəif görünərsə, Rusiya bundan həvəslənə və aqressivləşə bilər. Ukraynaya hərbi tədbirlərlə gücləndirilməmiş dəstək siqnallarının göndərilməsi isə ABŞ-ın avtoriteti və reputasiyasını sual altına qoya bilər. Bu, digər partnyorlarımız və müttəfiqlərimiz qarşısındakı öhdəliklərimizin etibarlılığı kimi daha böyük məsələlərə toxunur" - Miçel Kofman belə yazır.



Bayden administrasiyası Ukraynaya təzyiq etməyə hazırlaşmadığı kimi, Rusiyayla da toqquşmaq istəmir. Ötən həftə "Washington Post" qəzetinə məlum olub ki, Ağ Ev Pentaqondan Amerika ordusunun Rusiyanı çəkindirmək üçün Avropada keçirdiyi təlimlər haqqında məlumat verməyi tələb edib. Bu təlimlər uzun illərdir ki, Kremlin etirazlarına səbəb olurdu və onların nəzarətə alınması Rusiyayla daha bir konfrantasiyadan yayınmaq cəhdi ola bilər.

Bu arada CNN-in mənbələri Ağ Evdə Ukraynaya silah, o cümlədən tank əleyhinə "Javelin" kompleksləri və MANPADS "Stinger" silahları verilməsinin davam etdirilib-etdirilməməsi barədə müzakirələr getdiyini bildiriblər. Telekanalın məlumatına görə, Pentaqon yeni partiyanın göndərilməsində israr edir, amma administrasiyanın digər məmurları rəsmi Moskvayla münasibətləri gərginləşdirəcək addımlar atmaqdan çəkinməyin tərəfdarıdırlar.

"Washington Post" qəzetinin köşə yazarı David İgnatius hesab edir ki, Rusiya ordusunun Ukrayna sərhədindəki dislokasiyasına rəğmən, Bayden administrasiyası Rusiyayla daha sabit və proqnozlaşdırıla bilən siyasi kursu davam etdirməlidir: "Administrasiya Ukraynanın şərqində müharibənin bitməsi üçün Minsk razılaşmalarının bərpası istiqamətindəki instinkti üzrə hərəkət etməlidir - hətta bu yoldan çəkilmə onminlərlə Rusiya və Ukrayna əsgəri tərəfindən bloklanmış olsa belə. Amerika diplomatiyası bütün gücüylə fəaliyyət göstərəndə belə maneələri dəf edə bilir".




Paylaş:


Müəllif : Tarix:
5-12-2021, 08:44
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər